Bu mövqe dövlətin, dövlətçilik maraqlarının əleyhinədir
Ramil Hüseynov: “Gizli sövdələşmələrə gedənlər indi açıq dialoqa gedənləri satqın adlandırırlar”
10 Mart 2015 13:35 MüsahibəParlament seçkiləri yaxınlaşdıqca müxtəlif müxalif partiyaların təmsil olunduğu seçki blokları təsis edilir. Bir müddət əvvəl yaradılan belə seçki bloklarından biri də "Azadlıq-2015" seçki blokudur. Sözügedən blokun seçki hazırlıqları, qarşısına qoyduğu məqsəd və hədəflər barədə "Azadlıq-2015" seçki blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə VİP rəsmisi müxalifət daxilində mövcud olan vəziyyət barədə də danışıb.
-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyasının parlament seçkilərinə hazırlıq prosesi necə gedir və bu istiqamətdə hansı işlər görülür?
-Vətəndaş və İnkişaf Partiyası olaraq parlament seçkilərinə çox ciddi hazırlaşırıq. Hazırda namizəd korpusunun dairələr üzrə müəyyənləşdirilməsi prosesini yekunlaşdırmaq üzrəyik. Qeyd edim ki, bütün namizədlərlə fərdi söhbətlər olunur. Bu günə 40-dan yuxarı namizədimizlə fərdi danışıqları bitirmişik. Qısa zamanda digərləri ilə də bu cür fərdi danışıqlarımız olacaq. Demək istəyirəm ki, konkret dairələrdə partiyamızın korpus üzvləri kimlər olacaqsa, artıq bəllidir. Fəaliyyət proqramına uygun olaraq ardıcıllıqla partiyanın müvafiq qurumları bu istiqamətdə işlərini davam etdirir. Bu bizim ilin əvvəlində VİP aparatının qəbul etdiyi fəaliyyət proqramından irəli gələn zəruri addımlardır ki, həyata keçiririk. Digər tərəfdən bildiyiniz kimi VİP "Azadlıq-2015" seçki blokunun təsisçisidi. Blokun seçki qərərgahı yaradılıb və artıq bir neçə toplantısı keçirilib. Qərərgahın özünün fəaliyyəti ilə bağlı lahiyələrimiz müzakirə olunur. Bu da növbəti toplantıların birində çox güman ki, qəbul olunacaq. Blokda namizədlərin müəyyənləşməsi məsələsi müzakirə olunacaq. Blok üzvlərinin müzakirəsindən sonra vahid namizədlər dairələr üzrə müəyyənləşəcək .
-VİP-in də daxil olduğu "Azadlıq-2015" seçki blokunda əməkdaşlıq sona qədər səmimi və qarşılıqlı anlaşma şəraitində baş tutacaqmı?
-Bu suala indidən konkret cavab vermək düzgün olmazdı. Amma onu deyim ki, blokda olan partiyalar yaranandan bəri blok qarşılıqlı hörmət və səmimiyyətlə bütün məsələlərə münasibətlərini ifadə edirlər. Səmimiyyət olmayan yerdə heç bir ugur, qələbə və nəticə olmayacaq. Buna görə hesab edirəm ki, bu səmimiyyət sona qədər, blok qarşısına qoyduğu məqsədlərə çatana qədər davam edəcək. Əks təqdirdə təbii ki, blokun heç bir uğuru olmayacaq. Qısası blokun mövcudluğuna ehtiyac qalmayacaq.
-Ümumilikdə, VİP müxalifətin seçki hazırlıqlarını necə qiymətləndirir?
-Digər müxalifət partiyalarının hazırlıq vəziyyətini qiymətləndirmək üçün hansısa bir addım hələ ki, atılmayıb. Ola bilər ki, hər bir partiya daxildə öz hazırlıqlarını görür. Cəmiyyət üçün isə ciddi bir seçki hazırlığı ilə bağlı mesajlara rast gəlməmişəm. Öz partiyamızla və təmsil olunduğumuz blokda deyə bilərəm ki, seçki ilə bağlı ciddi əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Cəmiyyətə, siyasi elitaya da bununla bağlı mesajlarımızı vermişik.
-Sizcə müxalifət bu seçkidən necə çıxacaq?
-Əslində müxalifət bu seçkilərdə qələbə ilə çıxmaq istəyirsə toparlanmalı, bir-birilərinə qarşı ittihamlar yox, mübarizə üsulu haqqında düşünməlidir. Ardıcıl olaraq rəqibini obyektiv tənqid etməklə cəmiyyətin rəğbətini qazanmalıdır. Millətin inamını qaytarmalı, etimadını doğrultmalıdı. Əks təqdirdə heç seçkiyə girə bilməyəcəklər ki, ordan da çıxsınlar.
-İqtidarla dialoqa gedən müxalifət partiyalarının hakimiyyətə satılan partiya kimi dəyərləndirmələrə münasibətininz necədir və bu nə dərəcədə haqlı iraddır?
-Əvvəla onu bildirim ki, iqtidar-müxalifət dialoqu indiki məqamda bölgədə baş verən proseslərə görə vacibdir. Yadınızdadırsa dialoq başlamamışdan bir neçə ay qabaq sizə müsahibəmdə bildirmişdim ki, vaxt gələcək həm iqtidarın müxalifətlə, həm də müxalifətin iqtidarla dialoqa ehtiyacı olacaq və bu baş verdi. Bu əslində onun göstəricisidir ki, həm müxalifətdə, həm də iqtidarda dünyada baş verən prosesləri düzgün qiymətləndirən, dövləti, dövlətçiliyi, müstəqilliyi, suverenliyi şəxsi maraqlardan üstün tutan şəxslər var. Sanki iqtidarla müxalifət arasında bir uçurum duşmənçilik var idi. Bunu təlqin edən hər iki tərəf də var idi. İndi də var. Amma nə yaxşı ki, bəzi məkrli qüvvələrin mövqeyi nəzərə alınmadı, proses baş verdi. Mən ölkədə sivil iqtidar-müxalifət münasibətlərinin qurulmasının tərəfdarıyam. Qarşılıqlı hörmət ehtiramla münasibətlərin qurulmasının tərəfdarıyam. İqtidarı obyektiv tənqid etmək lazımdır. Düşmənçilik ənənəsi ilə yox. Düşmənçilik münasibətləri ölkəyə fayda vermir. Hesab edirəm ki, bu dialoqun ölkəmizə faydası olacaq. İqtidar öhdəsinə düşən müəyyən addımlar atacaq. Ölkədə siyasi institutların inkişafı üçün layihələr qəbul olunacaq, sosial-siyasi, iqtisadi yöndə cəmiyyətin maraqlarını təmin edən islahatlar aparılacaq. Həqiqətən bu istiqamətdə kifayət qədər problemlər mövcuddur. Bunların aradan qaldırılması üçün sağlam düşüncəli, təfəkkürü saglam olan insanlar masa arxasında danışıqlar aparmalı, problemin aradan qaldırılma yolları araşdırılmalıdır. Qaldı ki, siz dediyiniz iradlara, onlar siyasi cəhətdən kor olan insanların iradlarıdır. Bunlar ölkədə münasibətlərin gərgin, radikal düşmənçilik ənənəsinin davam etməsini istəyən qüvvələrin iradlarıdır. Bu mövqe dövlətin, dövlətçilik maraqlarının əleyhinədir. Həmin qüvvələrin bəziləri vaxtikən bu iqtidardan qapı arxasında aldıqları ilə həyatlarını yaşayıblar. Gizli sövdələşmələrə gedənlər indi açıq dialoqa gedənləri satqın adlandırırlar. Amma nəzərə almırlar ki, bu satqınlıq deyil. Satqınlıq onların bir neçə dəfə etdiyi gizli separat danışıqlar idi. Hesab edirəm ki, bu cür həssas məqamda elə düşünən, özünü siyasi korluğa qoyan insanlara əhəmiyyət vermək lazım deyil.
Süleyman İsmayılbəyli