“Ölkə rəhbərinin xarici siyasət kursunu məqbul hesab edirəm”
Ramil Hüseynov: “Avropa Oyunlarını da həmin kursun tərkib hissəsi hesab etdiyim üçün beynəlxalq təzyiqlərə qarşı ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən mövqe qoyulmalıdır”
4 May 2015 14:50 Müsahibə"Dünyanın super gücləri ədalət prinsipi ilə hadisələrə qiymət vermirlər"
Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı bəzi beynəlxalq təşkilat və qurumlar tərəfindən təzyiqlər artmaqdadır. Təəssüflər olsun ki, bir çox hallarda daxildəki bəzi siyasi qüvvələr də Azərbaycana qarşı qeyri-obyektiv yanaşma və təzyiqlərin oyunçusuna çevrilirlər. Sevindirici hal isə ondan ibarətdir ki, müxalifət düşərgəsində olmasına baxmayaraq bəzi partiyalar beynəlxalq təzyiqlərə qarşı vətəndaşlıq mövqeyindən çıxış edərək bu cür halları kəskin şəkildə pisləyirlər. Belə partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın sədr müavini Ramil Hüseynovla söhbətimizdə Birinci Avropa Oyunları ərəfəsində ölkədə mövcud olan siyasi vəziyyət, Azərbaycana qarşı qərəzli şəkildə nümayiş edilən beynəlxalq təzyiqlər fonunda siyasi qüvvələrin atmalı olduğu vacib addımlar barədə danışdıq. Ramil Hüseynov bu ərəfədə müxalifətlə iqtidar arasında keçirilməsi nəzərdə tutulan növbəti görüş, həmin görüşdə müzakirə edilməsi planlaşdırılan məsələlər barədə də danışıb. VİP rəsmisi belə görüşlərin əhəmiyyətli olduğunu bildirib.
-Ramil bəy, bu günlərdə müxalifətə iqtidarla növbəti görüş barədə müraciət edildi. Bu müraciəti necə dəyərləndirərdiniz?
-Sözügedən müraciətlə bağlı "Azadlıq-2015" seçki blokuna daxil olan partiyalar arasında müzakirələr gedir. Mən bildiyim qədər göruşdə müzakirə mövzusu olacaq məsələlərlə bağlı danışıqlar aparılır. Heç şübhəsiz ki, qərarı bloka daxil olan partiyalar qəbul edəcək. Mənim fikrimcə bu göruşdə ölkədə əhəmiyyət kəsb edən bir neçə hadisə müzakirə olunacaq. Burada həm Birinci Avropa Oyunları, həm siyasi məhbuslar, həm də digər vacib məsələlər müzakirə predmeti olacaq. Güman edirəm ki, bu yöndə atılan addımlar müsbət nəticəsini verəcək. Əgər bəzi mürtəce qüvvələrin təsir imkanları minimuma endirilsə. Ümumilikdə bu cür göruşlərin keçirilməsi müsbət dəyərləndirilməlidir. Elə məsələlər var ki, orda müxalifət- iqtidar münasibətləri arxa plana keçməli, vətəndaşlıq mövqeyi nümayiş olunmalıdı. Təbii ki, bu fikirlər hər şeydən öncə dövlət maraqlarını bütün maraqlardan üstün tutan siyasi qüvvələrə aid edilir. Bir daha təkrar edirəm ki, bu görüşü istəməyən qüvvələr var. Həmin insanlar ölkədə normal siyasi sistemin yaranmasını istəməyən, siyasi institutların inkişafının qarşısını alan qüvvələrdir. Amma hesab edirəm ki, 20 faiz torpağı işgal altında olan ölkədə bu cür dialoqlar çox vacibdir. Bu vətəndaşlar arasında səmimiyyətin yaranmasına, vətəndaşlarımızın məsuliyyətinin artmasına, vətənpərvərlik hisslərinin yüksəlməsinə gətirib çıxaracaq. Siyasilər öz addımları və davranış qaydaları ilə cəmiyyətə örnək olmalıdı. Bu gün millətimizin iki nəfər nümayəndəsi Ermənistan deyilən bir dövlətdə əsirlikdədir. Bununla bağlı bir dəfə həmrəylik nümayiş olunmayıb. Halbuki bu çox ciddi məsələdi. Bu həmrəylik bütün dünyaya mesaj olmalıdir ki, biz öz vətəndaşımızın, millətimizin nümayəndəsinin hüquqlarının qorunmasında, dövlətcilik prinsiplərimizin müdafiəsində, suverenliyimizin möhkəmlənməsi məsələsində bir yerdəyik. Digər tərəfdən müxalifətin vəzifəsi iqtidarın addımlarını izləmək və saglam düşüncə ilə tənqid etməkdir. Düşünürəm ki, mürtəce qüvvələrin sivil siyasi münasibətlərin formalaşmasında maneəçiliyinin qarşısı alinmalıdır.
-Mövcud situasiyada Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı artan beynəlxalq təzyiqləri necə dəyərləndirirsiniz və müəyyən daxili qüvvələrin də bu prosesə dəstək verməsi nə dərəcədə sağlam siyasi mübarizə sayıla bilər?
-Hesab edirəm ki, Avropa Oyunları xarici siyasətin bir tərkib hissəsidi. Bu oyunların indiki məqamda keçirilməsinin ölkə iqtisadiyyatına mənfi təsirindən danışanlar var. Amma nəzərə almaq lazımdır ki, bu qərar qəbul olunanda dünyada gedən münaqişələrin bu cür kəskin hal alması bəlkə də proqnozlaşdırılmırdı. Bu münaqişələr təkcə Azərbaycan iqtisadiyyatına yox, bütün dünya iqtisadiyyatına az və ya çox dərəcədə mənfi təsirini göstərdi. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu oyunların bizim ölkədə keçirilməsi müsbət dəyərləndirilməlidir . Təəssüflər olsun ki, dünyanın super gücləri ədalət prinsipi ilə hadisələrə qiymət vermirlər. Belə olan təqdirdə ölkənin milli təhlükəsizliyi üçün beynəlxalq lobbiçiliyə üstünlük verilməlidir. Bu oyunları da bu yöndə atılan bir addım kimi qiymətləndirirəm. Beynəlxalq təzyiqlər dediyim kimi heç də demokratiya təzyiqi deyil. Bu maraqlar təzyiqidi. Daha çox "bu ölkədən nə qoparda bilərəm" deyə təzyiq edirlər. Təəssüf ki, daxildə də buna dəstək olanlar var. Deməli daxili qüvvələr də öz maraqlarını təmin etmək üçün bu prosesə qoşulub. O, qüvvələr üçün dövlət maraqları yoxdur. Yalnız şəxsi maraqlar var .
-Sizcə belə həssas məqamlarda bütün siyasi qüvvələr həmrəylik nümayiş etdirməli deyilmi?
-Hər hansı bir hadisədə, prosesdə siyasi uğur qazanmaq şansımız ehtimalı olanda həmin güclərin insaflarını, ədalət hissinı, vicdanlarını şaxta vurur, riyakar mövqe sərgiləyirlər. Bu baxımdan ölkə rəhbərinin xarici siyasət kursunu məqbul hesab edirəm. Bu siyasi kursa siyasi həmrəylik nümayiş olunmalıdır. Avropa Oyunlarını da həmin kursun tərkib hissəsi hesab etdiyim üçün beynəlxalq təzyiqlərə qarşı ölkədə fəaliyyət götərən siyasi partiyalar tərəfindən mövqe qoyulmalıdır.
-VİP olaraq indiki situasiyada hansı mövqedən çıxış edirsiniz?
-VİP olaraq biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə, dövlətciliyinə qarşı, olan hər hansı bir təhdidə və təhlükəyə dərhal münasibətimiz sərt və advekat olacaq. Bu siyasi pariyanın yox, hər bir vətəndaşın vətəndaşlıq borcudur. Əgər biz torpaqlarımızı azad etmək istəyiriksə hansı beynəlxalq təzyiqdən danışmaq olar?. Biz ölkəmizin inkşafı üçün hansısa layihələr həyata keçiririksə və buna qarşı beynəlxalq təzyiq varsa, təbii ki, ölkədə bütün spekterin iştirakı ilə sərt şəkildə mövqe ifadə olunmalıdı.
Süleyman İsmayılbəyli