Azərbaycan yığmasına dəvət alan partiya sədri - SÖHBƏT

"Atam qarşımda şərt qoydu”

"Bildirdi ki, Banşevski kimi futbolçu olmaq istəyirsənsə, mən də razıyam. Yox əgər ola bilməyəcəksənsə, bu gündən futbol bitdi"

Adətən sentyabr-oktyabr aylarında kütləvi informasiya vasitələrinin həyatında yeni bir mərhələ başladığı və qəzetlərin alıcılıq qabiliyyəti artdığı üçün hər bir mətbu orqan öz səhifələrində müxtəlif rubrikalarla oxucuların görüşünə gəlir. "OLAYLAR" qəzeti olaraq biz də yeni mövsümdə oxucularımıza "Siyasilərlə siyasətdən kənar söhbət" rubrikasını təqdim etməyi düşünürük. Həftənin çərşənbə günləri oxucuların ixtiyarına verilən bu rubrikada siyasət adamları, millət vəkilləri, eləcə də bu qəbildən olan digər tanınmış simalarla siyasətdən kənar söhbət edəcəyik. "OLAYLAR"-ın "Siyasilərlə siyasətdən kənar" rubrikasının ilk qonağı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.

Gözümüzün qarşısında qanundan kənar işlər olub

-Əli Əliyevin siyasətdən kənar məşğuliyyəti nədən ibarətdir?

-Siyasətdən kənar məşğuliyyətim müəllimlikdir. Mən Azərbaycan Tibb Universitetində müəllim işləyirəm. Təxminən 17 ildir ki, auditoriyada tələbələrin, gələcək həkimlərin hazırlığı üçün nəzəri fənlərdən birini tədris edirəm. Siyasətdən kənar əsas vaxtım ora gedir. Çünki dərsə hazırlığın özü bir prosesdir. Tələbə qarşısına çıxmaq, fənn tədris etmək müəyyən hazırlıqlar tələb edir.

-Tələbələrlə ünsiyyətinizi hansı formada qurursunuz?

-Tələbələrlə ünsiyyətim normaldır. Dərs dediyim müddətdə heç kim məni ədalətsizlikdə ittiham edə bilməz. Hamı bilir ki, onları danlamağım, bəzi sərt rəftarım məhz onların özlərinin maraqlarına xidmət edən davranış üslubudur. Bu yaşda olan gənclər bir çox hallarda valideyn himayəsi altında olaraq həyatın gərginlikləri, çətinliklərini bilmirlər. Mənim borcumdur ki, onları ayıldım, tədris dövrünün insanın həyatında nə qədər vacib olduğunu diqqətlərinə çatdırım. Onlara izah etməyə çalışıram ki,  gələcək həyatları bu gün tələbə auditoriyalarında formalaşan bilik üzərində olacaq.

-Xarici görünüş baxımından sakit, mülayim təsiri bağışlayırsınız. Belə bir söz də var ki, bu cür insanlar uşaq vaxtında həddən artıq dəcəl olurlar. Maraqlıdır Əli Əliyevin uşaqlığı necə keçib?

-Uşaq vaxtı o qədər də dəcəl olmamışam. Ancaq təbii ki, oğlan uşağına xas dəcəlliklərimiz də olub. Uşaqlıqda futbol oynamağı çox sevirdim. Gün ərzində 8-10 saat fasiləsiz futbol oynaya bilirdim. Bununla  energimi futbola sərf edirdim. Ona görə də dəcəllik etməyə enerji qalmırdı.  Açığını deyim uşaq vaxtı sözəbaxan olmuşam. Xüsusilə atamızdan çəkinmişik. Dəcəllik etməməyimizin bir səbəbi də bir növ ondan ehtiyatlanmağımız olub. Davranışı, bizimlə ünsiyyətdə nələri etməli olduğumuzu bizə izah edib. Ancaq heç vaxt bizə fiziki təzyiqi olmayıb. Böyüdüyüm məhəllə o vaxtkı Bakı standartarına görə, dəcəl məhəllə olub. Gözümüzün qarşısında qanundankənar işlər də olub.

-Hansı məhəllədə yaşamısınız?

-Bakıda Montin qəsəbəsində böyümüşəm. Orada məşhur Abşeron deyilən bir məhəllə vardı.

-Uşaq vaxtı yəqin ki, dava etdiyiniz məqamlar da olub.

-Bəli olub.

-Daha çox döymüsünüz, yoxsa döyülmüsünüz?

-Uşaqlıqda hər şey olub. Döyən vaxtımız da olub, döyülən vaxtımız da. Ancaq döyüldüyümüz zaman da heç vaxt təslim olmamışıq. Çalışmışıq ki, sona qədər vuruşaq, bizə yetirilən xəsarətin əvəzini çıxaq. Çox kiçik yaşlarında atamız bizə deyərdi ki, heç vaxt döyülməyin, döyülüb üstümə gəlməyin..Gücünüz çatmayana nə ilə olur-olsun mütləq qalib gəlməyi bacarın. Əlinizin altına nə keçdisə ona qalib gəlmək üçün istifadə etmək məqbuldur. Atamın bizə bir sözü vardı ki, kişi heç vaxt döyülməz. O söz bu günə qədər mənim yadımdadır.

-Asudə vaxtlarınızı necə keçirirsiniz? Boş vaxtlarınızı ailənizə, yoxsa dostlarınıza sərf edirsiniz?

-Adətən sərbəst vaxtlarımı ailəmlə keçirməyi xoşlayıram. Çalışıram ki, ailəyə ayıracağım vaxt digər insanlara ayıracağım vaxtdan az olmasın. Çünki ailə diqqət tələb edir. Mənim  əsas dostlarım iş yerimdədir. Bizim partiyada mənəvi bağlılıqlar da var. Burada olan insanlarla münasibətlərimiz dost, yoldaşlıq münasibətləridir. Tələbəlik, uşaqlıq həyat dostlarım da var və onlarla da vaxtaşırı görüşürük. Ancaq futbola böyük həvəsim olduğu üçün futbol oyunları olanda digər istiqamətlərə ayırdığım vaxtın bir hissəsini futbola sərf edirəm. Çalışıram ki, maraqlı futbol oyunlarını buraxmayım və onlara tamaşa edim.

Azərbaycan yığmasına dəvət almışam

-Ailədə necə mühafizəkarsınız?

- Kifayətqədər. Bizim partiyanın rəhbərliyində olan insanların demək olar ki,  hamısı təbiət etibarilə mühafizəkardır. Hesab edirəm ki, azərbaycançılığın kökündə bizi xarakterizə edən keyfiyyətlər daxilində məhz mühafizəkarlıq, adət-ənənələrimiz üstünlük təşkil edir. Onu da qoruyub-saxlamaq, gələcək nəslə ötürmək bizim borcumuzdur

-Bəs futbol oynamaq necə?

-Uşaq vaxtı yaxşı futbol oynamışam. Hətta 1983-cü ildə, yeniyetmə zamanı Azərbaycan yığmasına dəvət almışam. O vaxt Daşkənddə SSRİ birinciliyi olmalıydı və Azərbaycan yığması da ora getməli idi. Həmin vaxt mən 9-cu sinifdə oxuyurdum. Futbola böyük diqqət ayırdığım üçün dərsləimdə boşluq yaranmışdı ki, bundan da atam xəbər tutdu. Məni yanına çağırıb seçim təklif etdi və qarşımda şərt qoydu. Bildirdi ki, Banşevski kimi futbolçu olmaq istəyirsənsə, mən də razıyam. Yox əgər ola bilməyəcəksənsə, bu gündən futbol bitdi.Atam mənə düşünməyə bir gün vaxt verdi. Mənə verilən seçimin çox məsuliyyətli olduğunu nəzərə alaraq ikinci variantı seçməli oldum.  Ölkə yığmasına dəvət edilən bir adam butsilərini mismardan asmaq məcburiyyətində qaldı. Təssüflər olsun ki, bu gün istədyim kimi futbol oynamağa nə fiziki imkanım, nə də vaxtım var.

- Futbol oyunlarına baxarkən heyfslənirsinizmi ki, zamanında futbol seçimini etsəm indi tanınmış futbolçu olardım?

-Xeyr. Ümumiyyətlə həyatda çalışıram ki, nəyəsə heyfslənməyim.

-Hansı futbolçuları bəyənirsiniz?

-Messinin oyununu çox xoşlayıram. Müşahidəmə görə, Messi futbol tarixinin ən gözəl, parlaq usta oyuncusudur. Çoxları Peleni haqlı olaraq futbolun kralı sayır. Ancaq mənə elə gəlir ki, bu günkü idman şərtləri daxilində Messi dünya futbolunun birincisidir. Futbol komandaları içərisində isə daha çox "Barselona"ya azarkeşlik edirəm. Fikrimcə bu komanda futbol tarixinin ən güclüsüdür.

-Adətən cəmiyyətdə kifayətqədər tanınan insanları toy məclislərinə tez-tez dəvət edirlər. Siz necə toy məclislərinə çoxmu dəvət alırsınız?

-Toy insanların həyatında, ailəsində baş verən sevinc hadisəsidir. İnsanlarla həm sevinci, həm də kədəri paylaşmağı bacarmaq lazımdır. Düzdür, toylarımız əsasən həddən artıq təm-taraqla təşkil edilir, həddən artıq israfçılığıa yol verilir. Toylarda musiqi istirahət üçün deyil, daha çox əsəbləri korlamaq üçnn ayarlanır. Ümumiyyətlə, bizim el qaydalarına uyğun olan böyük tədbirlərimiz müəyyən islahatlara ehtiyac hiss etdirir. Hesab edirəm ki, israfçılıqla bağlı məsələ bir qədər dəyişdirilməlidir. Həmçinin toylarda insanların zövqünə oxşayan musiqinin seçilməsi, şadlıq evlərinin zövqlə tərtib olunması daha düzgün olardı. Düşünürəm ki, bu artıq cəmiyyətin özünün problemidir. Bunların nizama salınması, tamam başqa standartlala həyata keçirilməsinə ehtiyac var. Neft bumu şəraitində insanlarımız iqtisadiyyatla təmin olunmamış xeyli sayda pul əldə edir ki, ona görə də pulun qədri bilinmir. İsrafçılığın kökü ordadır. Həm sürdüyümüz maşınlar, həm təmtaraqlı işlər, bazarın baha olması, hamısı iqtisadiyyatla təmin olunmamış pulun səbəbindəndir. Yas məclislərində olan təmtaraq da düzgün deyil. Bunların normaya salınması, daha düzgün yön almasına ciddi ehtiyac var. Hesab edirəm ki, bu artıq ziyalıların vəzifəsidir və ziyalılarımız bu işdə öncül olmalıdırlar.

Ən böyük arzum Azərbaycanı firəvan görməkdir

-Bəs Əli Əliyev öz övladının toyunu necə keçirəcək?

-O artıq uşağın qərarına, o dövrün xüsusiyyətinə bağlı olan məsələdir. Mənim bir valideyn kimi borcum onun istəyini yerinə yetirməkdir. Təbii ki, yalnız onun istəyi deyil, həm də bizim qoyduğumuz qaydaların çuğlaşması həmin mərasimin necə keçməsinə nədən ola bilər.

-Xüsusi bir musiqi varmı ki, en şənliklərində yalnız həmin musiqiyə oynayırsınız?

-Xeyr. Oynamağa o qədər də həvəsli adam deyiləm. Elə bir xüsusi musiqi seçimim yoxdur. Yalnız zövqümə bu musiqi uyğundur deyib nəyinsə üzərində dayanan deyiləm.

-Daha çox hansı müğənnilərin mahnılarını dinləməyə üstünlük verirsiniz?

-Çalışıram ki, müğənni seçəndə ilk növbədə onun şəxsiyyətinə qiymət verim. Şəxsiyyəti gözümdə yüksək olmayan, mənəviyyatı, əxlaqı yüksək yer almayan insanların sənəti də mənə xoş gəlmir. Sənətdə kifayətqədər yüksək olan insanlar var ki, onların mənəviyyatı barədə məlumatlı olduğumda həmin şəxslərin sənəti üzərindən də xətt çəkir, onları dinləmək istəmirəm. Alim Qasımovun həm sənəti, həm də şəxsiyyətinə böyük hörmətim var. İmkan olanda ona qulaq asıram. Xanım müğənnilərdən isə Azərini xoşlayıram. Onun həm şəxsiyyəti, həm davranışı, həm də ifası mənə xoş gəlir.

-Vətəndaş Əli Əliyevin ən böyük arzusu nədir?

-Ən böyük arzum Azərbaycanı firəvan görməkdir. Mənim arzum odur ki, Azərbaycanda insanlar yalnız qabiliyyəti, zəhmətsevərliyi, istedadına görə inkişaf edə bilsinlər. Təbii ki, torpaqlarıımızın geri qayıtması, mümkün olsa Cənubi Azərbaycanla əlaqıələrimizin sıxlaşması bizim arzularımız sırasında yer alan məsələlərdir. Vətəndaş Azərbaycan adlı evin sakinidir və burada qayda-qanun, ədalətin olması hamımızın həyatı, taleyinə təsir edən faktordur. Ona görə də arzu edərdim ki, böyük evimiz olan Azərbaycan firəvan, ədalətli, demokratik olsun, insan haqlarına hörmət edilsin.

Süleyman İsmayılbəyli

OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31