Müxalifət düşərgəsi ağsaqqalsız qalıb
Tahir Abbaslı: “Situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar”
12 Mart 2015 15:29 MüsahibəParlament seçkiləri yaxınlaşsa da, müxalifət düşərgəsində ciddi mənada seçki hazırlıqları müşahidə edilmir. Yalnız bir neçə partiya müəyyən mənada seçkiyə hazırlaşır ki, bu hazırlığı da qənaətbəxş hesab etmək olmaz. Bəs görəsən Azərbaycan müxalifətinin seçki ili olmasına baxmayaraq belə passiv fəaliyyəti nə ilə bağlıdır? Məsələ ilə bağlı "OLAYLAR"-a müsahibə verən İslam Demokrat Partiyasının sədr müavini Tahir Abbaslı müxalifət daxilində mövcud olan fəaliyyətsizliyi səbəbləri barədə danışıb. Tahir Abbaslı yaranmış vəziyyətdən çıxış yollarını da göstərib.
-Tahir bəy, hazırda müxalifətin seçki hazırlıqlarını necə dəyərləndirirsiniz?
-Əgər söhbət ümumilikdə bütün müxalifət partiyalarından gedirsə, açıq etiraf etmək lazımdır ki, hazırkı situasiyada hər hansı ciddi bir seçki hazırlığı müşahidə edilmir. Yalnız bir neçə partiya parlament seçkilərində iştirak edəcəyi barədə öz daxili qərarını açıqlayıb və həmin qərara əsasən müəyyən seçki hazırlıqları həyata keçirir. Bundan başqa bəzi siyasi partiyaların birləşdiyi seçki blokları yaradılıb ki, bu sıraya ötən seçkilərdən təsis olunmuş "Qarabağ" seçki bloku, "Vətən" Siyasi Bloku və bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar təsis edilmiş "Azadlıq-2015" seçki blokunu aid etmək olar. Ancaq bu o demək deyil ki, adlarını qeyd etdiyim seçki blokları və ya əməkdaşlıq mərkəzlərində hər şey qaydasında gedir və onlar yüksək seçki hazırlıqları həyata keçirirlər. Əsla. Ümumiyyətlə, Azərbaycan müxalifəti hər seçkidə olduğu kimi bu dəfəki parlament seçkiləri ərəfəsində də seçkilərə hazırlıq adı altında mənasız işlərlə məşğuldur. Ona görə də müxalifət düşərgəsində ciddi seçki hazırlıqları özünü büruzə vermir.
-Mənasız işlər dedikdə nəyi nəzərdə tutursunuz?
-Qarşılıqlı ittihamlar, bir-birini gözdən salmaq cəhdləri, aparılan ümumi işə xələl gətirmə. Bu gün çox təəssüflər olsun ki, müxalifət partiyaları arasında sadaladığım həmin mənfi tendensiyalar özünü büruzə verir. Bir partiya imkan yarandığı təqdirdə digərinə zərbə vurmağa, onu gözdən salmağa çalışır. Məgər belə mübarizə üsulu ilə seçkiyə hazırlaşmaq olar? Əlbəttə ki, yox. Məhz bütün bunların nəticəsidir ki, hər ötən seçki müxalifət üçün uğursuz olur, daha bir acı məğlubiyyət yaşanır. Eyni zamanda ildən-ilə bəzi insanlar ayrı-ayrı müxalif partiuyaları tərk edirlər. Bu da ümumilikdə elektorat qıtlığına gətirib çıxarır.
-Bəs seçkilər ərəfəsində müxalifətin yenidən toparlanıb hansısa formada birlik yaratması mümkün görünürmü?
-Ötən seçkilərin ağrılı və aclı nəticələri müxalifət düşərgəsində hər hansı birlik formatı yarada bilməyibsə, bu "seçki"də də blok, ya Məşvərət Məclisi alınmayacaq. Bu siyasi oyunları quranlar özlərini dahi bilsələr də, kifayət qədər ağıllanmayıblar:
-Yəni müxalifətin birgə əməkdaşlığına inanmırsınız?
-Əlbəttə, Məşvərət Məclisi bir az inandırıcı görünür. Amma görünən odur ki, kim bu formatları təşkil edirsə, qalib də özlərini biləcəklər və daha iştahlı olacaqlar. İnam, etimad və ümüd bu düşərgədə artıq qalmayıb deyə yenə də uşaqlar kimi evcik-evcik oynayırlar. Bir daha təkrar edirəm bu dartışmalarda xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları daha aktualdır və önə çəkilib. Hər kəs sanki ömürlük təqaüdünü (pensiya) təmin etməkdən ötəri siyasi müxalifətdə son akkordlarını vururlar. Halbuki millətə və dövlətə sahib durmaq təfəkkürü meydanda olmalıdı. Necə ki, ötən əsrin sonunda yaranmış situasiyalarda Elmlər Akademiyası kimi nəhəng dövlət elm ocağı millətə və dövlətə sahib durdu və nəticə əldə etdilər. Ağsaqqalsız öz başına qalan düşərgədə nədən başlayıb, nədən qurtaracaqlarını bilmirlər.
-Belə çıxır ki, müxalifətə etimad tədricən itir?
-Situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar. Bu adamlar başa düşmürlər ki, artıq əvvəlki oyunlarla gündəmdə qalıb və "qalib lider" olmaq, həvayi nəfsdən başqa bir şey deyil. Müxalifət indiyə kimi alternativ yollar axtarmalı və yeni ideyalarla yeni siyasi manevr etməyin yollarını sıralamalı idil. Təəssüflər olsun ki, bu seçkidə də müxalifət düşərgəsində olan partiyalar komanda şəkilində bir ailə kimi siyasi hərəkat yaratmağa nail olmadılar və iqtidara siyasi oponent olmağa səriştələrini biruzə vermədilər. Hesab edirəm ki, indiki situasiyada müxalifət düşərgəsi Məşvərət Məclisi formatında seçkilərə getməyə tələsməlidir.
Süleyman