“Müxalifət partiyalarının seçkilərə hazırlıq prosesi qaneedici deyil”

Billur Hümbətov: “İstərdim ki, onlar hakimiyyətdən deputat yeri almaq uğrunda deyil, xalqdan mandat almaq uğrunda mübarizə aparsınlar”

Bu ilin noyabrında ölkədə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı müxalifət partiyaları da müəyyən hazırlıq prosesi həyata keçirirlər. Parlament seçkilərində iştirak etmək niyyətində olan müxalifət partiyalarından biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın sədr müavini Billur Hümbətov "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi partiyanın seçkilərə hazırlıq istiqamətində gördüyü işlər, digər partiyalarla mümkün əməkdaşlıq imkanları barədə danışıb. VİP rəsmisi partiyanın "Azadlıq-2015" Seçki Blokunda mümkün iştirakı, eləcə də sözügedən blokda narazılıqların baş verdiyi barədə məlumatlara da aydınlıq gətirib.

-Billur bəy, Vətəndaş və İnkişaf Partiyasının parlament seçkilərinə hazırlıq prosesi necə gedir və partiyanın  namizədləri müəyyən edilirmi?

-Məlum olduğu kimi bu il parlament seçkiləri ilidir və bir siyasi təşkilat olaraq Vətəndaş və İnkişaf Partiyası da parlament seçkilərində iştirak arzusundadır. Partiya olaraq bizdən asılı olanları edirik və dairə təşkilatlarımıza tapşırmışıq ki, seçkidə iştirak arzusunda olanların anketlərini Mərkəzi Aparata göndərsinlər. Yəqin ki, yaxın vaxtlarda tam siyahı hazır olacaq.

-Partiyanızın da daxil olduğu "Azadlıq-2015" seçki blokunda problemlərin yarandığı bildirilir. Problemlər nədən ibarətdir və bu onu deməyə əsas verirmi ki, blok heç seçkilərə qədər davam gətirə bilməyəcək?

-Etiraf etməliyəm ki, Vətəndaş və İnkişaf Partiyasının "Azadlıq- 2015" seçki blokunda iştirakı, həmin blokda təmsilçiliyə münasibətlə bağlı partiya daxilində birmənalı mövqe yoxdur. VİP-in Siyasi Şurası Mərkəzi Şuranın iclasına qədər partiyanın sədri Əli Əliyevə həmin blokda təmsil olunub-olunmamaq barədə sərbəstlik verilib. Partiyanın Mərkəzi Şurasının aprel ayında keçiriləcək iclasında VİP-in seçkilərdə iştirakına və harada həmsil olunacağına aydınlıq gətiriləcək. O ki, qaldı "Azadlıq-2015" seçki blokunun daxilində narazılığa, o barədə məlumatım yoxdur.

-Bu arada Milli Şuranın keçirdiyi aksiyalara elə müxalifət partiyalarının özlərinin mövqeyi mənfidir. Bildirilir ki, sosial sifariş olmadan, güclü elektorat cəlb etmədən aksiya keçirmək insanlarda daha da ruh düşkünlüyü yaradır. Sizin partiya olaraq mövqeyiniz nədən ibarədtdir?

-Manatın dəyərdən düşməsi səbəbindən baş verən qiymət artımı onsuz da həyat səviyyəsi yaxşı olmayanların vəziyyətini bir qədər də çətinləşdirdi. Bu narazılıqla bağlı Milli Şuranın keçirdiyi tədbirdə iştirak edənlər əlbəttə həmin narazıların 0,1 faizi belə deyil, Mən də istərdim ki, belə tədbirlər keçirəndə aksiyalara daha geniş kütlə cəlb olunsun.

-Hazırda müxalifət düşərgəsinin seçkilərə hazırlıq prosesi partiya olaraq sizi qane edirmi?

-Müxalifət partiyalarının seçkilərə hazırlıq prosesi, eləcə də bu və ya digər seçkilərdə iştiraki əlbəttə ki, məni qane edə bilməz. Çünki, mən istərdim ki, onlar hakimiyyətdən deputat yeri almaq uğrunda deyil, xalqdan mandat almaq uğrunda mübarizə aparsınlar. Seçki məcəlləsinin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpa olunması uğrunda birgə mübarizə həyata keçirsinlər.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31