Qardaş Türkiyə xalqı Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən məmnundur

Anar Əsədov: “Türkiyə mediasında Avropa Oyunları barədə yazılar dərc olunur”

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə ictimaiyyəti ilə yanaşı, Azərbaycandan kənarda yaşayan soydaşlarımız, diaspor təşkilatları rəhbərlərini də hədsiz dərəcədə məmnun edib. Məhz bu məmnuniyyətin göstəricisidir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, həmin ölkələrdə təhsil alan gənclərimiz də Birinci Avropa Oyunlarının təbliği prosesində yaxından iştirak edirlər. Bu günə qədər əksər Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Birinci Avropa Oyunlarının təbliği istiqamətində maarifləndirici tədbirlər, təbliğat toplantıları keçirilib. Qardaş Türkiyədə də Birinci Avropa Oyunlarına ciddi maraq özünü göstərir. Qardaş ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və bu ölkədə yaşayan gənclərimiz də bu prosesdə aktivlik nümayiş etdirirlər. Belə gənclərdən biri də qardaş ölkədə fəaliyyət göstərən HaberAzerbaycan.com saytının rəhbəri Anar Əsədovdur. "OLAYLAR"-a verdiyi müsahibədə Anar Əsədov Türkiyədə Birinci Avropa Oyunlarına olan maraq, bu oyunlarla bağlı Türkiyə mediasının məlumatlandırılması istiqamətində görülən işlərdən danışıb.

-Anar bəy, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini qardaş ölkədə yaşayan və ictimai fəaliyyətlə məşğul olan bir gənc kimi necə dəyərləndirirsiniz?

-Avropa tarixində ilk dəfə belə bir mötəbər oyunların ölkəmizdə keçiriləcək olması bizləri olduqca sevindirdi.  Əslində bu tədbirin ölkəmizdə keçirilmə qərarı Azərbaycanda idmanın inkişafının bir göstəricisidir. Məhz ölkə başçısının idmana göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan artıq bir neçə gün sonra Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək.  Sadəcə biz deyil, eyni zamanda qardaş Türkiyə xalqı da bu tədbirin ölkəmizdə keçirilməsi üçün məmnuniyyətlərini dilə gətirirlər.

-Birinci Avropa Oyunları Azərbaycana nə verəcək və ölkəmizin dünyada daha geniş mənada tanınması üçün hansı imkanlar yaradacaq?

-Düşünürəm ki, ilk növbədə ölkəmizə gələn qonaqların hər birinə Azərbaycanın üzləşdiyi problemlə yanaşı, Qarabağ həqiqətlərini, Xocalı soyqırımını əks etdirən müxtəlif bukletlər də paylana bilər. Bu tədbir, Azərbaycan diasporunun xarici ölkələrdə illər boyu etdiyi təbliğatları qısa müddətdə edə bilər. İkinci bir məsələ isə ondan ibarətdir ki, artıq Azərbaycan illərdir turizm sahəsinə yatırdığı yatırımlarla bölgəmizdə ön sıralardadır. Bu tədbirdən sonra ölkəmizə gələn turist sayında da böyük artım olacaq. Buna örnək daha öncə Bakıda keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsini də göstərmək olar.

-Bəs Türkiyədə bu oyunlar barədə məlumatlıdırlarmı və Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Türkiyədə necə qarşılanır?

-Türkiyə cəmiyyəti istər sosial mediadan və ya şəbəkələrdən, istərsə də televiziya kanallarından Azərbaycanı çox yaxından izləyirlər. Ulu Öndər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir" müdrik sözü Türkiyə insanının Azərbaycana qarşı sevgisinin də bir nümunəsidir. Qarşılaşdığımız hər bir insan Avropa Oyunlarının məhz Bakıda keçirilməsindən dolayı sevincini dilə gətirirlər. Türkiyədə təhsil alan tələbələrimiz müxtəlif universitetlərdə Birinci Avropa Oyunlarının təqdimatlarını da keçirirlər və bu təqdimatlar oyunlar başlayana qədər davam edəcək.

-Siz eyni zamanda Türkiyədə Azərbaycanla bağlı yaradılmış saytın rəhbərisiniz. Bəs Türkiyə mediası Avropa Oyunlarına nə dərəcədə diqqət ayırır?

-Türkiyədə media o qədər də türklərin əlində deyil.  Bizlərin istədiyi qədər də olmasa zaman-zaman  Türkiyə mediasında Avropa Oyunlarından da yazılar dərc olunur. Amma Türkiyə insanı Azərbaycanı sevir və hər bir uğurumuza da sevinir. Ulu Öndər Heydər Əliyevin dediyi "Biz Bir Millət, İki Dövlətik" sözü bizim qardaşlığımızın ayrılmaz bir bütün və sarsılmaz olduğunu hər sahədə əks etdirir.

-Sayt olaraq Türk mediasını bu barədə məlumatlandırırsınızmı?

-HaberAzerbaycan.com saytının fəaliyyətə başladığı ilk gündən hədəfi Türkiyədə Azərbaycanı tanıtmaq olub və fəaliyyətə başladığımız qısa müddətdə kifayət qədər oxucu kütləsini qazanmışıq. İlk növbədə Türkiyə ilə Azərbaycan arasında xəbər axışını təmin edəcək bir yayın orqanının olmasını istəyirdik. Həm də Azərbaycanı sevən, amma dilimizi bilməyən insanlar ölkəmizdən məlumat ala bilmirdilər. Artıq HaberAzerbaycan.com saytı aradaki bu boşluğu az da olsa doldura bilir. Əlimizdən gəldiyi qədər həm Türkiyə Cəmiyyətini, həm də Türkiyə mediasını mütəmadi olaraq Azərbaycanın günlük həyatı və önəmli məsələləri ilə məlumatlandırırıq.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31