“KXCP-də heç bir fraksiya yaradılmayıb” - MÜSAHİBƏ
Qaya Əliyev: “AXCP ilə KXCP birləşsə, bu, ciddi rezonansa səbəb ola bilər”
17 Sentyabr 2012 16:58 MüsahibəMüsahibimiz KXCP sədrinin müavini Qaya Əliyevdir
- Qaya bəy, ilk öncə sizin ciddi müzakirələrə səbəb olan təklifinizlə bağlı soruşmaq istəyirəm. Bu təklif necə oldu ki gündəmə gəldi?
- Mən ölkədəki mövcud siyasi situasiyanı analiz etdim və son proseslər də onu göstərdi ki, koalisiyalar, heterogen birliklər və digər bu kimi ənənəvi təmərküzləşmə modelləri o qədər də effekt vermir. Məhz üzvü siyasi birləşmələr cəmiyyətdə ciddi rezonans doğurur. Digər tərəfdən milli demokratik düşərgə qeyri-adi, sensasion addımlarla cəmiyyətin diqqətini özünə cəlb edə bilər. Həm də bir-birinə antoqonist ziddiyyətdə olan cinahlar kimi tanınmış qüvvələrin bir yerdə olması cəmiyyət üçün sürpriz olardı. Eyni zamanda belə bir addım cəmiyyətə demokratik düşərgə haqqında milli maraqlar naminə şəxsi ambisiyalardan, intriqalardan, kin-küdurətdən imtina etməyə hazır olan qüvvə reputasiyası formalaşdırardı.
-Bununla bağlı partiyada ciddi narazılıqlar oldu. Belə bir narazılığın olmasını gözləyirdiniz?
-Belə bir təklifi irəli sürdüm. Bundan sonra gözləmə mövqeyində dayandım və reaksiyaları müşahidə etdim. Ən çox sədrin mövqeyi mənim üçün gözlənilməz oldu. Sədr ilk günlərdə əvvəlcə buna münasibət bildirmək istəmədiyini, daha sonra, mənim şəxsi fikrim olduğunu, daha sonra müavinlər səviyyəsində olan müzakirə olduğunu qeyd etsə də, təklifin ciddi rezonansa səbəb olduğunu görüb. "Mərkəz" qəzetindəki 5 sentyabr 2012-ci il tarixli müsahibəsində "Qaya ya səhvini başa düşəcək, ya da haqqında bir tədbir görüləcək" tipli ultimativ münasibət bildirdi. Hələ bundan əvvəl də mənə qarşı səlib yürüşü elan olunmuşdu. Mirmahmud bəyin göstərişi ilə sosial-şəbəkələrdə bu təklifə görə müxtəlif şəxslər saxta profillər altında mənim fəaliyyətimi təftiş etməyə, mənə qarşı öz səviyyələrinə uyğun ifadələr işlətməyə başladılar və digər üsullara əl atdılar. Daha sonra partiyanın rəsmi elektron mətbu orqanı olan saytından adım müavinlər siyahısından çıxarıldı. Təbii ki, bu totalitar üsullar, repressiyalar, rayonlardan "zəhmətkeş məktubları "xarakterli yazılar, sifarişli zənglər və s. mənim üçün gözlənilməz oldu.
-Niyə məhz AXCP?
- KXCP və AXCP xalq cəbhəsinin parçalanmış, diversifikasiya olunmuş iki cinahıdır. Bu iki cinahın birləşməsi xalq hərəkatının başlanğıcı ola bilər, ən azından cəmiyyətdə ciddi rezonansa səbəb olar. Həm də bu iki cinah cəmiyyətdə bir-birinə antoqonist münasibətdə olan qurumlar kimi tanınır. Məhz bu iki qurumun əvvəlki kimi birlikdə olması cəmiyyətə "Biz xalqın gələcəyi naminə şəxsi intriqaları, umu-küsüləri, ambisiyaları, korporativ maraqları kənara qoymağa hazırıq" mesajını vermiş olar.
- Yəni belə bir təklif etmənizdə sizin AXCP-yə bağlılığınızı deyənlər var. Qeyd olunur ki, sizin siyasi fəaliyyətinizdə AXCP-nin yeri görünür?
- Bunlar cəfəngiyyatdır. Partiyada elə qeyri-demokratik, avtoritar şərait yaradılıb ki, fərdi təşəbbüslə çıxış edənlər, təklif verənlərə müxtəlif ayamalar qoşulur, müxtəlif böhtanlar irəli sürülür. Əslində bu böhtanlar KXCP-də rəhbərlik tərəfindən mini diktaturanın yaradıldığının sübutudur. İllər boyu təşəbbüs hüququ boğulmuş, sədrin saray əyan-əşrəfinə çevrilmiş belə adamlar, müstəqil düşüncəli, təşəbbüskar insanları görəndə təəccüb edirlər və onlara elə gəlir ki, hansısa təşəbbüslə çıxış etmək üçün kimlərdənsə direktiv almalısan. Bunu deyənlərin fəaliyyətində hansısa oliqarxların təsiri görünür. Partiyamızı Rəsulzadə-Elçibəy platformasından çıxarıb hansısa oliqarxın siyasi orbitinə daxil edib, hakimiyyətin satellitinə çevirənlərin bizə belə gülünc ittihamlar irəli sürməsi oğrunun doğru qarşısında bərkdən bağırması metodikasını xatırladır.
-KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu sizin hələ 5 ay bundan öncə partiya sədrlinin müavini vəzifəsindən uzaqlaşdırıldığınızı bildirir....
-Əgər mən mayda müavinlikdən uzaqlaşdırılmışamsa onda niyə Xəzər məni 30 iyun 2012-ci il tarixdə saat 11.43-də mənə yazdığı sms-lə 2 iyul 2012-ci il saat 12-də keçirilən idarə heyətinin iclasında iştirak etməyə dəvət edirdi? Məgər Xəzər bəy müavin olmayan şəxsə partiyanın rəhbər orqanının iclasının saat neçədə keçiriləcəyi barədə məlumat verir? Bu sms hələ də telefonumdadır, redaksiyaya təqdim edə bilərəm. Digər tərəfdən KXCP-nin rəsmi elektron mətbu orqanı kxcp.org saytıdır. Bu saytın 6 sentyabr 2012-ci ildə saat 13.15-də çəkilmiş fotosu sübut edir ki, sentyabrın 6-a qədər mən müavin olmuşam. Əgər belə bir sərəncam mayda olubsa niyə bu sərəncamdan müavinlərdən Fikrət Cəfərov, Ədalət Yusubov, Rüfət Sahiboğlu, Rafiq Abdullalı və digərlərinin xəbəri olmayıb? Belə çıxır ki, bu xəyali sərəncamı Mirmahmud bəy gizlicə verib, yalnız özünə və bir-iki nəfərə elan edib? İndi biz hansı əsrdə yaşayırıq? Belə sərəncam olsaydı, bu barədə mənə e-mail, facebook, poçt və ya mesaj vasitəsilə məlumat verilmiş olardı. Necə ki iyulun 2-də saat 12-də keçirilmiş idarə heyətinin toplantısında iştirak etməyim barədə məlumat verilmişdi. Bu vaxta qədər müxtəlif məsələlərlə bağlı mətbuatda sədr müavini qismində çıxış etmişəm. Bəs, o hallarda niyə müavinliyim danılmayıb? Məhz birlik təklifim rezonansa səbəb olandan sonra danılıb və məhz bundan sonra adım partiyanın rəsmi saytından çıxarılıb. Xəzər Teyyublu "Yeni Müsavat" qəzetinin 07.09.2012-ci il tarixli sayında məni qınayıb ki, guya 4-5 aydır faktiki müavinlik etmirəmmiş. Əgər haqqımda belə bir xəyali sərəncam olubsa və mən sıravi üzv olmuşamsa, onda sən necə sıravi üzvdən niyə faktikii müavinlik tələb edirdin? Gördüyünüz kimi bu adamlar Mirmahmud bəyin səhvini belə primitiv üsullarla ört-basdır etməyə çalışırlar. Ancaq bir yalanı sübut etmək üçün yeni yalanlar uydurmaq lazım olur, onlar da subutlar qarşısında darmadağın olunur.
-Yeni franksiya yaratmaniz barəsində məlumatlar yayılıb...
-Bu barədə müzakirələr gedir, hələ belə bir addım atmamışıq. Bu baş verəcəksə mətbuatın və ictimaiyyətin xəbəri olacaq. KXCP rəhbərliyindən fərqli olaraq bizim fəaliyyətimiz transparentdir, şəffafdır. Onlar gizli şəkildə mənim adımı partiyanın rəsmi elektron mətbu orqanından funksionerlər siyahısından çıxarmışdlar. Bu metodika bizə xas deyil.
-Bu franksiyanın yaradılması ideyası kimdən gəlib?
-Hələ heç bir fraksiya yaradılmayıb. Bu barədə danışmaq tezdir.
- Qaya bəy bundan sonrakı fəaliyyətiniz barəsində nə deyə bilərsiniz? Siyasi fəaliyyətinizi KXCP-də davam etdirəcəksiniz?
-Əlbəttə, mən fəaliyyətimi KXCP-də davam etdirəcəm. Dostlarım və silahdaşlarımla birlikdə çiyin-çiyinə verib partiyamızı rəhbərliyin səbatsız və savadsız siyasəti nəticəsində salındığı bu böhrandan çıxaracaq,partiyada demokratik idarəetməni təmin edəcəyik. Eyni zamanda rəhbərliyin merkantil maraqları və qeyri-demokratik idarəetməsi nəticəsində partiyanın müxalif düşərgədə və cəmiyyətdə zədələnmiş reputasiyasını və siyasi kursunu reabilitasiya edəcəyik. KXCP yenidən xalqın partiyası olacaq.
Ədil Ədilzadə