“Dağlıq Qarabağ münaqişəsində son sözü Azərbaycan ordusu deyəcək” - MÜSAHİBƏ
Vüqar Qədirov: “Dünya ictimaiyyəti deyilən bir məfhum yoxdur, ancaq super və ədalətsiz güclər məfhumu var”
18 Sentyabr 2012 15:53 MüsahibəMüsahibimiz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının Koordinatoru Vüqar Qədirovdur
-Vüqar bəy, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yönündə dünya birliyinin apardığı siyasətlə bağlı nə deyə bilərsiniz?
-Bildiyimiz kimi 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü davam edir. Bu təcavüz nəticəsində 20 %-dən çox torpaqlarımız işğal edilmiş, 1 milyondan artıq soydaşlarımız öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün düşmüşlər. Bu münaqişənin bu qədər uzanmasının, Ermənistanın öz təcavüzünü davam etdirməsinin əsas səbəbkarlarından biri məhz dünya birliyinin biganəliyi, eyni zamanda beynəlxalq təşkilatların bu münaqişənin həllində tutduqları ədalətsiz mövqeləridir. Bilirik ki, neçə illərdir Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. Təəssüflər olsun ki, Minsk qrupu fəaliyyəti dövründə Azərbaycan torpaqlarının beynəlxalq hüquq müstəvisində işğaldan azad olunmasına səy göstərmək əvəzinə, daim Ermənistana dəstək göstərmiş, nəyin bahasına olursa -olsun Azərbaycanı torpaqların işğalı ilə barışmağa, bir sözlə təslimçi sülhə razı salmağa çalışıblar.
-Artıq demək olar ki, danışıqlar dalana dirənib. Bununla bağlı nə deyə bilərsiniz? Sizcə belə bir vəziyyətin yaranması münaqişənin nizama salınmasında nə kimi rol oynaya bilər?
-Bu münaqişənin dalana dirənməsinin əsas səbəbi Ermənistanın danışıqlar prosesini daim uzatmağa çalışması, qeyri-konstruktiv mövqeləri və istər ATƏT-in Minsk qrupunun, istərsə də digər beynəlxalq təşkilatların bu münaqişənin həllində ikili standartlardan çıxış etmələri, nə yolla olursa-olsun Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarını Ermənistana hədiyyə etmək cəhdidir. Neçə illərdir ki, çox gözəl bilirik ki, bütün danışıqlar Ermənistanın haqsız və ədalətsiz mövqeyi nəticəsində nəticəsiz başa çatır. Amma dövlətimiz bu zamandan kifayət qədər istifadə edərək həm ordumuzun gücləndirilməsində, eyni zamanda bütün istiqamətlərdə sürətli inkişafa nail oldu. Bu da təbii ki, Ermənistanı və ona havadarlıq edən dövlətləri narahat etməyə bilməz. Münaqişənin həllində son sözü Azərbaycan ordusunun deyəcəyi şübhəsizdir. Çünki işğalçı dövlətin bu qədər əziz-xələf kimi qəbul edilməsi Azərbaycana başqa yol qoymur.
-Regionda müharibə risqi artıq. ABŞ-ın İranı vuracağı ilə bağlı yayılan xəbərlər, şimalda qarşıdurmalar...Siz necə hesab edirsiniz? Dağlıq Qarabağ münaqişəsində müharibə variantı ehtimal ediləndir?
-Mənim fikrimcə, ABŞ-ın bu məqamda İranı vurması Azərbaycana müsbət heç nə vəd etmir. Çünki ABŞ-ın İrana həmləsi şimal qonşumuzun Qafqaz ölkələrinə, xüsusən Gürcüstana və Azərbaycana hərbi müdaxiləsinə bəhanə ola bilər. 1-ci növbədə ABŞ və qərb ölkələri öz strateji müttəfiqlərini tərəddüdsüz qəbul və müdafiə etməlidir. Qarabağ münaqişəsinin həllində Ermənistana işğalçı mövqeyindən əl çəkməyə vadar etməli, bu dövləti işğalçı kimi tanımalıdır. Çünki Rusiya yaxşı bilirki İrana hərbi müdaxilə Ermənistanın tamamilə blokada da qalmasına şərait yaradacaq, həmçinin Azərbaycan bu məqamdan istifadə edərək işğal altındakı torpaqları azad etməyə səy göstərə bilər. Rusiyanın Suriya məsələsində tutduğu movqe onu deməyə əsas verir ki, Rusiya bu bölgəni tamamilə ABŞ-ın və qərbin nəzarətinə vermək fikrində deyil. Bu baxımdan Azərbaycanın özündən asılı olmayaraq münaqişədə iştirakı şübhəsizdir. İran dəfələrlə bəyan edib ki, bu ölkəyə hərbi müdaxilə olacağı təqdirdə ABŞ-ın və müttəfiqlərinin istənilən obyektlərinə raket zərbələri endirəcəklər. Bu da onu deməyə əsas verir ki, İran dolayi yolla Azərbaycanı təhdid etməkdədir.
-Ramil Səfərovun əfv olunması ilə bağlı beynəlxalq ictimaiyyətin qınaqlarını necə qiymətləndirirsiniz?
-Beynəlxalq ictimaiyyət, 1-ci növbədə qəbul etdikləri beynəlxalq qanunlara hörmətlə yanaşmalıdırlar. Bu həmin beynəlxalq ictimaiyyətdir ki, BMT-nin qəbul etdiyi 4 qatnamənin Ermənistan tərəfindən icra olunmamasına bir dəfə də olsun münasibət bildirməyib, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına görə bir dəfə də olsun Ermənistanı qınaq obyektinə çevirməyib, soyqırıma belə ikili standartlarla yanaşılıb. Hələ də başa düşə bilmirəm ki, Ramil Səfərova ədalətsiz olaraq ömürlük həbs cəzası verilməsi hansı məntiqə əsaslanıb, amma Ramilin azad olunması onların öz qəbul etdikləri qanunlara və qaydalara əsasən həyata keçirilib. Hesab edirəm ki, bu tamamilə ədalətsiz mövqedir və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyə növbəti təzyiq cəhdləridir. Bilirik ki, erməni diasporu beynəlxalq aləmdə öz çirkin və hiyləgər niyyətlərini həyata keçirmək üçün daim məkrli fəaliyyətlə məşğul olublar. Onların bu fəaliyyətlərinə həmişə paralel olaraq ASALA kimi terror təşkilatları dəstək veriblər. Dünyanın terrora qarşı mübarizə apardığı bir vaxtda ASALA terror təşkilatı Azərbaycanı terrorla hədələyir və bu günkü dünya ictimaiyyəti buna göz yumur. Dünya ictimaiyyəti deyilən bir məfhum yoxdur, ancaq super və ədalətsiz güclər məfhumu var.
Ədil Ədilzadə