“Hakimiyyət cəmiyyətin təhlükəsizliyi və rifahı sahəsində uğurlar əldə edib”
Mayis Güləliyev: “Bu uğurları insanlar itirmək istəmir”
1 May 2015 14:39 Müsahibə"İnsanlar o zaman mövcud olanı dəyişməyə cəhd göstərirlər ki, yeninin daha yaxşı olacağına onları inandırmaq mümkün olsun"
Bu ilin sonunda ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməyi qarşıya məqsəd qoyan siyasi təşkilatlardan biri də "Vətən" blokudur. Blokun seçki hazırlıqları, digər siyasi təşkilatlarla mümkün əməkdaşlığı, eləcə də seçki ilində ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı "Vətən" blokunun icra katibi Mayis Güləliyevlə söhbətləşdik.
-Mayis bəy, parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Parlament seçkiləri siyasi partiyalar üçün mühüm fəaliyyət sahələridir. Hətta deyərdim ki, ən əsasıdır. Çünki demokratik ölkələrdə hökumət məhz parlament seçkiləri ilə formalaşır. Odur ki, siyasi partiyaların güclü və siyasi ab-havaya təsir imkanları çox olan ölkələrdə seçkilərin qurtardığı gün siyasi partiyalar yeni seçkilərə hazırlığa başlayırlar. Yəni siyasi partiyaların əsas işi seçkilərə hazırlaşmaqdır. Təəssüf ki, Azərbaycan cəmiyyətində vəziyyət bir qədər başqadır. Azərbaycandakı siyasi partiyalar seçkilərlə mütəmadi və ya bütün fəaliyyət dövründə yox, yalnız seçki yaxınlaşanda məşğul olurlar. Bunun da bəzi səbəblər var. Birinci səbəb odur ki, Azərbaycanda seçkilər proporsional olmadığından siyasi partiyalar "partiya olaraq" seçkiyə qatılmırlar və seçicilər partiyalara yox, ayrıca namizədə səs vermiş olurlar. Bu vəziyyət cəmiyyətin siyasiləşməsini məhdudlaşdırır. Siyasi partiyalar karyera üçün, xüsusilə gənclər üçün siyasi məktəb rolunu oynaya bilmir. İkinci səbəb də ondan ibarətdir ki, son 25 ildə cəmiyyətdə gedən ictimai-siyasi proseslər siyasi partiyalara inamı xeyli azaldıb. İnsanlar siyasilərin dediklərinə o qədər də əhəmiyyət vermirlər. Üçüncü səbəb də siyasi partiyaların ümumi ideoloji bazasının zəifliyi ilə bağlıdır. Dördüncüsü və çox mühüm olan səbəb də odur ki, son 20 ildə hakimiyyət cəmiyyətin təhlükəsizliyi və rifahı sahəsində müəyyən uğurlar əldə edib. Bu uğurları insanlar itirmək istəmir. İnsanlar o zaman mövcud olanı dəyişməyə cəhd göstərirlər ki, yeninin daha yaxşı olacağına onları inandırmaq mümkün olsun. Nə inandıran, nə inandırılan, nə də inam obyekti və metodu təkmil olmayanda mübarizə effektli olmur. Odur ki, ölkədə hüquqi cəhətdən seçkilərə hazırlıq üçün heç bir məhdudiyyət olmasa da, cəmiyyəti bütünlükdə siyasi proseslərə qoşmaq çətindir. Hətta indiki ictimai-siyasi vəziyyətdə mümkün deyil. Qeyd etdiyim kimi bunun obyektiv və subyektiv səbəbləri var.
-Müxalifət düşərgəsinin seçki hazırlıqlarını qənaətbəxş hesab etmək olarmı?
-Qeyd etdiyim səbəblərə görə müxalifətin hansısa dərəcədə hazırlığından söhbət gedə bilməz. Hələlik hazırlıq deyəndə nəzərdə tutulan odur ki, hansı partiya müxtəlif səbəblərdən gündəmdə qala bilib. Burada səbəb əsas deyil. Nəticə əsasdır. Kim gündəmdə qala bilib. Məsələn, Yaşıllar Partiyasının son 5 ildə edə bilmədiyi heç nəyi nə Müsavat, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası edə bilməyib. Amma onlar arasında fərq budur ki, Müsavat və AXCP gündəmdə daha çox qala bilib, Yaşıllar isə daha az. Səbəb əsas deyil ki, Müsavat və ya AXCP gündəmdə hansı uğuru ilə qalıb. Beləliklə, Azərbaycanda YAP-dan başqa bütün siyasi partiyalar arasındakı "güclü" "zəif" ifadələri çox nisbidir. Yaşıllar Partiyasının "zəifliyi" ilə AXCP-nin və ya Müsavatın "güclülüyü" arasındakı məsafə çox azdır. Bu mənada seçkiyə hazırlıq yalnız formal xarakter daşıyır.
-Bu arada "Vətən" bloku seçki hazırlıqlarının hansı mərhələsindədir və namizədlərini müəyyən edirmi?
-Siyasi təşkilat kimi digər siyasi partiyalara xas olan xüsusiyyətlər "Vətən" blokunda da var. Odur ki, mən qətiyyən deyə bilmərəm ki, "Vətən" bloku ciddi hazırlaşır. Belə deyil. Biz də hələ gözləmə və müşahidə etmək mərhələsindəyik.
-Zaman-zaman bu və ya digər seçki ərəfəsində xarici dairələrin Azərbaycana təsirləri, siyasi sabitliyi pozmaq cəhdləri baş verib. Bu seçkidə də həmin mənfi tendensiya müşahidə edilə bilərmi?
-Birdəfəlik qəbul etmək lazımdır ki, bəşəriyyət formalaşandan indiyə qədər və bundan sonra da ölkələr bir-birinin yerinə-yurduna, malına-mülkünə, sərvətinə göz dikib. Azərbaycanın da yeraltı-yerüstü sərvətləri var. Bura da göz dikənlər kifayət qədərdir və bu "gözdikmə" təbiidir. Sadəcə biz bunu vaxtında dərk edib qarşısını almağa çalışmalıyıq. Biz də öz milli mənafeyimizi əsas gətirib öz siyasətimizi qurmalıyıq.
-Ümumiyyətlə, parlament seçkilərində xarici faktorların təsiri nə dərəcədə mümkün olacaq?
-"Xarici faktorlar" əvəzinə "xarici vektorlar" deyilsə daha doğru olar. Çünki faktor vektordan fərqli olaraq "skalyardır" və istiqamətlə xarakterizə olmur. Odur ki, xarici VEKTOR vəziyyəti daha düzgün ifadə edir. Azərbaycanda xarici vektorların təsiri o zaman güclü olar ki, daxili vektorlar zəif və pərakəndə olsun. Ölkədaxili pərakəndəlik xarici vektorları qane edir, xüsusilə seçki dцvründə. Azərbaycanda marağı olan ölkələrin Azərbaycana yönəltdikləri vektorlar yalnız bir halda ciddi təsirli ola bilər. Birinci halda, hakimiyyətin həyata keçirdiyi siyasət onları və xalqı qane etməsin. Əgər hakimiyyət və xalq birgə olarsa, heç bir xarici vektor cəmiyyətdə dəyişiklik edə bilməz.
Süleyman