Tural Abbaslı Arif Hacılını günahlandırdı
“Problemləri həll etmək əvəzinə, məsələlərin mövcudluğunu inkar edir”
17 Aprel 2015 13:53 Müsahibə"Əgər partiya bu seçkilərdə uğur əldə etmək istəyirsə ilk növbədə daxili birliyi təmin etməlidir"
Qurultaydan keçən dövr ərzində Müsavat Partiyasında yaranan narazılıq, fikir ayrılıqları hələ də həllini tapmayıb. Partiya başqanının narazı partiya üzvlərinin fikirlərini dinləməməsi, əksinə onlarla ünsiyyətdən qaçması sıravı müsavatçıların partiyanı tərk etmələri ilə nəticələnir. Partiyanın sosial bazasının getdikcə zəifləməsinin qarşısını almaq əvəzinə isə narazılar, eləcə də Müsavatdan gedənlər başqana yaxınlığı ilə seçilən funksionerlər tərəfindən sosial şəbəkələrdə təhqir olunur. Bəs görəsən Müsavatdakı bu arzuolunmaz vəziyyət partiyanı hara aparır? Xüsusilə parlament seçkiləri ərəfəsində daxili gərginlik dövrünü yaşayan partiyanın seçkilərə hazırlıq prosesinə baş verənlər hansı mənfi təsiri göstərəcək? Bu və ya digər suallarla bağlı Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı ilə söhbətləşdik.
-Tural bəy, hazırda Müsavat Partiyasında partiyadaxili vəziyyət necədir və qurultaydan sonra mövcud olan gərginlik nisbətən aradan qalxıbmı?
-Fikrimcə hazırda partiyada vəziyyət gərgin sabit olaraq qalır. Çünki partiyada daxili narazılıq doğuran heç bir problemli məsələ öz həllini tapmayıb. Əksinə bir qrupun üstünlüyü ilə daha da dərinləşdirilib. Təəssüf doğuran hal isə odur ki, Arif Hacılı bu problemləri həll etmək barədə düşünmək əvəzinə belə məsələlərin mövcudluğunu inkar etməkdə davam edir. Bu mövqe də təbii ki, partiyanın zəifləməsinə və siyasi səhnədə tutduğu yerini itirməsinə səbəb ola bilər. Düşünürəm ki, hələ də partiyadaxili barışıq mühitinin yaradılması və əvvəlki gücün bərpası üçün bütün şanslar itirilməyib. Ancaq, təbii ki, bunun üçün ilk növbədə siyasi iradə və istək lazımdır. Artıq qələbə eyforiyasından ayılıb real vəziyyəti ayıq başla qiymətləndirmək zamanıdır. Müsavatın artıq daxili çəkişmələr və intriqalarla güc itirmək, zəifləmək zamanı deyil. Unutmaq olmaz ki, bu gün çox rahatlıqla itirilən mövqeləri qaytarmaq zamanında çox ağır başa gələ bilər.
-Daxili gərginlik dövrünü yaşayan partiyanın parlament seçkilərinə hazırlığı bir qədər çətin olmayacaq?
-Təbii ki, istənilən təşkilatda daxili gərginlik varsa bu onun fəaliyyətinin bütün sahələrinə mənfi təsir edir. Nəzərə alsaq ki, parlament seçkiləri 125 dairədən 5000-dən artıq məntəqəni əhatə efəcək bir seçkidi və burada partiya 125 namizədlə çıxış etməlidir, o zaman bu işin nə qədər ağır bir iş olduğunu bir daha görə bilərik. Unutmaq lazım deyil ki, Müsavat bu seçkilərdə iştirak namimə iştirak etməməli, hər dairədə qalib gəlmək üçün iştirak etməlidir. O zaman partiyadaxili birliyin, bütövlüyün və həmrəyliyin nə qədər vacib olduğu anlaşılar. Arif bəy bütün partiyanı qucaqlayıb bu prossesə cəlb edə bilməsə sadəcə olaraq qurultayda onu dəstəkləmiş qrupa istinad edərək bu seçkilərə getsə, uğur barədə danışmaq mümkün olmayacaq. Xatırlamaq lazımdır ki, bu günkü başqan seçicilərin 50 faizdən bir qədər çoxunun səsi ilə seçilib. Yerdə qalan 47-48 faiz seçicilərin təmsil etdikləri partiya üzvlərini gözardı etmək olmaz. Odur ki, əgər partiya bu seçkilərdə uğur əldə etmək istəyirsə ilk növbədə daxili birliyi təmin etməlidir. Bu yolun altetnativi yoxdur, ya da var mən bilmirəm.
-Bu arada Müsavatdan ayrılıb ADR Hərəkatında birləşənlər Müsavatın sosial bazasını nə dərəcədə parçalamış oldular?
-ADR-in Müsavatın sosial bazasını parçaladığını düşünmürəm. Ən azından indi belə bir şey hiss olunmur. ADR-də təmsil olunan bir çox üzvlər, hətta oranın rəhbərliyinin böyük əksəriyyəti hələ də Müsavat Partiyasında öz fəaliyyətlərini davam etdirirlər. Təbii ki, belə bir qurumun yaradılması cəmiyyətdə Müsavatın parçalanması görüntüsü yaranmasına rəvac verə bilər. Ancaq ADR hələlik Müsavatı parçalayacaq və ya ona alternativ ola biləcək gücdə deyil. Odur ki, mən ADR-in fəaliyyətində partiya üçün təhlükə görmürəm.
-Müsavatın Milli Şuraya alternativ qurum yaratmaq istəyi barədə fikirlər nə dərəcədə realdır?
-Bu gün Müsavatda hansısa birlik və ya blok yaratmaq barədə addımlar atılmır. Ən azından mən belə bir niyyətin varlığından məlumatsızam. Çox güman ki, partiya bu seçkilərə tək qatılacaq. Həm də indiki siyasi vəziyyət Müsavatın hər hansı birlik və ya blok yaratması üçün əlverişli deyil.
-Müsavat funksioneri Mustafa Hacıbəyli, eləcə də başqana yaxın şəxslərin sosial şəbəkədə partiyadan ayrılanları təhqir etməsini bir müsavatçı kimi necə qarşılayırsınız?
-İndiki məqamda nəinki partiyanın seçkili orqanlarının üzvlərinin və rəhbərliyinin, ümumiyyətlə heç kəsin partiyanı tərk edən üzvlər barədə təhqir və həddini aşan ifadələr işlətməsini qəbul etmirəm. Heç kim unutmamalıdır ki, bu gün partiyadan istefa verən şəxslərin partiya qarşısında böyük əziyyətləri və xidmətləri olub. O insanların çoxu həyatlarının böyük bir hissəsini partiya yolunda xərcləyiblər. Əgər kmsə partiyadan gedirsə bu onun azad seçimidir. Rəhbərlik isə əksinə gedənləri qaytarmaq və bu fikirdə olanları fikirlərindən daşındırmaq üçün adımlar atmalı və çıxış yolları axtarmalıdır. Çünki siyasi fəaliyyətin bu dərəcədə təhlükəli olduğu bir zamanda, cəmiyyətin siyasi fəallığının aşağı olduğu məqamda qüvvə utirmək zamanı deyil. Bu məsələnin digər mənfi tərəfi də gedənlərə göstərilən mənfi münasibət partiyada illərini qoyanların da özlərinin gələcəkləri barədə şübhələrin yaranmasına səbəb olmasıdır. Hər partiya yeni üzvlərin cəlb olunması barədə düşünməlidir, gedənlərin arxasınca tənqid etmək barədə yox.
Süleyman