Avropa Oyunları ilə Azərbaycan bir daha dünyada özünü təsdiqləyəcək
Təranə Xudabaxşiyeva: “2015- Avropa Oyunlarında taekvandoçularımız yüksək səviyyədə Azərbaycanı təmsil edəcək və qələbə ilə bayrağımızı ucaldacaq”
29 May 2015 13:49 MüsahibəBirinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca istər ölkə ictimaiyyəti, istərsə də yarışlarda mübarizə aparacaq idmançılar arasında həyəcan getdikcə artır. Avropa Oyunlarında mübarizə aparacaq müxtəlif ölkələrin idmançıları kimi müxtəlif idman növlərində ölkəmizin şərəfini qoruyacaq azərbaycanlı idmançılar da yarışlara yüksək səviyyədə hazırlaşırlar. Azərbaycan taekvandoçuları da Birinci Avropa Oyunlarında bayrağımızın yüksəklərə qaldırılması, ölkəmizin ciddi nailiyyətlər əldə etməsi üçün yarışlara böyük əzmlə hazırlaşırlar. Taekvandoçularımızın Birinci Avropa Oyunlarına hazırlıq prosesi, idmançılarımızda olan ruh yüksəkliyi, eləcə də bu oyunların ölkəmizə faydaları barədə Taekvando üzrə milli hakim, eləcə də 2015 Avropa Oyunlarını işıqlandıracaq Dünya İdman Jurnlistleri Assosasiyasında Azərbaycanı təmsil edəcək idman jurnalisti Təranə Xudabaxşıyeva ilə söhbətləşdik.
-Təranə xanım, taekvandoçularımız Birinci Avropa Oyunlarına necə hazırlaşır və idmançılarımız ölkəmizə medal qazandıra biləcəklərmi?
-İdmançılarımızın yarışlara hazırlıq səviyyəsi yüksək səviyyədədir. Bəli, mən inanıram ki, 2015 Avropa Oyunlarında taekvandoçularımız yüksək səviyyədə Azərbaycanı təmsil edəcək və qələbə ilə bayrağımızı ucaldacaq . Onu da qeyd edim ki, bir neçə gün öncə Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında iştirak edən yığma komandamızın üzvü, Avropa çempionu, 87 kiloqram çəki dərəcəsində döyüşən Radik İsaev bütün rəqiblərinə qalib gələrək Dünya Çempionu oldu.
-Birinci Avropa Oyunları Azərbaycana hansı dividentlər gətirəcək və ölkəmiz üçün hansı perspektivlər vəd edəcək?
-Əvvəla onu qeyd edim ki, Birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan inamın, etibarın göstəricisidir. Eyni zamanda bu Azərbaycanın sabit, təhlükəsiz bir ölkə olması deməkdir. Mən həmişə deyirəm ki, Birinci Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha dünyada özünü təsdiqləyəcək. Dünya bizi bir daha idman ölkəsi kimi tanıyacaq. İstər yarışlarda mübarizə aparacaq idmançılar, istər Avropa Oyunlarını izləməyə gələcək azarkeşlər bir daha Azərbaycan barədə geniş, ətraflı məlumata sahib olacaqlar. İdman sülhün, gücün, ağılın təcəssümüdür. Biz bunları dünyaya sübüt etməklə ermənilərin iç üzlərini üzə çıxarmış olacağıq. Digər tərəfdən ölkədə idmana maraq daha da çoxalacaq və valideynlər uşaqlarını məşqlərə yazdıracaq. Bir sözlə idman zallarında canlanma olacaq.
-Birinci Avropa Oyunlarının Azərbaycanın turizminin inkişaf etdirilməsi baxımından əhəmiyyətini nə dərəcədə qiymətləndirirsiniz?
-Əlbəttə ki, Birinci Avropa Oyunları nəticəsində Azərbaycan turizmi də inkişaf edəcək. Ümumiyyətlə, tanınan bölgə diqqətdə olan ölkəyə həmişə turizm axını olur. Eyni zamanda Birinci Avropa Oyunları zamanı ölkə haqqında dünya mətbuatı geniş məlumat verəcək və bununla da Azərbaycan dünyanın diqqət mərkəzində olacaq. Heç şübhəsiz ki, bu da turizm axınına səbəb ola bilər. Mən inanıram ki, gələn ay Azərbaycana Avropa Oyunlarında mübarizə aparmaq və ya bu oyunları izləmək üçün gələnlər çox keçmədən ölkəmizə turist kimi yenidən səfər etmək arzusunda olacaqlar. Azərbaycan xalqının qonaqpərvərliyi, zəngin mədəni irsimiz qarşıdakı illərdə ölkəmizə olan marağı artıracaq.
-Bəs Avropa Oyunlarının ölkəmizdə keçirilməsini istəməyən qüvvələrin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Anti-reklamın özü də reklamdır. Onlar nə qədər pisliyə çalışsalar da, bu mümkün olmayacaq. Onlar istəsələr də istəməsələr də İnşallah.biz adımızı tarixə qızıl hərflərlə yazacağıq. Çünki Birinci Avropa Oyunlarına hazırlıq istiqamətində Azərbaycanda görülən işlər belə deməyə əsas verir. Artıq bütün dünya ölkəmizin Birinci Avropa Oyunlarına necə ciddi hazırlaşdığını, bu istiqamətdə məqsədyönlü tədbirlərin görüldüyünü, infrastruktur layihələrinin həyata keçirildiyini görür.
Süleyman