Əsas hədəfimiz I Avropa Oyunlarıdır

Firdovsi Umudov: “Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”

Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına Azərbaycan idmançıları da var gücü ilə çalışırlar. Xüsusilə, güləşçilərimiz bu oyunlarda yüksək nəticə əldə etməyi qarşıya hədəf qoyublar. I Avropa Oyunlarına hazırlıq istiqamətində güləşçilərimizin keçirdikləri təlim-məşq toplantıları, yarışlardan gözlənilən nəticələr barədə Sərbəst Güləş üzrə komandanın baş məşqçisi Firdovsi Umudov TRT AVAZ-ın suallarını cavablandırıb. "OLAYLAR" Azərbaycan Güləş Federasiyasına istinadən həmin müsahibəni təqdim edir.

-Firdovsi müəllim, I Avropa Oyunlarına hazırlıq necə gedir?

-Güləş bizim qədim idman növümüzdür. Hər şəhərdə, hər rayonda, kənddə bu idman növü ilə məşğul olurlar. Güləşin tarixinə nəzər salsaq görərik ki, bu tarix qədim zamanlara gedib çıxır. Qarşıdan böyük bir bayram əhval-ruhiyyəli tədbir, I Avropa Oyunları gəlir. Biz də ilk dəfə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq prosesini davam etdiririk. Bu məqsədlə cari ilin əvvəlindən təlim-məşq toplanışlarına başlamışıq. Təlim-məşq toplanışları Rusiyanın Kislavodsk Olimpiya İdman Bazasında keçirilib. Bundan başqa bir sıra idman turnirlərində, Fransa, Belarus, Türkiyədə iştirak etdik. Bir neçə gündən sonra isə Birləşmiş Ştatlarda keçiriləcək dünya kuboku yarışlarında iştirak etmək üçün bu ölkəyə yola düşəcəyik. Bundan sonra I Avropa Oyunları keçiriləcək. Ona görə də bu gün bizim əsas hədəfimiz I Avropa Oyunlarıdır. Onu da qeyd edim ki, Azərbaycan xalqının, millətinin güləş idman növünə böyük marağı var. Eləcə də dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, idmançılara, xüsusilə güləşə böyük diqqət və qayğısı var. Biz də çalışacağıq ki, həm dövlətmiz, həm güləşsevərlər, həm də Azərbaycan xalqının ümidlərini doğruldaq, I Avropa Oyunlarında xalqımızı, millətimizi sevindirək.

-I Avropa Oyunlarında sərbəst güləş üzrə 8 çəki dərəcəsində mübarizə aparacaqsınız. Qızıl medal qazanmağa nail olacaqsınızmı?

-Sərbəst güləşçilərimiz 8 çəki dərəcəsində mübarizə aparacaqlar. Hazırda komandanın heyətini tam elan etməmişik. Komandanın tərkibində iki-üç güləşçi var ki, onlara böyük ümid bəsləyirik. Ümumiyyətlə, bütün güləşçilərimizə ümid edirik ki, onlar qızıl, gümüş və bürünc medal qazana bilərlər. Ümidvaram ki, onları da qzanacaqlar. Çünki yarışlara hazırlıq prosesi yüksək səviyyədə gedir. Bu gün güləşçilərimizə həm dövlətimiz, həm Azərbaycan Güləş Federasiyası, həm də Gənclər və İdman Nazirliyi tərəfindən yaradılan şərait çox yüksək səviyyədədir. Demək olar ki, güləşçilərimiz üçün hər bir şərait yaradılıb. Biz də yaradılan şəraitdən bəhrələnib qarşıdan gələn yarışlarda, xüsusilə əsas hədəfimiz olan I Avropa Oyunlarında xalqımızı, millətimizi sevindirək.

-Siz aktiv idman həyatınızda bir sıra yarışlara qatılmısınız. Bunlardan biri də ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarıdır.  I Avropa Oyunları Azərbaycana, güləş idman növünə hansı müsbət təsirləri olacaq?

-Diqqətinizə çatdırım ki, mən milli yığma komandanın tərkibində də çıxış etmişəm. İstər beynəlxalq yarışlar, istərə sə Avropa və dünya çempionatlarında iştirak etmişəm. Qətiyyətlə deyə bilərəm ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu da əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin düzgün şəkildə davam etməsidir. Həmin siyasət bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün yığma komandanın tərkibində çıxış edən idmançılarımız var ki, onlar 1991-92-ci illərdə anadan olmuş idmançılardır. Onlar Azərbaycanın çətin, acınacaqlı günlərini görməyiblər. Mən yığma komandanın tərkibində çıxış etdiyim müddətdə Azərbaycanda indiki kimi idman salonları, olimpiya kompleksləri yox dərəcəsində idi. Biz acınacaqlı vəziyyətdə, müharibə şəraitində, Azərbaycanda vətəndaş müharibəsi getdiyi bir dönəmdə yaşamışıq. Ümummilli lider Heydər Əliyev Azərbaycana gəlişindən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük dəyişiklər oldu. Biz xəyallarımızda fikirləşirdik ki, Azərbaycanda nə vaxtsa dünya, Avropa çempionatları keçiriləcəkmi? Bu gün isə Azərbaycanda hər il Avropa, dünya çempionatları, dünya kuboku yarışları keçirilir. İyun ayında isə məlum olduğu kimi ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Biz də çalışacağıq ki, Azərbaycan xalqının bizə göstərdiyi etimadı doğruldaq və I Avropa Oyunlarında Türk xalqını, Azərbaycan xalqını sevindirək.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31