“Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək”

Əjdər Cəfərov: “Və dünya idman ictimaiyyətini növbəti dəfə heyrətləndirəcək”

I Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca bu istiqamətdə hazırlıq işləri də sürətləndirilir. Paralel olaraq belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsini istəməyən bəzi beynəlxalq QHT-lə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Bəs görəsən antiAzərbaycan qüvvələrin bu missiyası baş tutacaq və I Avropa Oyunlarına hansısa poblemlər yaradacaqmı? Bu və ya digər suallarla bağlı Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əjdər Cəfərov Azərbaycan güləşçilərinin I Avropa Oyunlarına hazırlıq prosesindən də danışıb.

-Əjdər müəllim, Azərbaycan mötəbər bir tədbirə hazırlaşır. Əvvəlcə bilmək istərdim ki, belə bir tədbirin ölkəmizdə keçirilməsini necə dəyərləndirirsiniz və Azərbaycana hansı dividentlər gətirəcək?

-Avropa Oyunları kimi mötəbər bir yarışın, həm də ilk dəfə gənc müstəqil bir dövlətdə keçirilməsi yalnız və yalnız müsbət qiymətləndirilməlidir. Əvvəla ona görə ki, bu, beynəlxalq idman qurumlarının, Avropa dövlətlərinin ölkəyə olan etibarının göstəricisidir. Bu o deməkdir ki, Azərbaycan bu gün o səviyyədə inkişaf edib ki, beynəlxalq idman qurumları belə bir tarixi hadisənin təşkilatçılığını məhz bizə həvalə edib. Təbii ki, bu elə də sadə məsələ deyil. Belə bir tarixi idman hadisəsinə ev sahibliyi etmək üçün ölkəmiz az müddətdə çox uğurlu yol keçib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Dövlət İdman siyasətinin uğurla icrası ölkəmizin beynəlxalq idman qurumlarında olan mövqeyini günü-gündən möhkəmləndirir. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, bu gün artıq bütün dünyada Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Çünki müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən Dövlət İdman siyasətinin tərkib hissəsi kimi, ölkəmiz ayrı-ayrı idman növləri üzrə müxtəlif səviyyəli beynəlxalq turnirlərin, Avropa və Dünya çempionatlarının yüksək təşkilatçılığı ilə beynəlxalq qurumların diqqətini cəlb edə bilib. Bu mənada hesab edirəm ki, Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcək və dünya idman ictimaiyyətini  növbəti dəfə heyrətləndirəcək. Artıq hazırlıq işlərinin son mərhələsinə qədəm qoymuşuq. Bu günə qədər görülən işlər bizim ölkə olaraq nə qədər doğru yolda olduğumuzu bir daha sübut edir. Oyunların yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada daha yaxından tanıdılmasında əvəzsiz rol oynayacaq.

-Bu arada müəyyən xarici dairələr bu yarışlara hər vasitə ilə kölgə salmağa çalışırlar. Sizcə burada əsas məqsəd nədir?

-Belə şayiələri ancaq gülüşlə qarşılamaq lazımdır. Aciz insanlar, cəmiyyətdə nüfuz sahibi olmayan, qlobal götürsək, dünya idman arenasında xüsusi mövqeyi olmayan dövlətlər və  təşkilatlar şayiələr buraxmaqla diqqəti özlərinə cəlb etmək, digərlərinin uğurlarına kölgə salmaqla məşğul olur. Belə adamlara və təşkilatlara cavabımızı Oyunların yüksək səviyyəli təşkilatçılığı və qazanacağımız yüksək əyarlı medallarla verəcəyik. Onlar unudurlar ki, palçıq atmaqla günəşə ləkə yaxmaq mümkün deyil.

-Azərbaycana qarşı qara piar kampaniyasına qoşulan həmin dairələrin məkrli planları Avropa Oyunlarına hansısa mənfi təsir göstərəcəkmi?

-Düşünmürəm ki, aparılan qara piar Avropa Oyunlarına hər hansı mənfi təsir göstərsin. Çünki Avropa Oyunlarının keçirilməsi üçün ilk gündən Təşkilat Komitəsi fəaliyyətə başlayıb. Təşkilat Komitəsində təmsil olunan şəxslərin hər biri ölkəmizdə və dünyada tanınmış insanlardır. Hesab edirəm ki, Təşkilat Komitəsinin həyata keçirdiyi uğurlu strategiya Oyunların sonunda ölkəmizə qarşı qara piar aparan həmin dairələri məyus edəcək. 

-Bu arada AGF olaraq Avropa Oyunlarına necə hazırlaşırsınız və Azərbaycanın idmansevərlərini sevindirə biləcəksinizmi?

-Azərbaycan güləşçiləri hər zaman öz qələbələri ilə bütün xalqımızı sevindirib. Xatırlatmaq istərdim ki, son Olimpiya Oyunlarında ölkəmizin qazandığı 10 medaldan 7-si məhz güləşçilərimizin payına düşüb. Güləşçilərimiz qatıldıqları bütün Qitə və Dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanaraq ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəldib, himnimizi səsləndiriblər. Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz məlum olandan sonra Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədov tərəfindən xüsusi hazırlıq planı təsdiqləndi. Həmin plana uyğun olaraq işlərimizi qurmuşuq. Hazırlıqlarımız davam edir. Federasiyamızın I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü cənab Namiq Əliyev daim yığma komandaların təlim-məşq toplanışlarına və iştirak etdikləri sınaq yarışlarına qatılır. İdmançılarımızın hazırlıq vəziyyəti ilə  yerində tanış olur. Hazırlıqlar üçün lazım olan hər bir məsələ yüksək səviyyədə həllini tapır, güləşçilərin ehtiyacları yerindəcə həll olunur. İnanıram ki, hazırlıq proseslərinin yekununda ideal heyət formalaşdıracağıq və Avropa Oyunlarında uğurla iştirak edəcəyik. Əminəm ki, güləşçilərimiz hər zaman olduğu kimi bu dəfə də üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcək, öz qələbələri ilə bütün xalqımızı sevindirəcəklər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31