“Naxçıvanda istehsal olunan malların Türkiyəyə ixracatını reallaşdıracağıq”
Göksel Gülbəy: “Məqsədim deputat seçiləcəyim təqdirdə həm qondarma erməni soyqırımının ifşası, həm Dağlıq Qarabağ problemi, həm də Iqdırın problemlərinin həlli ilə bağlı fəaliyyətimi Türkiyə Böyük Millət Məclisində davam etdirməkdir”
11 Mart 2015 14:47 MüsahibəTürkiyədə bu ilin iyununda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün çoxlu sayda siyasi və ictimai xadimin öz iddiasını ortaya qoyması seçki prosesinin gərgin məcrada baş tutacağından xəbər verir. Qardaş ölkənin əksər vilayətlərində olduğu kimi azərbaycanlıların çoxluq təşkil etdiyi İqdırda da seçkilərə hazırlıq yüksək aktivliklə hiss edilir. Sevindirici hal ondan ibarətdir ki, Türkiyə Böyük Millət Məclisində mandat sahibi olmaq istəyənlər arasında İqdır azərbaycanlıları da var. Belə namizədlərdən biri də Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri, Azərbaycan və Türkiyənin haqq səsinin dünyaya çatdırılmasında xüsusi fəallıq göstərən Göksel Gülbəydir. Deputatlığa namizəd olan Göksel Gülbəy "OLAYLAR"-a verdiyi müsahibədə Türkiyə Böyük Millət Məclisinə seçiləcəyi təqdirdə siyasi fəaliyyəti, İqdır üçün görəcəyi işlər barədə danışıb.
-Göksel bəy, seçkilərdə iştirak etmək və deputatlığa namizəd olmaq istəyi haradan qaynaqlandı?
-Əvvəlcə mənə diqqət ayırdığınız üçün Azərbaycan mətbuatı olaraq sizlərə təşəkkür edirəm. Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) olaraq 10 ilə yaxındır ki, Iqdır xalqının və atalarımızın hüquqlar üçün həmişə mübarizə aparırıq. Bu mübarizəmizi bu dəfə siyasi sahədə davam etdirmək qərarına gəldik. Cümhuriyyət Xalq Partiyası vilayət rəhbərliyindən namizədliyimi irəli sürmə təklifi gəldikdən, ətrafdakı dost və qohumlarla danışdıqdan sonra qərar namizəd olmağa qərar verdik. Məqsədim deputat seçiləcəyim təqdirdə həm qondarma erməni soyqırımının ifşası, həm Dağlıq Qarabağ problem, həm də Iqdırın problemlərinin həlli ilə bağlı fəaliyyətimi Türkiyə Böyük Millət Məclisində davam etdirməkdir.
-Bəs bir namizəd olaraq iqdırlılara vədiniz nədən ibarətdir?
-İqdır olaraq çox gözəl və uğurlu bir coğrafiyaya sahibik. Bir tərəfimizdə Azərbaycan, digər tərəfdə isə İran yerləşir. Bizim hökumətdən maddi yardım almağımıza ehtiyac yoxdur. Çünki bu iki ölkə neft və qazla zəngin bir ölkədir və hər iki ölkədə minlərlə iş adamları var. Həmin iş adamlarını Iqdıra investisiya yatırmağa cəlb edə bilsək burada iqtisadi yüksəlişə və işsizlik probleminin aradan qaldırlmasına nail ola bilərik.
-Qeyd etdiyiniz kimi İqdır Naxçıvan Muxtar Respublikası ilə sərhəddir. Bu mənada deputat seçiləcəyiniz təqdirdə İqdırın Naxçıvan və ümumilikdə Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsi baxımınbdan nələri düşünürsünüz?
-Mən uzun illər ki, Azərbaycan xüsusilə Naxçıvan ilə Türkiyənin Iqdır vilayəti arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir çox mədəni tədbirlər, fəaliyyətlər həyata keçirmişəm. Naxçıvan və İqdır xalqı bir millət olmasına baxmayaraq əlaqələr çox zəifdir. Gediş-gəliş, alış- verişlər ticari sahədə həyata keçirilir. Amma qohumluq və dostluq əlaqələri baxımından Naxçıvan və İqdır arasında münasibətlər çox zəifdir. Hələ də bir çox iqdırlı Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşməsinə baxmayaraq Naxçıvana getməyib. Ona görə də ilk növbədə bu problemi aradan qaldırmalı və təqdimat işini həll etməliyik. İndiyə qədər hər zaman Naxçıvana mal və məhsullar ixrac edilib. Əgər biz seçkilərdə qələbə qazansaq Naxçıvanda istehsal olunan əşyaların Türkiyəyə satılması, ixracatını reallaşdıracağıq.
-Ümumiyyətlə, bu seçkilərdən Türkiyə nə gözləyir? Seçkilər Türkiyəyə nə verəcək?
-Bu seçkilər həm Iqdır, həm də Türkiyə üçün çox maraqlı bir seçim olacaq. Seçkilərdə kimin seçilib-seçilməyəcəyi məlum deyil. İqdırda seçkiləri partiyalar deyil, namizədlər müəyyən edəcək. Ancaq ümumi qənaətim ondan ibarətdir ki, Türkiyədə AKP hökuməti bu seçkilərdən istədiyini əldə edə bilməyəcəyi görünür. Hər qrupun tək ortaq qərarı var. Cümhuriyyət Xalq Partiyasının Türkiyədə dəstəyinin artdığını nəzərə alsaq deyə bilərik ki, bu seçkilərdə sürpirizlər ola bilər.
-Əvvəlki bələdiyyə seçkilərində olduğu kimi parlament seçkilərində də İqdırdan Halkların Demokratiyası Partiyasının (HDP) qələbə qazanacağı təhlükəsi varmı?
-Türkiyə daxilində 10 faizlik həddi HDP-nin keçə bilməyəcəyi bütün sorğularda əksini tapır. Ona görə də HDP-nin seçkilərdə qələbə qazanma şansı yoxdur. Ona görə də Türkiyə daxilində 10 faizlik həddi keçə bilən partiyalar Türkiyə Böyük Millət Məclisinə düşə bilir.
Süleyman