“Narazıları təxribatçı, agent adlandırmaq siyasi zəiflik və arqumentsizlikdir”

Tural Abbaslı: “Bu gün etiraz edənlərin bir çoxu İsa Qəmbərin başqanlığı dönəmində partiyada yüksək postlarda təmsil olunublar”

"O zaman belə anlaşılır ki, İsa bəy Arif Hacılıdan daha zəif və informasiyasız rəhbər olduğu üçün bunları partiyadan təmizləmirdi"

Qurultaydan sonra daxili gərginlik dövrünü yaşayan Müsavat Partiyasında son günlər bu münasibətlər özünü daha qabarıq şəkildə büruzə verib. Arif Hacılının başqan kimi idarəçiliyinə etiraz edənlərin cəzalandırılaraq partiyadan uzaqlaşdırılması partiyanın qərargahı qarşısında Arif Hacılı əleyhinə aksiyanın keçirilməsinə səbəb olub. Artıq demək olar ki, Müsavatda Hacılı tərəfdarları ilə onun əleyhdarları arasında ciddi mübarizə gedir. Bəs görəsən bu proseslər Müsavatı hara aparır? Müsavat Partiyasının keçmiş Divan üzvü, partiya başqanlığına sabiq namizəd Tural Abbaslı "OLAYLAR"-a verdiyi müsahibədə partiyada baş verənlərə və onun gələcək mənfi fəsadlarına toxunub.

-Tural bəy, Müsavat başqanının istefası ilə bağlı çağırışları necə dəyərləndirirsiniz?

-Partiyadakı istefa tələblərini normal qarşılayıram. Demokratiyanın bir üzü seçilmək və vəzifə başına gəlməkdirsə, digər üzü də zamanı gəldikdə çəkilməyi bacarmaqdır. Həm bu tələblər partiya Nizamnaməsinə də zidd hərəkət deyil. Hər bir üzvün partiyanın istənilən qərarını tənqid etmək və təbii ki, istənilən seçilmiş şəxsin istefasını tələb etmək hüququ var. Bu tələblərə aqressiv yanaşmaq yox, bu tələbləri doğuran səbəbləri araşdırmaq və buradan irəli gələn addımları atmaq lazımdır.

-Sizcə, Müsavat başqanı bu çağırışlara diqqət edəcək, yoxsa partiyada repressiya dalğası, etirazçıların cəzalandırlması daha da artacaq?

-Əslində könül istərdi ki, partiya rəhbəri Arif Hacılı bu çağırışlara lazımı diqqət ayırsın. Narazıları dəvət edib onların narazılıqlarını aradan qaldırmağın yollarını axtarsın. Partiya daxilində qarşılıqlı dialoq və konsensusla problemlər həll olunsun. Ancaq, təəssüflər olsun ki, rəhbərliyin və şəxsən Arif Hacılının reaksiyası adekvat olmayacaq dərəcədə aqressivdir. Bunu istər onların müsahibələrindən, istərsə də sosial şəbəkələrdəki fikirlərindən aydın şəkildə görmək olur. Əminəm ki, Arif Hacılı son aksiyadan istifadə edərək partiya daxilindəki rəqiblərini və opponentlerini cəzalandıracaq və onları partiyadan kənarlaşdıracaq. Bu da partiyadaxili gərginliyi daha da artıracaq.

-Arif Hacılı iddia edir ki, ona qarşı çıxanlar Müsavata kənar qüvvələrin əli ilə yeridilmiş təxribatçılardır və hazırda partiya onlardan təmizlənir. Sizcə, doğrudanmı Müsavatda digər siyasi dairələrə işləyən cəsuslar var?

-Əvvəlcə onu qeyd edim ki, Arif Hacılıya və onun idarə metoduna qarşı çıxmaq Müsavata qarşı çıxmaq deyil. Yəni buradan da bu nəticə çıxır ki,  bu partiya üzvü olub partiyaya qarşı çıxan heç kim yoxdur. Narazıları "təxribatçı", "agent", "düşmən dəyirmanına su tökən" və s. adlandırmaq isə siyasi zəiflik və arqumentsizlikdir. Çünki bu gün etiraz edənlərin bir çoxu İsa Qəmbərin başqanlığı dönəmində partiyada yüksək postlarda təmsil olunublar. O zaman belə anlaşılır ki, İsa bəy Arif Hacılıdan daha zəif və informasiyasız rəhbər olduğu üçün bunları partiyadan "təmizləmirdi".  XXI əsrdə Azərbaycan rəhbərliyinə iddialı olanların heç bir fakt və əsas göstərmədən siyasi rəqiblərini belə məsələlərdə ittiham etməsi gülüncdür. Həm mən etiraz edənlərin hər birini şəxsən tanıyıram. O insanların demokratiya uğrunda mübarizə, Müsavat, Azərbaycanın bütövlüyü üçün nələrindən keçdiklərini tək mən yox, İsa Qəmbər, Arif Hacılı və digərləri də çox gözəl bilir. Onlar satılan və ya xəyanətkar olsaydılar indi rifah içində rahat ömür sürürdülər. Belə ittihamların bir adı var-absurd.

-Necə düşünürsünüz, Müsavatdaxili problemi hansısa siyasi partiya üçüncü bir tərəf, vasitəçi olaraq yoluna qoya bilərmi?

-Mən qətiyyən düşünmürəm ki, Müsavatdaxili problemləri həll etmək üçün hansısa vasitəçilərə ehtiyac var. Bu partiyadaxili məsələlərdir və təbii ki, partiya daxilində də partiya üzvlərinin birgə müzakirələri ilə həll olunmalıdır. Ancaq istisna kimi Cəmil Ünal bəyi demək olar. O, Müsavatı Türkiyədə qoruyub saxlayan və bizlərə təhvil verən böyüklərimizdəndir. Onun bu məqamdakı müdaxiləsi proseslərə müsbət təsir göstərə bilər. Həm Cəmil bəyi də zatən Müsavatdan kənar insan kimi təsəvvür etmək olmaz.

-Bütün bu proseslər Məmməd Əmin irsinə sadiq olduğunu bildirən bir partiyanın cəmiyyətdə mənfi bir siyasi qüvvə kimi tanınmasına səbəb olmurmu?

-Təbii ki, Müsavatda baş verən hadisələrin cəmiyyətdə partiyaya mənfi imic gətirdiyi və xalq arasındakı mövqelərini zəiflədiyi danılmazdır. Müsavatın illərlə minlərlə insanların fədakar mübarizəsi sayəsində əldə etdiyi dividentlərin yalnış idarəçilik nəticəsində yox olması çox ağrıdıcıdır. Elə buna görə də təxirə salınmadan vəziyyət düzgün və obyektiv analiz olunmalı və bu vəziyyətdən optimal çıxış yolları tapılmalıdır. Bir daha qeyd edirəm ki, partiyadakı hər kəs razı, narazı fərq etmədən hər kəs anlamalıdır ki, Müsavat bizə Rəsulzadə və silahdaşlarından yadigar qalan müqəddəs bir əmanətdir. Bizim də borcumuz bu əmanəti layiq olduğu şəkildə sonrakı nəsillərə ötürməkdir.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31