Azərbaycan adını uca tutmağa borcluyuq
Toğrul Allahverdili: “Əminliklə deyə bilərəm ki, biz artıq uğur qazanmışıq”
16 Mart 2015 13:50 MüsahibəAzərbaycanlıların daha çox məskunlaşdığı, fəaliyyət göstərdiyi ölkələrdən biri olan Rusiya Federasiyasındakı soydaşlarımızla yaxından iş aparmaq, onların qayğıları ilə maraqlanmaq hər zaman dövlətin diqqət yetirdiyi məsələlərdən olub. Sevindirici haldır ki, dövlətlə yanaşı qeyri-hökumət təşkilatları da bu istiqamətə ciddi diqqət yetirir, Rusiyada yaşayan azərbaycanlılarla yaxından iş aparır. Belə təşkilatlardan biri də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Toğrul Allahverdili "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun fəaliyyəti, gələcək planları barədə danışıb.
-Toğrul bəy, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin fəaliyyəti əsas etibarilə nədən ibarətdir və qurum fəaliyyətini hansı istiqamətlərdə qurub?
-Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi 2014-cü ildə təsis olunub. Artıq bir ildir ki, Rusiyada fəaliyyət göstəririk. Fəaliyyətimiz əsasən Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin inkişafına dəstək vermək, Azərbaycan mədəniyyətini, tarixini, Azərbaycan gerçəkliyini Rus xalqına çatdırmaq və gənclər arasında dostluq münasibətlərinin qurulmasıdır.
-Təşkilat olaraq bu ölkədə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə iş hansı formada qurulub?
-Bildiyimiz kimi 2009-cu ilin aprel ayında Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tələbələrin milli diaspor quruculuğu işinə cəlb olunması və birliyi istiqamətində çox önəmli addımlar atıb. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz də bu işdə könüllü olaraq iştirak edirik
-Sirr deyil ki, Rusiyada çoxsaylı Azərbaycan təşkilatları və gənclər birlikləri mövcuddur. Bu baxımdan ASGA -nın uğurlu fəaliyyət göstərib etimad qazanması nə dərəcədə mümkündür?
-Əminliklə deyə bilərəm ki, biz artıq uğur qazanmışıq. Bilirsiniz, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tək Rusiya ilə əlaqələrə hesablanmayıb. Bu bütövlükdə slavyan gəncləri ilə milli-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə hesablanıb. Rusiya şərtlərinə gəlincə bir daha qeyd edim ki, biz qeyri-hökumət təşkilatları olaraq fəaliyyət göstəririk. Yəni biz heç bir siyasi, iqtisadi məsələlərə qarışmırıq. Biz sadəcə tarixən bağlı olduğumuz Rusiya gəncləri ilə dostluq əlaqələrini qoruyub saxlamağa və daha da inkişaf etdirməyə istiqamətlənmişik. Qeyd edim ki, diaspor nümayəndələri olmaq özü bir məsuliyyətli işdir. Biz yaşadığımız ölkənin mədəniyyətini, dilini, tarixini öyrənməli, eyni zamanda öz mədəniyyətimizi, tariximizi, Azərbaycan həqiqətlərini xaricdəkilərə çatdırmalıyıq. Əsasən də, Rusiyada yaşayan Azərbaycan gənci bizdən gözlənilən etimadı doğrultmağa borcludur. Çünki bizimlə bərabər burada mənfur düşmənlərimiz də böyük lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Ona görə də biz Azərbaycan xalqı və Ali Baş Komandanın etimadını doğrultmağa, Azərbaycan adını uca tutmağa borcluyuq. Nümayəndəlik olaraq fəaliyyət göstərsək də, ASGA olaraq artıq Moskvada və Rusiyanın digər bölgələrində təşkilatlanmağa başlamışıq. Rusiyadakı Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq, dostluq edir, birgə layihələr hazırlayırıq .
-Yaxın vaxtlar üçün ASGA-nın Rusiya nümayəndəliyinin həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-Bildiyimiz kimi qarşıdan Novruz bayramı gəlir və onun üçün də mart ayında fəaliyyət proqramımız Novruzla əlaqədar olaraq düşünülüb. Yaxın vaxtlarda dünya şöhrətli mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 2 beynəlxalq şahmat turniri keçirəcəyik. Həmçinin Azərbaycan və Slavyan gənclərinin iştirakı ilə böyük bir form keçirməyi planlaşdırırıq. On may ulu öndərimiz ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə geniş silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, bu tədbirlərin əksəriyyəti Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu ilə birgə həyata keçirilir.
-Rusiyadakı digər Azərbaycan təşkilatları və səfirliklə əməkdaşlığınız hansı səviyyədədir?
-Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyi olaraq digər təşkilatlarla əməkdaşlıq və dostluq edirik. İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycanın Rusiyadakı səfirliyinin bütün əməkdaşları başda cənab səfir Polad Bülbüloğlu, eləcə də səfirin birinci müavini Qüdsi Osmanov diqqət və qayğılarını bizdən əsirgəmirlər . Diaspor təşkilatlarının demək olar ki hər biri ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, (AMOR ) Ümumrusiya Azərbaycan Konqresi, (VAK) Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, (RVAK ) Şəhriyar ədəbi mədəni cəmiyyətini misal çəkmək olar. Əsas əməkdaşlıq etdiyimiz təşkilat isə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondudur. 2014-cü ildə fondun rəhbəri Şamil Tağıyevlə imzaladığımız əməkdaşlıq haqqında memoranduma əsasən daim birgə tədbirlər və layihələr həyata keçiririk. Qeyd etmək yerinə düşər ki, Rusiyadakı yeganə Azərbaycan telekanalı olan İnterAz tv daimi dəstəkçimizdir. Saytınız vasitəsilə İnterAz rəhbərliyinə və şəxsən Rusiya bölməsinin əməkdaşlarına başda İqbal Rüstəmova təşəkkür edirəm. Qeyd edim ki, ASGA-nın 2014-cü ildə keçirdiyi ilin səfiri sorğusunun qalibi Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlu oldu.
Süleyman İsmayılbəyli