“I Avropa Oyunlarını gözdən salmaq Azərbaycanın nail ola biləcək müvəffəqiyyətlərinə kölgə salmaq məqsədi güdür”

Arzu Nağıyev: “Bu erməni lobbisinin məqsədyönlü təxribatıdır”

Avropadakı bəzi antiAzərbaycan dairələr, eləcə də onların daxildəki əlaltıları, bu qüvvələrə xidmət edən bəzi beynəlxalq və yerli kütləvi informasiya vasitələrinin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarını gözdən salmaq cəhdləri davam edir. Ortaya atdıqları bir iddia təkzib edilib onun yalan məlumat olduğu üzə çıxan kimi sözügedən şəbəkə başqa bir yalanla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bəs görəsən burada əsas məqsəd nədir və I Avropa Oyunlarının Bakıda keçirilməsi hansı səbəbdən məlum qüvvələri narahat edir? Bu məsələyə aydınlıq gətirmək üçün siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Arzu Nağıyev antiAzərbaycan qüvvələrin ölkəmizə qarşı hücumlarının başlıca səbəbi barədə danışıb.

-Arzu müəllim, I Avropa Oyunları yaxınlaşdıqca bu oyunları gözdən salmağa ciddi cəhdlər göstərilir. İndi də Avropa mediası vasitəsilə bu proses davam edir. Sizcə, burada əsas məqsəd nədir?

-Bakıda keçiriləcək Birinci Avropa oyunları beynəlxalq miqyaslı mühüm bir tədbirdir. Bu hər şeydən əvvəl ölkənin nüfuzudur, tanınmasıdır, gələcəkdə daha böyük tədbirlərə ev sahibliyi etmək istiqamətində bir sınaqdır. Avropa mediasında son zamanlar verilən qeyri-ciddi məqalə və yazılar heç bir məntiqə sığmır. Məlumdur ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir və 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı gözlənilir. Bu haqda qərar isə 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib, dörd ildə bir keçirilməsi planlaşdırılır və növbəti oyunlar 2019-cu ildə baş tutmalıdır.Yəni gizli səsvermə yolu ilə nüfuzlu Avropa təşkilatlarının verdikləri qərar olduğu halda sensasiya yaratmaq və oyunları gözdən salmaq ancaq Azərbaycanın nail ola biləcək müvəffəqiyyətlərinə kölgə salmaq məqsədi güdür. Yəqin ki, ilk öncə bu erməni lobbisinin məqsədyönlü təxribatıdır. Çünki Ermənistanın özü də vaxtilə səsvermədə imtina mövqeyini tutub. Bir sözlə bu bəyanatları ciddi qəbul etmək düzgün deyil.

-Azərbaycanın gücü və nüfuzunun artması nə üçün müəyyən dairələri narahat edir?

-Yuxarıda qeyd etdiyim kimi əsas narahat dairələr regionda və ümumiyyətlə beynəlxalq aləmdə Azərbaycanın gücünün, nüfuzunun, siyasi çəkisinin, söz sahibi olmasının əleyhinə olan qüvvələrdir. Əlbəttə bunun başında beynəlxalq erməni lobbisi və onların havadarları durur. Çünki Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünya idmanında, ümumiyyətlə Avropada tanınması onlara sərf etmir. Necə ola bilər ki, bir Cənubi Qafqaz dövləti, o cümlədən müsəlman ölkəsi nüfuzlu Avropa oyunlarına ev sahibliyi edir. Budur onları qorxudan, narahat edən.

-Sizcə, I Avropa Oyunlarına qədər bu kimi neqativ hallar daha da artacaqmı və gözdənsalma kampaniyasının hər hansı effekti olacaqmı?

-Bilirsiniz, bu idman yarışıdır, bu ölkələrin öz şərəfini və adını qorumaq üçün verilən önəmli şansdır. Hər bir dövlət öz idmançısının şərəfinə ifa edilən himni dinləmək və bayrağının dalğalanmasına baxmaq arzusu ilə iştirakçı olur. Tarixdə olimpiya oyunlarını , idman yarışlarını siyasi ambisiyalara söykənərək boykot çağırışları ilə nüfuzdan salmaq təklifləri dəfələrlə olub, lakin bu heç vaxt müsbət effekt verməyib. Əlbəttə, I Avropa Oyunlarına qədər də bu kimi neqativ hallar, təxribata meyllər də gözləniləndir. Lakin tədbirə ev sahibliyi edən bir dövlət olaraq Azərbaycan buna hazır olmalıdır və düşünürəm ki, hazırdır.

-Daxildəki müəyyən dairələrin də Azərbaycanın uğurunu istəməyən qüvvələrə dəstək nümayiş etdirməsini necə dəyərləndirmək olar?

-Bilirsiniz, elə məsələlər var ki, siyasi əqidəsindən, dini inancından asılı olmayaraq birlik nümayiş etdirmək zəruridir. Bu gün ilk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün bir şansdır və bundan maksimum istifadə edilməlidir. Əlbəttə, elə qüvvələr var ki, hər şeyin pis tərəfini görmək və göstərməyə çalışır, istənilən uğuru özü üçün bir təhqir və məğlubiyyət sayır. Nəticədə öz çirkin əməllərini həyata keçirə bilmir, zəhmətsiz gəlirlərini, qrant paylarını ala bilmir, rüşvət mənbələrindən məhrum olurlar. Sanki bu uğurlar ona bu işlərində mane olur. Bəzi qüvvələr düşünürlər ki, xarici ölkə vətəndaşlarını ölkəmizə səfərlərindən öz maraqları üçün , daha doğrusu neqativ ambisiyaları üçün yararlana bilərlər. Düşünürəm ki, belə addımlarla həmin qüvvələr və onların dəstəkçiləri özlərini gülüş obyektinə çevirməkdən başqa ciddi bir şeyə nail ola bilməzlər.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31