“Müxalifətin uğursuzluqlarının başında duranlar bir qədər kənara çəkilməlidir”
Əhməd Oruc: “İctimai Palata əsas diqqəti parlamentin yenidən seçilməsi, formalaşdırılmasına yönəldib ki, bu da doğru yanaşma deyil”
17 Aprel 2012 14:46 Müsahibə"Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatındakı fəaliyyətlər mənim istədiyim qədər aktiv deyil"
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi.
-Əhməd bəy, partiyanızın da təmsil olunduğu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının siyasi proseslərdə aktiv rol oynamamasının başlıca səbəbi nədir?
-Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı fəaliyyət göstərir. Ancaq açığını deyim ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatındakı fəaliyyətlər mənim istədiyim qədər aktiv deyil. Hərəkatda müəyyən problemlər var. Ancaq həmin problemlər heç də həll edilməsi mümkün olmayan problemlər deyil. Hesab edirəm ki, həmin problemlər yaxın müddətdə ortadan qaldırılacaq. Hazırda hərəkatın rayon şöbələrinin yaradılması ilə məşğuluq. Artıq hərəkatın bir rayon şöbəsi yaradılıb. Hazırda digər bir rayon şöbəsinin yaradılması üzərində işləyirik.
-Qeyd etdiyiniz problemlər nədən ibarətdir?
-Problemlər partiyaların fəaliyyətinin əlaqələndirilməsi, proseslərə baxışlar ətrafında yaranan fərqli fikirlərlə bağlıdır. Həmçinin 2013-cü ilin prezident seçkilərinə qədər olan müddət ərzində hansı işlərin görülməsi, resursların uzlaşdırılması ilə əlaqədar olan məsələlərdə bir sıra problemlər var.
-Rəsul Quliyevin də məhz lideri olduğu partiyanın hərəkat daxilindəki fəaliyyətindən razı qalmadığı bildirilir. Buradan belə nəticəyə gəlmək olarmı ki, DCUH daxilindəki problemlər sırf Açıq Cəmiyyət Partiyası ilə bağlıdır?
-Mən belə deməzdim. Hərəkat daxilində mövcud olan problemlər sırf Açıq Cəmiyyət Partiyası ilə əlaqədar deyil. Ümumiyyətlə, hazırda bir qədər fərqli bir situasiya yaranıb. Belə ki, siyasi gündəmi kütləvi aksiyalar məsələsi tutub. 2013-cü ilə hesablanmış seçki qanununda dəyişikliklər, konkret olaraq seçki bloklarının və normal siyasi mühitin yaradılması istiqamətində işlər demək olar ki, arxa plana keçib. Hesab edirəm ki, seçkilərə qədərki dövr ərzində bu proseslər artan xətlə inkişaf etməlidir. Ancaq hazırda bir qədər fərqli bir situasiya mövcuddur. Düşünürəm ki, indiki dövrdə aksiyaların istiqaməti bir qədər fərqli yöndədir. İctimai Palata əsas diqqəti parlamentin yenidən seçilməsi, formalaşdırılmasına yönəldib ki, bu da doğru yanaşma deyil. Sözügedən məsələyə olan münasibətdə ayrı-ayrı partiyalar da düşünmədən İctimai Palatanın mövqeyini müdafiə edirlər ki, bu da bizim işimizə lənglik yaradır.
-İctimai Palatanın 8 aprel aksiyasına təmsil olunduğunuz hərəkatdan yalnız ACP-nin qatılması həqiqətən DCUH-da ciddi bir problemin olduğundan xəbər vermirmi?
-Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında elə bir ciddi problem yoxdur. İctimai Palatanın 8 aprel aksiyasında iştirakla bağlı üzvlərimizə sərbəstlik vermişdik, kim istəsə həmin aksiyada iştirak edə bilərdi. Qeyd etdiyim kimi hərəkat daxilində problem kiminsə aksiyada iştirakı deyil, məsələnin mahiyyətinə baxışda, fəaliyyətlərin uzlaşdırılmasındadır. Yəni xırda problemlər var ki, həmin problemlərin də həllinə nail olacağıq.
-Hərəkat yaranarkən ora üzv olan bir sıra şəxslərin, eləcə də bəzi ACP üzvlərinin DCUH-u tərk etdiyi bildirilir. Bəs bu nə ilə bağlıdır?
-Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına fərdi qaydada üzvlük yoxdur. Hərəkatın təsisçiləri sırasında partiya və ictimai təşkilatlar var. Hərəkatın təsis olunma mexanizmində bir sıra şəxslər ayrı-ayrı QHT və ya başqa adlar altında quruma düşmək istəyirdilər. Ancaq biz ona imkan vermədik. Çünki biz onların bir qismini tanıyırıq ki, müəyyən dairələrin adamlarıdır. Onlar bu və ya digər birliklərə daxil olub sonradan həmin qurumu tərk etməklə parçalanma görüntüsü yaratmağa çalışırlar. Həmçinin DCUH-da təmsilçilik və idarəetmə ilə bağlı da müəyyən fikir ayrılıqları vardı. Sonradan isə həmin fikir ayrılıqları yoluna qoyuldu, problem nizamlandı. Hazırda faktiki olaraq həmin problemlər yaşanmır. Biz fəaliyyətimizi Açıq Cəmiyyət Partiyasının ayrı-ayrı üzvlərinin deyil, ümumilikdə bu partiyanın mövqeyi ilə uzlaşdırırıq.
-Partiya sədri olaraq kütləvi aksiyalarla bağlı mövqeyiniz daima ondan ibarət olub ki, aksiyalar artan xətt üzrə davam etməlidir. Bu arada İctimai Palata 8 aprel aksiyasından sonra aprelin 22-nə növbəti aksiya təyin edib. Sizcə, İP-in 8 aprel aksiyası uğurlu olduğu üçün növbəti bir aksiya təyin edilib?
-Bu 20 ilə yaxındır ki, davam edən bir prosesdir. İndiyə qədər eyni liderlər, eyni yanaşma, eyni təfəkkür və düşüncə mövcud olub. 1989-1990-cı illərdə meydanlarda çıxış edən həmin adamlar indi də həmin pafosla eyni sözləri təkrar edirlər. Təbii ki, bunun da əvvəlki effekti yoxdur. Sadəcə cəmiyyətdə uzun müddət idi ki, mitinq yasağı vardı. Ona görə də bəzi insanlar öz enerjisini boşaltmaq, hakimiyyət əleyhinə şüarlar eşitmək üçün həmin aksiyaya gəlmişdilər. Ancaq hesab etmirəm ki, bu zəruri məqama qədər yüksələcək. İlk növbədə proseslərə baxış dəyişməli, müxalifətin daha böyük camiəsi bir araya gəlməli, ayrı-ayrı zaman kəsimlərində müxalifətin uğursuzluqlarının başında duranlar bir qədər kənara çəkilməlidir. Əks təqdirdə heç bir müsbət effekt olmayacaq.
-Belə çıxır ki, cəmiyyətin həmin şəxslərə artıq inamı qalmayıb?
-Bu gün Azərbaycan cəmiyyətinin İctimai Palatanın liderlərinə olan etimad limiti çox azdır.
-Sizcə 2013-cü ilin prezident seçkilərinə qədər müxalifətin daha böyük camiəsi bir araya gələ biləcəkmi?
-Mən çox istərdim ki, bu mümkün olsun. Buna çox ciddi ehtiyac var. Ancaq görünən odur ki, bir sıra qüvvələr hakimiyyət uğrunda deyil, müxalifət daxilində birinci olmaq uğrunda mübarizə aparırlar. Bu məsələdə hakimiyyət də həmin qüvvələrlə birlikdədir. Ona görə də müxalifətin geniş bir koalisiyasının yaradılacağına inanmaq bir qədər çətindir.
Süleyman İsmayılbəyli