Milli Şura öz nüfuzunu keçirdiyi mitinqlərdə göstərməkdədir
Fuad Əliyev: “O şuranın üzvlərindən xahişim budur ki, sussunlar, başqalarının bostanına daş atmasınlar”
13 Aprel 2015 13:40 Müsahibə"Bir gün atdıqları daş öz başlarına düşə bilər"
Bu ilin sonunda keçiriləcək parlament seçkilərində seçki mübarizəsinə qoşulacaq siyasi qüvvələrdən biri də Azərbaycan Liberal Demokrat Partiyasıdır. "Azadlıq-2015" seçki blokunda təmsil olunan ALDP namizədlərinin müəyyənləşdirilməsi istiqamətində də işlər aparır. Partiyanın, ümumilikdə müxalif düşərgənin seçkilərə hazırlıq prosesi, partiyalararası əməkdaşlıqla əlaqədar ALDP sədri Fuad Əliyevlə söhbətləşdik.
-Fuad bəy, Azərbaycan Liberal Demokrat Partiyası olaraq seçkilərə hazırlıq istiqamətində hansı işlər görürsünüz və partiyada seçkiyə hazırlıq prosesi necə gedir?
-Təbii ki, biz bu dəfə də parlamentə keçiriləcək seçkilərdə iştirak edəcəyik. Bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyasında hazırlıq işlərinə başlanılıb, partiyadaxili müəyyən qurumlara müvafiq tapşırıqlar verilib. Seçki prosesinə start verildikdən sonra kimin hansı işi görəcəyi artıq müəyyənləşib. Azərbaycan Liberal Demokrat Partiyası olaraq biz 15 namizədlə seçkilərdə iştirak etməyə iddialıyıq. Bu proses hələ ki, gedir. Yəqin ki, biz tezliklə bu prosesi yekunlaşdıracağıq. Partiyanın namizədləri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alındıqdan sonra proses daha da sürətləndiriləcək. Ümumiyyətlə, biz hər bir seçkidə iştirak edirik. Düzdür, əsas məqsədlərimizdən biri, seçkilərdə qələbə qazanmaqdır. Amma məğlub olduqda da ruhdan düşmürük, əksinə məğlubiyyətimizin səbəbləri araşdırılır ki, növbəti seçkilərdə o səhvləri bir də buraxmayaq. Seçki təcrübəsini toplamaq bizə olduqca vacibdir.
-Ümumilikdə Azərbaycan müxalifətinin seçkilərə hazırlığını necə dəyərləndirirsiniz?
-Bilirsiniz ki, ALDP bu parlament seçkilərinə "Azadlıq 2015" seçki blokunda təmsil olunmaqla gedəcək. Blokda müxalifətin əksər partiyaları cəmləşib. Bu sıraya KXCP, Azadlıq, AzDP, AXP, VİP, BAP və Aydınlar Partiyası daxildir. Biz mütəmadi olaraq toplanırıq və müəyyən məsələləri müzakirə edirik. Sonuncu dəfə "Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər" adlı dəyirmi masa keçirdik. Bloka üzv partiyalarla yanaşı, üzv olmayan digər partiyaların təmsilçiləri də tədbirə qatılıblar. O cümlədən Müsavat Partiyasının təmsilçisi Arzu Səmədbəyli də tədbirdə iştirak edib. Həmçinin tədbirə tanınmış ekspertlər, politoloqlar da qatılıb. Onların hər biri öz fikir və düşüncələrini bölüşüblər. Bundan başqa "Azadlıq-2015″ Seçki Blokunun seçki qərargahının iclasını keçirmişik. Eyni zamanda, blokun Sədrlər Şurasının da iclası keçirilib. Bu kimi tədbirlərimizdə texniki məsələlərdən tutmuş digər məsələlərə qədər, yəni təbliğat, təşviqat kampaniyası, dairələrin müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Ümumilikdə müxalifətə gəldikdə isə, düşünürəm ki, onlar da ayrı-ayrılıqda və yaxud hansısa birlikdə parlament seçkilərinə qatılacaqlar. Müxalifətin seçkilərdə iştirakı olduqca vacibdir. Bu həm təcrübə toplamaq, həm gücünü sınamaq, həm də seçki prosesində baş verən qanunsuzluqların qarşısını almaq deməkdir. Müxalifətin seçkidə iştirakı bunların qarşısını almaq deməkdir. Maddi və texniki bazasının güclü və ya zəif olmasından asılı olmayaraq bütün müxalifət partiyaları seçkilərdə iştirak etməlidir.
-Bu gün bir sıra partiyalar seçki hazırlıqlarından daha çox mitinqlər keçirməyə üstünlük verirlər. Sizcə kütləvi aksiyalar üçün sosial sifariş varmı?
-ALDP hər bir partiyanın qərarına hörmətlə yanaşır. Əgər hansısa partiya mitinq keçirirsə, bizim onun daxili işinə qarışmaq haqqımız yoxdur. Seçkiyə az bir müddət qalır, partiya var ki, bu prosesə hazırlaşır, partiya da var başı mitinqlərə qarışıb. Şəxsən ALDP-nin mitinq keçirməyə vaxtı yoxdur. Biz seçkiyə hazırlaşırıq, daxili və xarici partiyalararası əməkdaşlığımızı genişləndiririk, təşkilatlanmaya üstünlük veririk. Onu da deyim ki, elə ay olmur ki, mənim xaricə səfərim olmasın. Bu günlərdə yenidən Birləşmiş Ştatlardan qayıtmışam. Orada Dövlət Departamenti və Konqresdə görüşlər keşirmişəm. Bunu deməkdə məqsədim odur ki, bizim partiyanın mitinq keçirməyə, ona hazırlaşmağa vaxtı olmur.
-Hakimiyyət təmsilçisi ilə müxalifət partiyaları arasında keçirilən görüşlər bəzi siyasilər tərəfindən etirazla qarşılanır. Bu günlərdə Milli Şura üzvüləri həmin partiyaları cib müxalifəti, 5 nəfər üzvü olmayan partiyalar kimi qiymətləndirib. Bu cür yanaşmaya münasibətiniz necədir?
-İlk mətbuatsız keçən iqtidar-müxalifət görüşündə biz iqtidar nümayəndəsi qarşısında bütün problemləri qaldırırıq. Çalışırıq ki, orda bütün problemləri səsləndirək. Məndə hardasa bir inam var ki, qaldırdığımız problemlərin hamısı həll olunmasa da, bir neçəsi həllini tapacaq. İkinci görüş də səmərəli keçib. Düzdür, həmin görüş zamanı mən Azərbaycanda deyildim. Amma görüşü izlədim. O ki, qaldı orada iştirak edən müxalifət partiya liderlərinə qarşı ittihamlara, mən bunu demaqogiya hesab edirəm. Bu, tamamilə boş, absurd fikirlərdir. Orda gedib iştirak etmək lazımdı. Əgər AXCP və Müsavatın hansısa problemləri varsa, gedib orda açıqlamaq, üz-üzə oturub sözünü demək lazımdır. Yoxsa özü iştirak etmir, edənlərə də hansısa bir ləkə atır. Bunlar səviyyəsiz fikirlərdi. Hesab edirəm ki, bu görüşlərdə sağlam fikirlər səsləndirilir. Orada bizim bloka daxil olan partiyalar başqa bir niyyət güdmür. Başqaları barədə deyə bilmərəm. Biz gedib orda cəmiyyəti maraqlandıran problemləri qaldırırıq. Orda heç bir partiya mandat söhbəti etmir. Əgər Milli Şuranın hansısa üzvü bizi cib müxalifəti adlandırırsa və yaxud da üzv olmayan partiya kimi tanıyırsa, onda onlar özlərini göstərsinlər. Milli Şuranın nə məqsədlə yaradıldığı və hansı istiqamətlə irəliləmək istəməsini burada söyləsəm qurum bomba kimi partlayar. İqtidar-müxalifət görüşündə iştirak edən partiyaların hər birinin öz çəkisi və ictimaiyyət arasında nüfuzu var. Milli Şura isə öz nüfuzunu keçirdiyi mitinqlərdə göstərməkdədir. O şuranın üzvlərindən xahişim budur ki, sussunlar, başqalarının bostanına daş atmasınlar. Bir gün atdıqları daş öz başlarına düşə bilər. Bundan ehtiyatlanıb, danışsınlar. ALDP Milli Şuranın işinə qarışmır, o qurum bizim maraq dairəmizdə deyil. Qoy biz də onların maraq dairəsində olmayaq. Bizim haqqımızda araşdırma aparıb nə qədər üzvümüzün olub olmadığını, kimin cibinə girməyimizi öyrənməkdənsə, vaxtlarını mitinqlərinə adam toplamağa sərf etsinlər. Azərbaycan balaca ölkədir, burada hansı qurumun liderinin hansı xarici qurumla əməkdaşlıq etdiyini, haradan maliyyələşdiyini hamı bilir. Bunlar bu günün mövzusu deyil, 1993-cü ildən bu yana bizi bəyənməyənlərlə bağlı əlimizdə tutarlı faktlar var.
- Ümumiyyətlə hakimiyyətlə keçirilən görüşlərin nəticələri müxalifət üçün səmərəli olacaqmı?
-Düşünürəm ki, olacaq. Bütün hallarda müxalifət orada öz sözünü deyir, hakimiyyət nümayəndəsi qarşısında tələbini qoyur, problemin həlli yolunu birgə araşdırır. Bizə etiraz edənlər də gəlib öz sözlərini desinlər və orada iştirak etsinlər. Görsünlər ki, biz hansı problemlərin həllini iqtidar nümayəndəsindən tələb edirik. İqtidar da təbii ki, bizim fikrimizə hörmətlə yanaşmalıdır. Mən ümid edirəm ki, bundan sonra da iqtidar-müxalifət dialoqu davam etməlidir.
Süleyman İsmayılbəyli