“Yas biznesindən gələn gəlir toy biznesindən gələn gəlirdən qat-qat artıqdı”
Mehman Muradlı: “Yas mərasimlərində dini təbliğatın aradan götürülməsi gənclər arasında qeyri-ənənəvi dini sektaların da inkişafını dayandıra bilər”
7 May 2015 15:15 MüsahibəSon illər cəmiyyətdə radikal dini cərəyanların gənclərə təsirinin artması ciddi narahatlıq doğurur. Gəncləri radikal dini sektalara cəlb edən nədir?
Dini mövhumat, cəhalət hansı səbəbdən yayılır?
Suallarımızı hüquqşünas Mehman Muradlı cavablandırır
-Gənclərin radikal sektalara qoşulmasının qarşısını necə almalıyıq?
- Ən ağrılı məqamdı. Həqiqətən son 15-20 ildə Azərbaycana olan basqılar tək siyasi və ərazi itirilməsi ilə yekunlaşmayıb. Bu cür basqıların arasında dini basqının olması daha çox gənclərin ayrı-ayrı dini cərəyanlara qoşulması ilə nəticələnir. Bunun da səbəbi Azərbaycana siyasi basqılar edən dövlətlərin öz maraqlarını tam olaraq əldə edilməsinə hesablanıb. Gəlin nəzər yetirək. Bu cür basqılar nə vaxt başladı? İlk olaraq Qarabağda gedən döyüşlər zamanı Azərbaycana ayaq açan sektalar protestantlar və yevangelistlər oldu. Səbəb aydın idi. Azərbaycan xalqında döyüş ruhunun öldürülməsi. Onlar buna müəyyən qədər nail oldular. Atəşkəs haqqında saziş imzalanandan sonra həmin o dini cərəyanlar öz yerlərini müsəlman vəhabilərə və şiə cəfərilərə verdilər. Bunun da çox dəqiq cavabı var. Vəhabilərin, daha doğrusu onları maliyyələşdirən dövlətlərin Azərbaycanda maraqları var idi. Həmin maraq enerji daşıyıcılarının ələ keçirilməsi və ona tam nəzarətdən gedir. Yerləşdiyimiz region ayrı-ayrı böyük güclərin poliqonuna çevrilmişdi. Bu cür cərəyanlar da əsas gücü gənclərə veriblər. Çünki gənc olmaq dəliqanlı olmaq deməkdir. Onlar da bunu çox gözəl bilir. Bunun qarşısını almaq çətindi, amma mümkündü. Burada əsas rolu ictimai qınaq oynamalıdı. Nəzərə alsaq ki, nə qədər ki, ictimai qınaq olmayacaq, bu cür cərəyanların qarşısını almaq bir o qədər də çətin olacaq. Bu işdə maarifləndirmə də demək olar ki, yox dərəcəsindədi. Əgər bu gün məktəbdə müəllim "aşura günüdü" deyib dərs keçmirsə, vəziyyətin nə qədər kritik olduğunu sübut etməyə ehtiyac yoxdu.
-Azərbaycan gəncinin radikal təriqətlərə qoşulmasının, din uğrunda Suriyaya döyüşməyə getməsinin səbəbi nədir?
- Bunun səbəbi ictimai qınağın olmamasıdı. Bəzi gəncləri yoldan çıxarmaq çox asandı. 5-10 manat pulnan onların başlarını çox rahatlıqla aldada bilirlər. Həm də ideoloji məsələdə onlar çox güclüdülər. Gəncləri çox asanlıqla yoldan çıxara bilirlər, huri söhbətlərilə dəliqanlı gəncləri öz ətraflarına cəlb edirlər. Şəhidlik zirvəsini ən uca zirvə kimi başa salırlar və şəhid olandan sonra mütləq cənnətə düşəcəkləri vədi ilə hurilər ətrafında kef edəcəklərini çox rahat beyinlərə yeridə bilirlər.
- Qeyri-ənənəvi sektaların zərərli təbliğatına qarşı mübarizədə valideynlərin, məktəbin, medianın, ictimai təşkilatlarını rolu nədən ibarət olmalıdır?
- Valideyn və məktəb bir-birinə çox sıx bağlı olmalıdı. Cəmiyyət buna təpki göstərməlidi. Mediada bu barədə yetərincə məlumatlandırma gedir, amma bir də görürsən həmin o maarifləndirmə işini aparan şəxs hansısa pirdən, ocaqdan çıxır. Yəni yazdığı ilə yaşadığı düz gəlmir. Bu elə ictimai sektora da aiddi. Cəmiyyət olaraq buna qarşı gedilməlidi. Valideyn məktəbdə müəllimdən tələb etməlidi. Uşaq bağçalarında, məktəblərdə valideyni dindar olan uşaqları məktəbin heç bir tədbirində iştirak etməyə imkan vermirlər. Həmin uşaqların psixologiyasını indidən pozurlar.
-Yas mərasimlərində məzhəb təbliğatının aparılması nə dərəcədə düzgündür?
- Mən ümumiyyətlə yas mərasimlərində dini təbliğatın əleyhinəyəm. İstənilən dini cərəyanın təbliği digər məzhəbin təmsilçisini qıcıqlandıracaq. Faktları deməyin də xeyri olmayacaq. Çünki beyinlərini o cür "inkişaf" etdiriblər. Yas mərasimlərində dini təbliğatın aradan götürülməsi gənclər arasında qeyri-ənənəvi dini sektaların da inkişafını dayındıra bilər.
-Yas mərasimlərində israfçılığa qarşı və dəbdəbəli qəbir daşlarına qarşı islahatları necə qiymətləndirirsiniz?
- Bizdə yas mərasimlərində israfçılıq həddən artıqdı. Yas biznesindən gələn gəlir toy biznesindən gələn gəlirdən qat-qat artıqdı. Müəyyən addımlar atmağa cəhd olundu, amma yas biznesinin "xaç ataları" buna imkan vermədilər. İslahatlar mollalardan başlanmalıdı. Onlar vergiyə cəlb olunmalıdı. Qanunvericilikdə dini icmalar vergiyə cəlb olunmur, onlar da bundan məharətlə istifadə edir. Günü gündən mərasim zallarının sayı artır. Artıq şadlıq sarayından çoxdu mərasim zalları. Hətta VİP xidmətlər də göstərirlər. VİP xidmətin nədən ibarət olmasını hələ də anlaya bilməmişəm.
-Azərbaycan üçün hansı islam modeli (məzhəbi) daha məqbuldur? Səudiyyə sələfiliyi, Türkiyə nurçuluğu, İran şiəliyi?
- İllərlə çalışdılar sübut etsinlər ki, din siyasətdən ayrıdır, dinin dövlətə heç bir aidyyatı yoxdu, amma əfsuslar olsun ki, buna nail olmaq mümkün olmadı. Səbəb aydındı -Din özü bir siyasi ideologiyadı, idarəetmə vasitəsidi. Konkret olaraq həm sələfi, həm nurçu, həm də cəfəri şiə alimləri sübut etdilər ki, din bir siyasi ideologiyadı və konkret olaraq Qurandan bununla bağlı ayələr də ortaya qoydular. Buna bariz nümunə kimi Azərbaycanda radikal islamçıların məhkəməsini göstərmək olar. Onlar məhkəməyə, qanunlarımıza açıq-aşkar hörmətsizlik göstərirlər.
-Son illər cəmiyyətdə dini cəhalət artıb, mövhumatın mövqeyi güclənib. Bunun səbəbi nədir?
- Cəhalətin artmasında televizayaların, məktəblərin rolu danılmazdı. Bunun isə səbəbi çox aydındı. Asan yolla pul qazananların reklamı. Əgər bir falçı 5 dəqiqəyə çox rahat formada 100 manat qazana bilirsə, niyə də 10 manat televiziyalara xərcləməsin?
Elman Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində çap edilir