Çanaqqala Türk dünyasının qürur, iftixar yeridir
Əlikram Müzəffər: “Türk dünyasının bu böyük zəfər səlnaməsi iki qardaş ölkəni daha da yaxınlaşdırır, birləşdirir”
14 Aprel 2015 15:30 MüsahibəÇanaqqala zəfərindən 100 il ötür. Türk dünyasının qəhrəmanlıq səlnaməsinin parlaq səhifələrindən biri olan Çanaqqala zəfərinin möhtəşəm yubileyi ölkəmizdə və qardaş Türkiyədə geniş qeyd olunacaq. Qardaş ölkədə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İdeal Sülhün Təbliği Fondu da geniş nümayəndə heyəti ilə Türkiyə Cümhuriyyətinə səfər edəcək. Fondun prezidenti Əlikram Müzəffərlə söhbətimizdə Çanaqqala zəfərinin 100 illiyinə hazırlıq istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər, qarşıya qoyulan vəzifərlədən danışdıq.
-Əlikram müəllim, Çanaqqala zəfərinin 100 illiyi tədbirinə necə hazırlaşırsınız?
-Beynəlxalq İdeal Sülhün Təbliği Fondu yubiley tədbirlərinə ciddi hazırlıq görür. Ümumiyyətlə, Çanaqqala hadisələri bütün Türk dünyasının qürur, iftixar yeridir. Bir əsr bundan əvvəl mərd, igid Azərbaycan oğulları Anadoluda, Çanaqqalada türk qardaşları ilə birləşərək, şücaət, qəhrəmanlıq göstərmişlər. Bu gün Çanaqqalada yüzlərlə igid övladlarımız uyuyur. Qeyd edim ki, 10 il əvvəl Çanaqqala zəfərinin 90 illik yubileyi də möhtəşəm tədbirlərlə yadda qalmışdı. 2005-ci ildə İzmirdə yaşayan Rəvan əsilli soydaşımız Nicat Qarasunun (qədim İrəvan xanlığının varislərindən biri) rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Xətai rayonunda yubiley mərasimlərində fəal iştirak etdi. Tədbirə Türkiyənin ölkəmizdəki səfirliyinin işçiləri, millət vəkilləri, görkəmli alimlər, ictimaiyyətin və KİV-in nümayəndələri də iştirak edirdi. O zaman Çanaqqala qəhrəmanlarının xatirəsi böyük ehtiramla anıldı. Türk dünyasının bu böyük zəfər səlnaməsi iki qardaş ölkəni daha da yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi "Biz iki dövlət, bir millətik." Böyük Atatürk isə demişdir: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir." Qardaş Türkiyənin sevinci də bizim sevincimizdir.
-Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsini necə dəyərləndirirsiniz?
- Çanaqqala zəfərinin 100 illik yubileyinin qeyd olunması eyni zamanda yalançı "erməni soyqırımı"nı yayanlara ən tutarlı, sanballı cavabdır. Türkiyənin Çanaqqala savaşında şəhid olmuş insanların şücaətləri əbədi dostluğumuza, qardaşlığımıza nümunədir. Bu zəfər döyüşlərində şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalmış Azərbaycan övladlarının da əziz xatirəsini yad etmək, gənc nəslə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
-Fond olaraq yubiley tədbirlərində hansı formada iştirak edəcəksiniz?
-İdeal Sülhün Təbliği Fondu İstanbul şəhərində keçiriləcək yubiley tədbirlərində geniş tərkibdə iştirak etməyi planlaşdırır. Fondun vitse-prezidenti, professor Rəşid Mahmudov, fondun mədəniyyət və incəsənət departamentinin sədri, Məhəmməd Teymurlu, xalq artisti Bilal Əliyev, fondun məsul katibi Afina Əliyeva, görkəmli ictimai xadimlər, vətənpərvər insanlar möhtəşəm yubileyə qatılmaq arzusundadırlar.
-Bəs səfərinizin reallaşması üçün sizə maddi dəstək verilirmi?
-Maliyyə dəstəyinə görə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova, TUSİAB və ATİB-in rəhbərlərinə, "Azərsun" şirkətinin rəhbəri Abdulbari Gözələ müraciət etmişik. Çanaqqala millət vəkili İbrahim Koşdərə də fondun təşəbbüsünə dəstək olacağına söz verib.
-Bu kimi tədbirlər tarixi gerçəkliklərin üzə çıxarılması baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, ermənilər qədim Azərbaycan torpaqlarında yaşayırlar. Bunu tarixi mənbələr də sübut edir. İstanbul şəhərindəki Osmanlı arxivindən Rəvan (İrəvan) xanlığının siyahıya alma dəftərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna təhvil verilib. Bu gün İqdırda, İzmirdə minlərlə Rəvan əsilli soydaşlarımız yaşayır. Rəvanın sonuncu xanı Həsən xanın nəvəsi, general Hüseynqulu xanın oğlu Turxan Turqut bəy hazırda İstanbul şəhərində yaşayır. O, vətənpərvər insandır, Azərbaycanı çox sevir. İstanbulda keçirdiyimiz tədbirlərdə fəal iştirak edir. Rəvan xanının varisi sağ ola-ola niyə bunu dünyaya bəyan etməyək? Axı, bü gün Ermənistan adlanan ölkə Rəvan xanlığının tarixi torpaqlarında-bizim ata-baba yurdumuzda yerləşir. Son 100 ildə ermənilər tərəfindən doğma ocaqlarından zorla çıxarılmış, məcburi köçkünə çevrilmiş milyonlarla soydaşımızın öz haqlarını tələb etməyin vaxtı çatmayıbmı? Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, Türkiyədən həyasızcasına torpaq iddiası edən ermənilərdən tarixi torpaqlarımızı, onların vəhşicəsinə dağıtdıqları mülklərimizi, məscidlərimizi, tarixi abidələrimizi tələb etməliyik.
-Sizcə, tarixi faktlar ortada olduğu halda beynəlxalq birlik bu haqsızlığa niyə göz yumur və bundan sonra daha hansı təsirli addımlar atmaq lazımdır?
-Dünyanın dörd tərəfinə səpələnmiş, köçkün həyatı yaşayan soydaşlarımızdan təvəqqe edirəm ki, öz haqq səslərini ucaltsınlar, Avropa İnsan Haqları Məhkəməsinə, digər beynəlxalq təşkilatlara müraciət edib Ermənistan dövlətindən təzminat istəsinlər. Onu da diqqətə çatdırmaq istəyirəm ki, Belçika-Azərbaycan Evinin rəhbəri Bülənt Gürçam, İqdırın keçmiz bələdiyyə başqanı Nurəddin Araz, iqdırlı iş adamı Hacı Saleh Araz bəy qürbətdə Rəvan höküməti yaratmaq, orada Azərbaycanın üçrəngli bayrağını qaldırmaq təşəbbüsümüzü dəstəkləyirlər.
-Rəhbərlik etdiyiniz fondun film çəkilişləri təşəbbüsü haradan qaynaqlanır?
-Beynəlxalq İdeal Sülhün Təbliği Fondu "Sürgündə Vətən" adlı yeni film çəkməyi nəzərdə tutur. Bu günlərdə "Səs" TV ilə birlikdə Bakı şəhərindəki 160 nömrəli tam orta məktəbdə daha bir sənədli filmin çəkilişinə başlayacağıq. Məqsədimiz gənc nəslin ümummilli lider Heydər Əliyevin parlaq ideyaları, Atatürkün əxlaqı ruhunda tərbiyəsi işinə yeni töhfələr vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.
Füzuli