“Etiraf zamanı”: Nicat Həşimzadə ilə

“Belə bir bacarığım olsaydı, qadın təhtəlşüurunun rəsmini çəkərdim”

"Etiraf zamanı" - layihənin adıdır. Burada seçilmiş müxtəlif peşə sahibləri sırf özləri haqda olan sualları cavablandırırlar. Verəcəkləri cavablar etiraf xarakterlidir. Layihənin növbəti müsahibi artıq bəllidir. O, gənc yazar Nicat Həşimzadədir. N.Həşimzadə 1992-ci ildə Bakıda doğulub. Bakı Asiya Universitetinin İngilis dili fakültəsinin tələbəsidir. İlk şeirini 8 yaşında aşiq olduğu musiqi müəlliməsinə yazıb. Hekayələri mütəmadi olaraq, ədəbi portallarda çap olunur.

Əvvəlki qonaqlar: Emil Salamoğlu, İsmi Şahzadə

- Özünü qısaca ifadə et.

- Tələbə, maddi imkanı olmadığına görə, kitab nəşr etdirə bilməyən Nicat Həşimzadə.

- Vaxt sənin üçün nədir?

- Vaxt elə sadəcə vaxtdır, zamana çox da dəyər vermək - yaşamağı  unutmaq deməkdir. Zaman anlayışını ilahiləşdirmək mənasız işdir .

- Nəyin rəsmini çəkərdin?

- Heç vaxt rəsm çəkməyi bacarmamışam. Lakin belə bir bacarığım olsaydı qadın təhtəlşüurunun rəsmini çəkərdim.

- Ölümsüz olsaydın hansı həyatı seçərdin?

- Ölümsüz olmaq istəməzdim, çünki çox yaşadıqca həyat daha çox adiləşir. Yəqin ki, çox yaşasam ölümümü arzulayanların sayı çoxalacaq. Onlara zəhmət vermədən özüm ölərdim.

- Düşüncə müəlliminin kim olmasını istərdin?

- Düşüncələrin müəllimi onları yaradan səbəblərdir, hər düşüncə hər hansı bir zərurətdən yaranır.

- Həyatda kim haqqında yanıldığını düşünürsən?

- Bir zamanlar Tanrıya çox inanırdım, amma yanılmışam.

- Axırıncı dəfə ləzzətli yeməyi nə vaxt yemisən?

- Yeməkdən həzz almıram, sadəcə aclıqdan ölməmək üçün yeyirəm.

- Nəyi çətin bacarırsan?

-Bağışlamağı bacarmıram, əsasən də hörmətsizliyi. Amma yazmamağı çətin bacarıram, yazmaq mənim həyatımdır.

- Avtobioqrafiyanı yazsaydın, nə görərdik?

- Hər kəs anlaşılmaz, sirli və bir az da  qorxulu olduğumu görərdi. Heç kəs avtobioqrafiya yazanda tam mənada səmimi olmur. Amma mən bütün hekayələrimdə səmimi olmuşam. Yəqin ki, ən səmimi etiraflarımı yazardım.

- Səni güclü edən faktor nədir?

- Əzmkaram, heç zaman təslim olmuram, gülümsəyərək insanların əsəblərini qarışdırıram, bundan həzz alıram.

- Uşaqlığından onun üçün darıxdığın şey nədir?

- O zamanlar dondurmalar daha ucuz və daha keyfiyyətli idi. İndi isə baha və keyfiyyətsizdir, ən çox buna görə darıxmışam.

- Səni nə həyəcanlandırır?

- Uğur və uğursuzluqlarım, hər ikisi həyəcanlandırır.

- Sənə ən çox nəyi başa salırlar?

- Kiməsə tərbiyə vermək özü tərbiyəsizlikdir, hər insanın öz həyatı, öz dünyası var. Erotik hekayələrimə görə, çox tənqid olunuram.

Nə vaxt böyüdüyünü hiss etdin?

- Böyüdüyümü hələ də hiss edirəm, Amma GYOK-un (Gənc Yazarlar və Oxucular Klubu ) yaranması məni yetkinləşdirdi.

- Axırın necə olacaq?

- Heç vaxt bu barədə düşünməmişəm, heç düşünmək də lazım deyil. Nə olacaqsa o da olacaq. Heç kəs bu barədə çox düşünməməlidir.

- Nicat, sən niyə beləsən?

- İnsan  anlaşılmaz  suallara daha çox cavab axtardıqca  yaşamağı  bir o qədər unudur. Hər şeydən imtina edib yaşamaq lazımdır, sadəcə yaşamaq. Niyə belə olduğumu özüm də bilmirəm.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31