Ermənipərəst qüvvələrin yetişdirdiyi antiAzərbaycan dairələr fəallaşıb
“Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir”
17 Aprel 2015 13:24 MüsahibəAzərbaycan ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarını dostluq və tərəfdaşlıq oyunları hesab etməsinə baxmayaraq bu möhtəşəm tədbirə kölgə salmağa cəhdlər edilməkdədir. Azərbaycan nəinki Avropanı, eləcə də bütün dünyanı ölkəmizə dəvət edərək bu idman bayramından zövq almağa, insanlar arasında xoş münasibətlərin bərqərar olmasına nail olmağa şərait yaratdığı halda bu xoşməramlı tədbiri baykot çağırışları səslənməkdədr. Halbuki təcrübə göstərir ki, belə idman oyunları yer üzünün əşrəfi olan insanları birləşdirməkdə mühüm rol oynayır. Prezident İlham Əliyev dünya ictimaiyyətinə çağırışında deyildiyi kimi: "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman! Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir. Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik". Təəssüf ki, dövlət başçısının bu çağırışına kölgə salmağa çalışan daxili və xarici qüvvələr öz məkirli niyyətlərindən əl çəkmək fikrindən uzaq görünürlər. Bəs, Azərbaycana qarşı bu kimi ikili standartlar haradan qaynaqlanır? Müsahibimiz millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.
- Gövhər xanım, qarşıdan gələn Birinci Avropa Oyunları ərəfəsində bəzi xarici və daxili dairələr tərəfindən anti-Azərbaycan kampaniyasına start verilib. Hətta, bugünlərdə müxtəlif ölkələrdən olan 45 QHT təmsilçisi, siyasətçi və ekspertlər dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciət edərək, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykot etməyə, Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqinə çağırış ediblər.
Sizcə, Azərbaycana qarşı sərgilənən bu kimi qərəzli mövqenin arxasında hansı niyyətlər durur?
- Doğrudan da, ölkəmiz çox möhtəşəm beynəlxalq tədbir ərəfəsindədir. Heç də asan başa gəlməyən hazırlıq işləri artıq uğurla tamamlanmaqdadır. Prezidentimizin və onun mütəşəkkil komandasının qısa bir zaman kəsiyində hansı böyük işlər gördüyünün hamımız fərqindəyik. Belə bir məqamda sağlam məntiq iş görənə kömək etməyi tələb edir, ətrafında sıx birləşərək, yardım əlimizi uzatmağı tələb edir. Çünki gözlənilən tədbirin - I Avropa oyunlarının uğurla başa çatması hamımız üçün lazımdır, Azərbaycanın qüdrətli və modern bir dövlət kimi imicinin dünya miqyasında yüksəldilməsi, xalqımızın sülhpərvər, sivil, tolerant, multikultural obrazının dünyada tanıdılması üçün zəruridir, yeni tərəfdaş və dost qazanmaq üçün gərəklidir.
Çox təəssüf ki, belə bir məqamda sapı özümüzdən olan elə baltalar tapılır ki, beynəlxalq anti-Azərbaycan qüvvələrə dəstək verir. Nədir məqsədi bu antiAzərbaycan qüvvələrin? Haradan qaynaqlanır? Kimdir onları bu mənfur əməllərə sövq edənlər? Bu suallara Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda özü ətraflı aydınlıq gətirdi: "Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir". Belə olan halda, erməni və ermənipərəst qüvvələrin yetişdirdiyi antiazərbaycançı dairələr fəallaşır. Ölkəmizin inkişafı və artan nüfuzu onları narahat edir. Odur ki, Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, işimizə kölgə salmaq, ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ötən illər mütləq bir həqiqəti də ortaya qoydu: Prezidentimizin siyasi iradəsi istənilən təzyiqi və maneəni dəf etməyə qadirdir. Onun dediyi kimi, "sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir".
- Bu səpkili kampaniyaların kökündə bəlkə daha çox Azərbaycanın müstəqil siyasət yeritməsi dayanır?
- Həqiqətən Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət yürüdür, heç kimdən və heç bir ölkədən asılı deyil. Bu isə böyük dövlətləri qane etmir və onları qıcıqlandırır. Odur ki, belə ölkələr Azərbaycana təzyiq etmək və onun rəhbərliyini dünya ictimaiyyətinin gözündən salmaq fürsətini əldən vermirlər. Prezidentimizin sözləri ilə desək, "bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr, əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik". Azərbaycana qarşı yönəlmiş kampaniyalar beynəlxalq tədbirlər ərəfəsində xüsusilə eybəcər forma alır. Amma Azərbaycan xalqı kimin kim olduğunu gözəl bilir, öz Prezidenti və onun milli mənafeyə söykənən siyasətinin arxasında möhkəm durur və istənilən təzyiqə və şər-böhtan kampaniyasına cavab verməyə qadirdir.
Alim