“Beş ildən sonra çap mediasında yeni bir mərhələ başlayacaq” - MÜSAHİBƏ

Dördüncü hakimiyyət rolunu oynayan mətbuat daim cəmiyyəti informasiya ilə təmin edir, onu ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə məlumatlandırır. Azərbaycanda da mətbuat bu sahədə əvəvzedilməz rol oynayır. Hazırda ölkədə 600-dən artıq müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, həmin kütləvi informasiya vasitələrinin də hər birinin öz oxucu kütləsi var. Son illər ərzində ölkədə mətbuatın inkişafına yaradılmış şərait, bu sahədə imzalanan sərəncam və fərmanlar isə mətbu orqanların sayının bir qədər artmasına səbəb olub. Bəs görəsən hazırda ölkədə fəaliyyət göstərən mətbu orqanlar cəmiyyəti informasiya ilə nə dərəcəd təmin edə bilir? "OLAYLAR" olaraq start verdiyimiz "Həmkar" rubrikası çərçivəsində ayrı-ayrı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə  söhbətlərimizdə onların redaktoru olduğu mətbu orqanların cəmiyyəti hansı istiqamətdə məlumatlandırdığı, mətbuat sahəsində əldə edilən uğurlar, eləcə də bu sahədə mövcud olan problemlər barədə söhbət açacağıq. Beləliklə, "Həmkar" rubrikasının ilk qonağı "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir. Baş redakor bizimlə söhbətində Azərbaycan mətbuatının hazırkı durumu, eləcə də jurnalistika həyatında baş verən ən yaddaqalan hadisələr barədə də danışıb.

- Elçin bəy, "Xalq Cəbhəsi" qəzeti fəaliyyətə başladığı gündən indiyə qədər qarşısına qoyduğu hədəflərə nail ola bilibmi?

- Bir çox istiqamətlərdə istəklərimizə nail ola bilmişik. Vaxtilə ölkəmizdə Güney Azərbaycan mövzusunda yalnız üç qəzet - "Xalq Cəbhəsi", "Olaylar" və "Şərq" qəzetləri məlumat yayırdı. Milli hədəflərlə bağlı məsələlər də heç bir siyasi məqsəd və təmənna güdülmədən məhz bu qəzetlərin səhifələrində əks olunurdu. Bu gün isə bu mövzu Azərbaycanın əksər mətbuat orqanlarında işıqlandırılır. Düşünürəm ki, bu Güney Azərbaycan mövzusunun populyarlıq qazanmasında "Xalq Cəbhəsi" qəzetinin kifayət qədər rolu olub. Daha böyük hədəflərə doğru isə bacardığımız və gücümüz yetdiyi qədər addımlamağa çalışırıq.

- Qəzetiniz lazım olan oxucu kütləsini toplaya bilibmi?

-Qəzetçilikdə "lazım olan oxucu kütləsi" anlayışı yoxdur. Oxucu nə qədər çox olsa bir o qədər yaxşıdr. Birdə ki "Xalq Cəbhəsi"nin öz oxucuları var. Həm də sadiq oxucuları... 

-"Xalq Cəbhəsi" qəzeti əsasən hansı sahələrə daha çox maraq göstərir və hansı problemləri diqqətdə saxlayır?

-Şübhəsiz ki, bütün sahələrə maraq göstəririk. Lakin prioritet saydığımız istiqamətlər də var. Bunlar millətimizin strateji maraqları ilə bağlı olan istiqamətlərdir.

"İnternet fırtınası" sakitləşəcək

-Baş redaktor olaraq jurnalistlərə mövzu seçimində sərbəstlik verirsiniz, yoxsa yazılar redaktor heyətinin tapşırığı əsasında qələmə alınır?

-Əgər jurnalist təşəbbüslə çıxış edirsə və öz təşəbbüsünü əsaslandırırsa o zaman mövzu seçimini onun öhdəsinə buraxıram. Mənim və redaktor heyətinin verdiyi tapşırıqlar da olur. Hər şey baş verən gündəlik proseslərdən asılıdır.

- Bir mətbu orqana rəhbərlik etmək nə dərəcədə çətin və ya asandır?

-Gündəlik mətbu orqana rəhbərlik etmək ilk növbədə böyük zəhmət, fədakarlıq və məsuliyyət tələb edir. Bu yükü daşıyanlar onun nə qədər ağır olduğunu yaxşı başa düşürlər.

-Qəzet rəhbəri olaraq hazırda Azərbaycan mətbuatının durumunu necə qiymətləndirirsiniz?

-Azərbaycan mətbuatının durumu cəmiyyətin durumu kimidir... Axtarış və keçid dövrünü yaşayır. Qənaətimə görə bu proses hələ bir neçə il davam edəcək. Azərbaycanda "internet fırtınası" sakitləşdikdən, yəni təxminən 5 ildən sonra çap mediasında yeni bir mərhələ başlayacaq. Zaman hər şeyi özü tənzimləyəcək.

-Sizcə mətbuat sahəsində mövcud olan problemlər nədən ibarətdir və həmin problemlər mətbuatın inkişafına nə dərəcədə mane olur?

-  O qədər çoxdur ki, sadalamaq belə mümkün deyil. Əslində bu problemlər iki hissəyə bölmək olar. Bunlardan birincisi biznes və informasiya sahəsinə, cəmiyyətin ümumi inkişafına xas olan problemlərdir ki, bunun üçün təkcə media sahəsində islahatların aparılması yetərli deyil. Bu islahatlar kompleks şəkildə aparılmalıdır. Yalnız mediaya aid olan problemlər isə bir o qədər də çox deyil. Cəmiyyətin inkişafı, aparılan islahatlar nəticəsində formalaşacaq mühit və yaranacaq yeni şərtlər  bu problemlərin qısa bir zamanda həll olunmasına imkan yaradacaq.

Bir avtobus Astara sakini üstümə gəldi

-Maraqlıdır Elçin Mirzəbəylinin mətbuata gəlişi nə zamana təsadüf edir və ilk yazınız nə zaman, hansı qəzetdə işıq üzü görüb?

-Şeirlərim orta məktəbin 5-ci sinifində oxuyanda dövri mətbuatda dərc olunub. İlk publisistik yazım isə 1984-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində yayımlanıb. Yazı "İnqilab şahidlərinin nikbin faciəsi" adlanırdı və Vsevolod Vişnevskinin "Nikbin faciə" əsərinə həsr olunmuşdu.

-Jurnalistika həyatınızda ən yadda qalan hadisə Sizin üçün hansı hadisə olub?

-Az qala hər gün həyatımda yeni hadisə baş verir. Həm çap mediasında, həm də televiziyada çalışdığım müddətdə başıma o qədər hadisə gəlib ki... Birini danışım: "Üç nöqtə" qəzetində redaktor kimi fəaliyyət göstərdiyim vaxtlarda "Küncdəki adamın dedikləri" adlı rubrikam vardı və bu rubrika altında hər həftə iki yazı ilə çıxış edirdim. "Üç nöqtə" qəzetini təxminən 20 min tirajla çıxan vaxtlarıydı. Həmin dövrdə qəzetdə Astara rayonunda baş verən neqativ hadisələrlə bağlı silsilə yazılar dərc olunurdu. Haqlı tənqidə tuş gələn və bununla barışa bilməyən vəzifəli şəxslər isə bir avtobus Astara sakinini üstümüzə göndərmişdilər. Nə isə yaxşıca öyrədilmiş xeyli adam redaksiyaya daxil olan kimi səs-küy salmağa başladılar. Birdən gözləri mənə sataşdı və "aha, küncdəki adam" deyib üstümə hücum çəkdilər... Amma yaxşı qurtardıq. Sağ olsunlar, döyüb eləmədilər....

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31