“Türkiyənin Rusiya ilə bir sıra meqa layihələrdə iştiraka cəhdi nə Avropanı, nə də ABŞ-ı razı sala bilməz”
Arzu Nağıyev: “Bu regionun geosiyasi vəziyyətinə öz təsirini göstərəcək”
27 Aprel 2015 14:42 MüsahibəSon vaxtlar istər Azərbaycan, istərsə də Türkiyəyə qarşı beynəlxalq səviyyədə bir haqsız yanaşma özünü göstərməkdədir. Əgər Türkiyə əsassız olaraq 1915-ci ildə ermənilərə qarşı soyqırım törətməkdə ittiham edilir və Avropa ölkələri kor-koranə şəkildə bu "soyqırımı" tanıyırsa, Azərbaycanın Birinci Avropa Oyunları kimi mötəbər bir yarışa evsahibliyi etməsi bu qitədə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilat və qurumlar, bəzi hallarda isə hətta dövlətlər tərəfindən qısqanclıqla qarşılanır, hər vasitə ilə Birinci Avropa Oyunlarının statusu aşağı salınır. Demək olar ki, bu cür mənfi tendensiya, hər ötən gün həm Azərbaycan, həm də Türkiyəyə qarşı planlı və mərhələli şəkildə həyata keçirilən hücumlar, basqılar özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bəs görəsən istər Azərbaycan, istərsə də Türkiyəyə qarşı Avropa, eləcə də Qərbdən müşahidə edilən təzyiqlər Bakı və Ankara ilə Avropa arasındakı münasibətlərə hansı mənfi təsiri göstərəcək? Eləcə də yaranmış vəziyyətdə Türkiyə və Azərbaycan Avropaya, Qərbə qarşı hansı adekvat adımlar atmalıdır? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Arzu Nağıyev cərəyan edən proseslərin regionın siyasi və iqtisadi həyatına mümkün təsir imkanlarından da danışıb.
-Arzu müəllim, Avropa dövlətlərinin bir-birinin ardınca qondarma soyqırımı tanıması Türkiyə üçün hansı təhlükələr vəd edir?
-Düşünürəm ki, bu proses nə birinci, nə də sonuncu olmayacaq. Yəni bu proses əvvələr də olub, hazırda da davam etdirilir. Vatikanın mövqeyindən sonra məlum idi ki, bu xristian dünyasına bir çağırışdır. Təhlükə deyəndə, əsas məqsəd Türkiyənin Avropa İttifaqından uzaqlaşdırılması və bu istiqamətdə mühüm addımların atılmasıdır. Bu məsələlər diaspora və miqrasiya məsələlərinə də təsir göstərəcəkdir.
-Mövcud vəziyyətdə həm Türkiyə, həm də Azərbaycana qarşı olan beynəlxalq basqıların arxasında nə dayanır və Ankara ilə Bakı belə bir vəziyyətdə hansı addımları atmalıdır?
-Bilirsiniz, Türkiyəyə və Azərbaycana qarşı olan basqıları eyni tutmaq düzgün olmazdı. Burada maraqlar da müxtəlifdir. Məlumdur ki, bu vasitələrlə Türkiyəni Avropadan təcrid etmək məqsədi güdürlərsə, Azərbaycanı bir sıra layihələrdən çəkindirməyə çalışırlar. Məhz buna görə də Türkiyə və Azərbaycanın xarici siyasətdə, o cümlədən diaspora təşkilatlarında işinin gücləndirilməsi vacibdir. Türkiyə Almaniya və bir sıra Avropa ölkələrində yaşayan çoxsaylı həmvətənlərinin siyasi durumundan daha səmərəli istifadə etməlidir. Əlbəttə, Azərbaycan da buna dəstək verməli və həttərəfli yardım göstərməlidir.
-Bu kimi hallar regionun geosiyasi vəziyyətinə hansı təsir göstərəcək?
-Düşünürəm ki, bu gün Türkiyənin Rusiya ilə bir sıra meqa layihələrdə birgə iştiraka cəhdi, əsasən də Avropaya qaz ixracı məsələsi, nüvə proqramları ilə bağlı layihələr nə Avropanı, nə də ABŞ-ı razı sala bilməz. Məhz buna görə də onlar bir sıra təzyiq rıçaqlarından istifadə edəcəklər. İstər ərəb ölkələri, istər İran və digər bölgələrdə təsir mexanizmini artırmaqla durumun dəyişdirilməsinə çalışacaqlar. Bu isə təbii ki, regionun geosiyasi vəziyyətinə öz təsirini göstərəcəkdir.
-ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən ikisinin, Rusiya və Fransanın qondarma soyqırımla bağlı ortaya qoyduğu mövqe Minsk Qrupuna etimadsızlıq yarada bilərmi?
-ATƏT-in Minsk Qrupunun üzvü olan iki ölkə, Rusiya və Fransadan başqa mövqe gözləmək də düzgün olmazdı. Fransa daima Ermənistanın dünyada mövqeyini müdafiə edib və bunun müqabilində erməni lobbisinin yardımından yararlanıb. Rusiyaya gəldikdə isə Ermənistan onun regiondakı müttəfiqi və demək olar ki, vassalıdır. Bu gün Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyaya məxsusdur. Biz ATƏT-in Minsk Qrupu haqqında dəfələrlə mövqeyimizi ortaya qoymuşuq, sülhtərəfdarı olduğumuzu bildirmişik. Eyni zamanda torpaqlarımızın azad edilməsi istiqamətində digər yollarımız da olduğunu, beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməsini tələb etməklə, ərazi bütövlüyümüzün təmin edilməsini bəyan edirik.
Süleyman