“Almaniya Azərbaycanı daim müttəfiqi kimi dəyərləndirir” - MÜSAHİBƏ
Günel Qurban: “Millətimizə və dövlətimizə qarşı mehriban və dost münasibətdə hər zaman görürük”
18 Sentyabr 2012 17:49 Müsahibə"Xaricdə təhsil alan azərbaycanlı tələbələrə maddi yardımdan çox daha önəmli mənəvi dəstəyin olmasıdır"
"Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" və "Azərbaycan Tələbə Şəbəkəsi"nin üzvü, bu ölkədə təhsil alan həmyerlimiz Günel Qurbanın "OLAYLAR"-a müsahibəsi
-Günel xanım, Almaniyadan Azərbaycan necə görünür?
-Azərbaycan neft və qaz resursları ilə zəngin bir ölkə kimi nəinki Avropa və Almaniyanın, hətta bütün dünyanın nəzər diqqətini tarixin bütün dövrlərində özünə cəlb etməyi bacarmışdır. Azərbaycanın, dünyada iqtisadi cəhətdən müstəqil dövlət kimi tanınması tarixi şəxsiyyət və nadir düha sahibi olan Heydər Əlirza oğlu Əliyevin əzəmətli siyasi iradəsinin, müdrik siyasətinin bəhrəsinin nəticəsi idi ki, Azərbaycan suveren dövlət olaraq dünya səviyyəsində iqtisadi əlaqələrini genişləndirdi və dünya iqtisadiyyatına tədricən eyni zamanda möhkəm təməl daşları ilə inteqrasiya olundu. Azərbaycan Almaniya tərəfindən Qafqazda iqtisadi əməkdaşlığın inkişafında ən önəmli ölkə kimi dəyərləndirilir. Ölkələrimiz arasında siyasi, elmi-texniki, mədəni əlaqələrin daim sürətlə artması Azərbaycanın alman xalqı tərəfindən müəyyən sahələrdə hələ tam kəşf olunmayan tərəflərini bütövlükdə böyük alman xalqı üçün incələyir. Alman xalqı Azərbaycan xalqının böyük milli- mənəvi dəyərlərə malik olmasını bilərək öz dövləti qismində və Almaniya Federativ Respublikası da xalqı qismində hər zaman Azərbaycanı dəstəkləmək, həllini hələ tapa bilməyən Dağlıq Qarabağ mövzusunda ədalətli mövqedən çıxış edərək hər zaman müdafiə etməkdən çəkinməmişdir. Alman xalqının və alman siyasi xadimlərin bu mövqeyi artıq tam qətiyyətlə bunu düşünməyə imkan verir ki, Almaniya Azərbaycanı uğurlu, daimi müttəfiqi kimi qiymətləndirir və Azərbaycanla isti münasibətlərin daima davam etməsi üçün hər zaman çaba göstərir.
-Almaniyada yaşayan soydaşımız olaraq bu ölkədə Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirərdiniz?
-Almaniyada mövcud olan təşkilatlardan yalnız ikisinin üzvü olduğuma görə onların fəaliyyətini şəffaf dəyərləndirə bilərəm. Bu təşkilatlardan üzvü olduğum "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" nin, "Azerbaijan Student Network-Azərbaycan Tələbə Şəbəkəsi" və üzvü olmadığım, lakin fəaliyyətlərini izlədiyim "Azərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyi" nin və "Azərbaycan Evi"adını çəkə bilərəm. "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" və "Azerbaijan Student Network- Azərbaycan Tələbə Şəbəkəsi" nin Almaniyadakı Azərbaycanlııları birləşdirmək və şəbəkələndirmək istiqamətində, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasında, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərin və gördüyü digər uğurlu işlərin nəticəsində məncə hər bir Almaniyada yaşayan azərbaycanlı bu gün yuxarıda adıçəkilən təşkilatların işindən razı qalmışdır və qalmaqdadır. Nəcib insani keyfiyyətlərə malik olan vətənpərvər Azərbaycan xanımı Samirə Patzer-İsmayılovanın rəhbərliyi altında fəaliyyət göstərən "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" Almaniyadakı azərbaycanlıların təşkilatlanmasında və yaşadıqları həyatın ictimai-siyasi fəaliyyətində fəal olmaları üçün çox faydalı bir qurumdur. Mən arzu edirəm ki, Almaniyada yaşayan hər bir Azərbaycan gənci dövlətimizin mövqeyinin möhkəmləndirilməsinə xidmət edən digər diaspora təşkilatlarının da fəaliyyətini izləmə və bu fəaliyyətə qoşulma şansını gələcəkdə daha rahat şəkildə əldə edə bilsin.
-Almaniyada diaspora fəaliyyətinə gənclər cəlb edilirmi?
-Almaniyadakı diaspora təşkilatlarına gənclərin cəlb edilməsi "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" və "Azerbaijan Student Network-Azərbaycan Tələbə Şəbəkəsi" nin fəaliyyətində diqqətimi cəlb etmişdir. Səmimi olsam digər təşkilatların fəaliyyətləri barəsində dolğun məlumatlara sahib deyiləm. Bəlkə də bu həmin təşkilatların fəaliyyətləri, gördükləri işlər və ya keçirdikləri tədbirlər barədə təbliğat kampaniyalarının o qədər də güclü olmamasındandır. Ulu öndər "Heydər Əliyevin 2003-cü ildə Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım edilməsi məqsədilə yaradılan dövlət fondlarının vəsaitlərindən istifadə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı. Heydər Əliyevin bu istiqamətdə görmüş olduğu işlər xalqının xoşbəxt, uğurla zəngin gələcəyi və rahat həyatı naminə yönəldilmişdi. Azərbaycanın xarici siyasətində dövlətimizin mövqeyini möhkəmləndirəcək bu uğurlu addımın özümüzə borc bilərək layiqli şəkildə ardınca getməliyik. Bu addımın bəhrəsini isə biz indi xaricdə yaşayan azərbaycanlılar ətrafımızda olan yaşadığımız ölkənin vətəndaşları tərəfindən özümüzə, millətimizə və dövlətimizə qarşı mehriban və dost münasibətdə hər zaman görürük.
-Bir azərbaycanlı olaraq ölkəmizi Almaniyada necə təmsil edirsiniz və bu ölkədə təhsil alan xarici dövlətlərdən olan tələbələrə Azərbaycan haqqında, ölkəmizin üzləşdiyi problemlər barədə məlumat çatdırırsınızmı?
-Azərbaycan xalqının əsrlərdən bəri üzləşdiyi ən böyük problem erməni vəhşiliyinin qurbanı olmaq və Ermənistanın işğalçı siyasətinin bizim xalq üçün ağır və ağrılı nəticəsi olan Dağlıq Qarabağ ərazisinin müvəqqəti olaraq itirilməsi, daha doğrusu Ermənistan tərəfindən zorla, yüz minlərlə azərbaycanlının axıdılan qanı hesabına azərbaycanlıların ata-baba yurdlarına sahib çıxmasıdır. Əlbəttə ki, millətinə və vətəninə bağlı hər bir gənc siyasətə qoşulmamaq istəyini bəhanə etməyərək xalqımızın yaralı mövzusu olan Dağlıq Qarabağ problemini hər bir xaricdə yaşayan vətəndaşa, qeyri-azərbaycanlılara bütün həqiqətləri ilə çatdırmağı nəinki istəməli, hətta bunu bacarmaq üçün böyük cəhdlər göstərməlidir. Mən də bu istiqamətdə müəyyən tədbirlərin istər təşkilində öz yardımımı əsirgəməməklə, istər şəxsi tanışlıqlarım vasitəsilə Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olması faktını həmsöhbətlərimə bildirməklə, istərsə də bəzi nüfuzlu beynəlxalq təşkilatlara lazımı gəldikdə öz etirazımı nümayiş etdirməklə Azərbaycanın dünya xalqlarının nümayəndələri və dünyanın nüfuzlu təşkilatları tərəfindən ədalətli şəkildə müdafiə edilməsinin təmin olunmasını görmək üçün əlimdən gələni əsirgəmirəm.
-Bir sıra ölkələrə siyasi mühacir adı ilə gedən azərbaycanlıların bəzisi ölkəmiz haqqında mənfi rəy formalaşdırlar. Almaniyada bu cür hallara rast gəlmək gəlmək olurmu?
-Bu mövzu məni dərindən düşünməyə vadar edən bir mövzudur. Siyasi mühacir adı ilə Azərbaycanı tərk edən və hal-hazırda Almaniyada yaşayan şəxsləri, onların vətəni özləmələrini və bu hissin onlar üçün çox həssas olduğunu nəzərə alaraq hər dəfə o insanları anlamağa çalışmışam. Amma anlamağa çalışmaq cəhdlərim heç vaxt da alınmayıb. Həmin insanların narazılığı Azərbaycan iqtidarının hər bir uğurlu layihəsindən, islahatından və uğurlu Azərbaycan diplomatiyasından olduğu üçün umummilli məsələlərə də gəldikdə mən onlara etibarımı bir az itirmiş oluram. Etibar bitən yerdə də artıq kəlimələr də, fikirlər də bitmiş olur.
-Almaniyada təhsil alan azərbaycanlı gənclərin üzləşdiyi problemlər hansılardır və həmin problemlərin həllinə bu ölkədəki səfirliyimiz, eləcə də də diaspor təşkilaatlarımız nə kimi köməklik göstərir?
-Almaniyada öz imkanlarım hesabına təhsil alan azərbaycanlı olaraq heç bir problemlə bu günə qədər rastlaşmamışam. Dövlət qayğısını görən gənclərimizin, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" çərçivəsində dünyanın ən nüfuzlu ölkələrində, eyni zamanda da Almaniyanın ən mötəbər universitetlərində ali təhsil alma hüququnu əldə etdikləri halda hansısa problemlə üzləşməsini də düşünmürəm. Əminəm ki, gənclərimiz dövlətimizin onlara göstərdiyi bu qayğını lazımınca dəyərləndirəcək və üzərilərinə düşən bu xoş məsuliyyəti təhsil aldıqları müddət ərzində və sonrakı dövrlərdə daşıya biləcəklər. Azərbaycanlı tələbələrin Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə müraciəti zamanı səfirlik lazımi əyani vəsaitlərlə, broşürlərlə və ya məlumat kitabçaları ilə tədbir təşkilatçılarını təmin edir. Xaricdə təhsil alan azərbaycanlı tələbələrə maddi yardımdan çox daha önəmli mənəvi dəstəyin olmasıdır ki, mən bu dəstəyi "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" nin rəhbəri Samirə xanım Patzer-İsmayılovadan və "Azerbaijan Student Network- Azərbaycan Tələbə Şəbəkəsİ" dən görmüşəm.
-Cari ilin sonuna qədər Almaniyada Azərbaycanla bağlı hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulurmu?
-"Azerbaijan Student Network- Azərbaycan Tələbə Şəbəkəsİ" nin təşkilatçılığı ilə ermənilərin Ramil Səfərovun buraxılmasına qarşı təşkil etdiyi etiraz aksiyalarına bir reaksiya olaraq, Ermənistanın Fransadakı səfirliyinin qarşısında nümayişin keçirilməsi yaxın günlərdə baş tutacaq tədbirlərdən biri olacaqdır. 2012-ci ilin sonuna qədər böyük ehtimalla Almaniyada Azərbaycanla bağlı müxtəif tədbirlər olacaqdır. Adları yuxarıda sadalanan qurumlar tərəfindən mütəmadi olaraq elanların və dəvətlərin biz azərbaycanlılara göndərilməsi bizim də tədbirlərə qoşulma istəyimizi və imkanlarımızı artırır. Yaxın gələcəkdə keçiriləcək hər hansı bir tədbirin baş tutacağından hələlik məlumatlı deyiləm.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir