Birinci Avropa Oyunları Azərbaycana yalnız uğur gətirəcək
Nicat Müslümov: “Bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək üçün yaxşı imkandır”
14 May 2015 14:21 MüsahibəBirinci Avropa Oyunlarına qarşı aparılan qara piar kampaniyasına adekvat olaraq yaradılan koalisiya və qurumlar da öz uğurlu fəaliyyətləri ilə antiAzərbaycan şəbəkəsinin yalanlarını ifşa edir, oyunların Azərbaycan dövləti və xalqına gətirəcəyi dividentləri cəmiyyətə çatdırırlar. Bu istiqamətdə yaradılan qurumlardan biri də "Bakı 2015" Avropa Oyunlarına Dəstək Dostluq Qrupudur. Qrupun koordinatoru Nicat Müslümovla söhbətimizdə onun yaranma zərurəti, bu günə qədər gördüyü işlər və qarşıda duran vəzifələr barədə danışdıq. Nicat Müslümov Birinci Avropa Oyunlarının Azərbaycan verəcəyi faydalardan da söhbət açıb.
-Nicat bəy, "Bakı 2015" Avropa Oyunlarına Dəstək Dostluq Qrupunun yaradılması hansı zərurətdən meydana gəldi?
-Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının ideyası ilə bu ilin iyununda keçiriləcək Birinci Avropa Oyunlarına dəstək məqsədilə sosial şəbəkələrdə dostluq qrupu yaratdıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri Avropa Oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına tövhə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır.
-Qrupda təxminən nə qədər gənc birləşib?
-Bizim qrupda təxminən 15.000-dən yuxarı üzvümüz var. İstər ölkəmizdə, bölgələrdən olan gənclər, istər Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Hazırda 15 mindən artıq izləyicisi olan qrup üzvlərinin sayı gündən-günə artır. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, Avropa Oyunlarını, Azərbaycanı təbliğ edirik. Hesab edirəm ki, biz gənclər prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin ədalətli həllinə dəstək üçün yaxşı imkandır.
-Qrupun əsas fəaliyyət istiqamətləri nədən ibarətdir və indiyə qədər hansı tədbirlər həyata keçirib?
-Qrupun daxilində tez- tez görüşlər edirik, konfranslar keçiririk. Demək olar ki, hər gəncin fikrini öyrənirik. Misal üçün gənclərimiz Birinci Avropa Oyunları, Bakı -2015-lə bağlı tədbirlər ediblər. Belə ki, qrupun üzvü Könül Quliyeva Gürcüstanın paytaxtı Tiflisdə Avropa təhsil üniversetinin rəhbərliyinə layihə haqqında məlumat verib. Bundan başqa müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib. Onu da qeyd edim ki, Avropa təhsil universetinin müxtəlif millətlərdən olan tələbələrində Azərbaycanda keçiriləcək Avropa Oyunları çox böyük rəğbət doğurub. Eyni zamanda dostluq qrupunun fəal gənci Kamil Məhəmmədlinin Bolqarıstan səfərində Bakı Avropa Oyunları ilə bağlı sərgi təşkil olunub. Qonaqlara bukletlər, idman geyim formaları, suvenirlər, qələmlər, təqvimlər paylanılıb. Daha sonra qrupun fəal üzvü Moskva şəhərində yaşayan İradə Məmmədova Moskva şəhərindəki məktəblərdən birində flaşmob təşkil edib. Toplantıda qrupun fəallığı önə çəkilib və onun yaxın günlərdə görəcəyi işlər müzakirə edilib. Görüləcək işlər arasında regionlarda "Bakı 2015" Avropa Oyunlarına dəstək dostluq qrupunun auditoriyasının genişləndirilməsi ilə bağlı faliyyətin gücləndirilməsi, universitetlərdə tələbələrlə görüşlərin keçirilməsi, "instagram" və "twitter" səhifələrinin açılması kimi vacib məsələlər də var.
-Birinci Avropa Oyunları Azərbaycana nə əd edir?
-Birinci Avropa Oyunları Azərbaycana yalnız uğur gətirəcək. Birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsi üçün biz qrup olaraq əlimizdən gələni edəcəyik. Qrupun koordinatoru olaraq bu işdə tam ciddiyəm və öz komandamızla nə lazımdırsa edəcəyik. Ölkəmizin adına daha bir uğurun yazılması üçün cənab prezident İlham Əliyevin ətrafinda sıx birləşib dəstək olacağıq.
Süleyman