Müsavat Partiyası dərnək səviyyəsinə düşüb
Niyaməddin Orduxanlı: “İsa Qəmbər Arıf Hacılının vəkili kimi çıxış edir”
27 May 2015 13:32 MüsahibəMüsavat Partiyasında baş verən kütləvi istefalar, partiyanın parçalanması təkcə müsavatçılar deyil, eləcə də digər siyasilər tərəfindən diqqətlə izlənilir, proseslərin partiyanı hara aparacağı maraqlandırır. Son günlər Müsavatdaxili gərginliyin bir qədər də artması partiyada münasibətlərin normallaşacağını şübhə altına alır. Bəs görəsən Müsavat Partiyasında baş verənlər bu partiyanı hara aparır və Müsavatın bundan sonrakı aqibəti necə görünür? Bu və ya digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.
-Niyaməddin bəy, Müsavatda baş verən kütləvi istefalar bu partiyanı hara aparır?
-Bu partiya çoxdan tənəzzülə uğrayıb. Bunun ən böyük səbəbkarı İsa Qəmbərdir. 25 ilə yaxın bir partiyanın başında durmaq və heç bir uğur qazanmamaq faktı var. Apardığın siyasət xalq, cəmiyyət tərəfindən dəstəklənmirsə, sən bu siyasətdən çoxdan əl çəkməli idin. Faktiki hamı gördü ki, İsa Qəmbər 2003-cü ildə prezident seçkilərində İlham Əliyevə məğlub oldu. Bu məğlubiyyətdən sonra İsa Qəmbər keçən 12 il ərzində bir daha cəsarət edib İlham Əliyevə alternativ olmadı. Acıq şəkildə İlham Əliyevlə üzbəüz gəlməkdən çəkindi. Nə 2008-ci ildə, nə də 2013-cü ildə özünü müxalifətin lideri sayan İsa Qəmbər prezident seçkilərinə qatılmadı. O dövrdən İsa Qəmbərin partiyasında ümüdsüzlük, inamsızlıq, partiyadan kənarlaşma, İsa Qəmbərdən uzaqlaşma prosesi başladı. Ancaq İsa Qəmbər bütün bunlara baxmayaraq partiyanın başqan postunu ikiəlli tutmaqla öz siyasi kimliyini qorumağa başladı. Ancaq insanlar görürdülər ki, artıq İsa Qəmbərin yanında qalmağın heç bir əhəmiyyəti və perspektivi yoxdur. Son 10 ildə Müsavat Partıyasından kimlər istefa verib getməyib ki? Partiyanın qurucularından olan Sülhəddin Əkbərdən tutmuş, İbrahim İbrahimliyə qədər. Uzun illərdən sonra İsa Qəmbər məcburiyyət qarşısında başqanlıqdan yola salındı. Məcburən. Ancaq bu da Müsavat Partiyasının parçalanmasına, yeni-yeni istefaların baş verməməsinə kömək etmədi. Qurultayda iştirak edən qurultay üzvülərindən 450 nəfər şəxsin 200 səsini toplamağı bacaran Qubad İbadoğlu yeni parçalanmanın əsasını qoydu. Bu gün istefalar və ya partiyadan qovulmalar bu iki qrup arasında gedir. Arif Hacılı və Qubad İbadoğlu. İsa Qəmbər isə Arif Hacılının tərəfdarıdır.
-Nədən İsa Qəmbər proseslərə müdaxilə edib partiyadakı problemi aradan qaldırmağa maraq göstərmir?
-Düşünürsünüz ki, İsa Qəmbər proseslərə müdaxilə etsə, məsələ həllini tapacaq? Qətiyyən elə deyil. Artıq İsa Qəmbər partiyada həmin nufuz sahibi deyil. Onun müdaxiləsi heç nəyi dəyişməz. Digər tərəfdən isə, İsa Qəmbər Arif Hacılını dəstəkləyir. Və kim bu qrupu müdafiə etmirsə və Qubad İbadoğlu tərəfdarıdırsa, İsa Qəmbər tərəfindən "satqın", "xəyanətkar", "hakimiyyətə işləyən" şəxs kimi damğalanır. Görünən odur ki, İsa Qəmbər Arıf Hacılının vəkili kimi çıxış edir.
-Bir qrup sabiq müsavatçı partiyanın dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət edib. Müsavatın qeydiyyatının ləğvi nə dərəcədə mümkündür?
-Bu inandırıcı deyil. Sadəcə görünən odur ki, artıq Müsavat Partiyası dərnək səviyyəsinə düşüb. Demək olar ki, hər gün mətbuatda oxumaq olar ki, filankəs Müsavatdan istefa verdi və yaxud Arif Hacılı bir nəfəri də partiyadan qovdu. Ən təsirlisi o idi ki, 25 il həyatını bu partiyaya həsr edən, Müsavat Partiyasının ilk qurucularından olan, partiyada ikinci vəzifəyə qədər ucalan Vurğun Əyyubu İsa Qəmbər partiya üzvülüyünü vermədyinə görə, yəni 1 manata görə partiyadan qovdu. Hamı da gördü ki, 25 ilini bu partiyaya həsr edən bir adamın 1 manatlıq dəyəri yox imiş.
-Belə bir aqibət AXCP-ni də gözləyirmi?
-Əli Kərimlinin yanında kim qalıb ki, bu hadisə onun da başına gəlsin?. Mərhum Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra heç kim onun yanında qalmadı. Bu gün bir nəfər tapa bilməzsiniz ki, həmin şəxs Elçibəyin zamanında partiyada olub və bu gün də partiyada fəaliyyət göstərir. Yəni Elçibəyin heç bir müavini, müşaviri, partiyanın 19 nəfərlik Rəyasət Heyətinin heç bir üzvü Əli Kərimlinin yanında qalmayıb. Son 6 ayda özünün partiyaya gətirdiyi müavinləri, müşavirləri Əli Kərimlidən imtina edib istefa veriblər. Bu gün onun yanında olan 3-5 nəfər gənc tələbə isə, siyasi təcrübəsi olmayan şəxslərdir. Onlar da ona görə ordadır ki, Natiq Ədilov kimi asan yolla Fransaya, Almaniyaya qacıb yaşamaq istəyirlər. O adamlar Əli Kərimlidən bu səbəbə görə istifadə etmək istəyirlər və edirlər də.
Süleyman