Ukrayna ictimaiyyətində Birinci Avropa Oyunlarına böyük maraq var
Xəzri Abdullayev: “Birinci Avropa Oyunlarına qonşu ölkələrdən sonra ən çox tamaşaçı Ukraynadan gələcək”
8 May 2015 13:37 MüsahibəBirinci Avropa Oyunlarının müxtəlif ölkələrdə təbliğat işləri davam edir. Bu prosesdə həmin ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin də iştirakı təbliğat kampaniyasının daha geniş formada həyata keçirilməsinə imkan yaradır. Elə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası da Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası ilə birlikdə bu ölkədə Avropa Oyunlarının təbliğat işlərini həyata keçirir. ASGA-nın Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Abdullayevlə söhbətimizdə bu istiqamətdə görülən işlər, eləcə də ukraynalıların Birinci Avropa Oyunlarına olan marağından danışdıq.
-Xəzri bəy, Azərbaycandan kənarda yaşayan bir gənc olaraq necə düşünürsünüz, Birinci Avropa Oyunları ölkəmizə hansı dividentlər gətirəcək?
-Azərbaycan günü-gündən inkişaf edir. Bu da dünyada vətənimizin hər baxımdan öz sözünü deməsini asanlaşdırır. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə əlbəttə ki, divident qazandırır. Azərbaycan bu gün təkcə Cənubi Qafqazda yox, eyni zamanda bir çox Avropa və Asiya ölkələri arasında da müstəqil siyasəti ilə fərqlənir. Məlumdur ki, Birinci Avropa Oyunlarında iştirak etmək üçün yüzlərlə idmançı və tamaşaçı vətənimizə təşrif buyuracaq. Vətənimizə gələn xarici ölkə vətəndaşları sadəcə tamaşaçı və ya iştirakçı kimi yox, eyni zamanda dilbər güşələrimizə baş çəkəcəklər, milli-mədəni ənənələrimizlə, milli mətbəximizlə tanış olacaqlar. Bundan əlavə xalqımızın nə qədər qonaqpərvər olduğunun şahidi olacaqlar. Bu bizim üçün nə dərəcədə müsbət olsa da düşmənlərimizi indidən qorxuya salır. Ona görə ki, Birinci Avropa Oyunları bizi dünyada daha da yüksək mərtəbəyə qaldıracaq.
- Azərbaycana qarşı olan marağı daha da artırmaq üçün siz bir gənc olaraq hansı addımlar atır və ölkəmizi necə təbliğ edirsiniz?
-Əvvəlcə qeyd edim ki, Birinci Avropa Oyunlarının Ukraynada təbliğat kampaniyasını Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası aparır. Azərbaycan - Slavyan Gənclər Assosiasiyası Ukrayna Nümayəndəliyi də bu təbliğat kampaniyasının aktiv iştirakçıları arasındadır. Birinci Avropa Oyunlarının başlamasına bir ay qalmış ASGA Ukrayna Nümayəndəliyi bir sıra ukraynalı universitet tələbələri ilə birlikdə "SALAM BAKI" başlığı altında təbliğat kampaniyasına start verəcək. Onu da deyim ki, bu təbliğat kampaniyası Avropa Oyunlarının startına bir gün qalmışa qədər davam edəcək.
-Bu arada bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Bunları necə dəyərləndirirsiniz və Ukraynadan olan həmkarlarınıza Azərbaycanın heç də onların təqdim etdiyi kimi insan hüquqlarının pozulduğu ölkə olmadığını necə çatdırırsınız?
-Mən hər zaman demişəm və yenə də demək istəyirəm ki, bizim özümüzdən başqa dostumuz yoxdur. Azərbaycanın inkişafı bir neçə türk və müsəlman ölkələrindən başqa hər bir ölkəni narahat edir. Çünki hər bir ölkənin Azərbaycanın təbii sərvətlərində gözü var. Əsas da hegemon dövlətlər və onların nəzarətində fəaliyyət göstərən beynəlxalq QHT -lər Azərbaycanın qarışmasında çox maraqlıdırlar. İraq, Liviya, Suriya və digər təbii sərvətləri çox olan ölkələrdə qarşıqlıq yaradaraq su qiymətinə neft idxal edən bu ölkələr və QHT adı altında fəaliyyət göstərən mafiyalar təbii ki, Azərbaycanda da bu planı işə salmaq üçün çalışırlar. Amma onların bu iyrənc planları baş tutmayacaq. Çünki Azərbaycan xalqı adını çəkdiyim ölkələrin xalqlarından daha çox elmli və savadlı xalqdır. O ki, qaldı ukraynalı gənclərin Azərbaycan haqqında düşüncələrinə əlbəttə ki onlar gənc olmalarına baxmayaraq savadlı gənclər olduqları üçün hər şeyi özləri görür və dərk edirlər. Mən ictimai fəaliyyətlə məşğul olan və Ukraynada hazırda gələcəyi parlaq olan gənclərin əksəriyyəti ilə istər şəxsi, istərsə də təşkilati məqsədlərlə görüşür və fikir mübadiləsi aparıram. Onlar Azərbaycanın hazırkı inkişaf səviyyəsi və özgür xarici siyasəti haqqında müsbət fikirlər səslədirirlər. Təbii ki, mən də azərbaycanlı olaraq xaricilər tərəfindən müsbət şəkildə qiymətləndirilən indiki xarici siyasətimizin gənc elçisi olduğum üçün özümü şanslı sayıram.
-Ümumiyyətlə, Ukraynada Birinci Avropa Oyunlarına maraq hansı dərəcədədir?
-Ümumiyyətlə, Ukrayna ictimaiyyətində Azərbaycana, Birinci Avropa Oyunlarına böyük maraq var. Onlar vətənimizə getmək və Azərbaycanın tarixi yerlərini və milli mətbəxini, adət ənənələrini canlı şəkildə görmək istəyirlər. Mənə elə gəlir ki, Birinci Avropa Oyunlarına qonşu ölkələrdən sonra bəlkə də ən çox tamaşaçı və yaxud azarkeş Ukraynadan gələcək. Sonda, Azərbaycan xalqına və dövlətimizə Birinci Avropa Oyunlarının düşərli olmasını diləyirəm.
Süleyman İsmayılbəyli