“Hər bir kütləvi aksiya sosial sifariş əsasında keçirilməlidir”
Mütəllim Rəhimli: “Müxalifət özünə dvident yığmağa çalışsa inanıram ki, cəmiyyət ona dəstək verməyəcək”
5 Mart 2015 12:55 MüsahibəMilli Şuranın mart ayının 15-də nəzərdə tutduğu etiraz aksiyasına əksər müxalifət partiyaları qoşulmamaq qərarı verib. Belə siyasi təşkilatlardan biri də Ədalət Partiyasıdır. Partiyanın sədr müavini Mütəllim Rəhimli bunu aksiya üçün sosial sifarişin olmaması ilə əlaqələndirib. Ədalət Partiyasının rəsmisi təmsil etdiyi partiyanın parlament seçkilərində iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib.
-Mütəllim bəy, Ədalət Partiyası bələdiyyə seçkilərindən fərqli olaraq parlament seçkilərində iştirak etməyi düşünürmü və bu istiqamətdə partiyada hansı işlər görülür?
-Ədalət Partiyasının rəhbərliyi bələdiyyə seçkilərində iştirak etməmək haqqında qərar qəbul etmişdi. Lakin partiya üzvlərimizin çoxsaylı müraciətlərini və seçkilərdə iştirak etmək arzularını nəzərə alaraq sonradan bu qərara yenidən baxdıq. Beləliklə, Ədalət Partiyası bələdiyyə seçkilərində iştirak etdi. Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Kimlərsə bizim üzvlərin seçilməsinə maneə yaratdı və bələdiyyəyə seçilən üzvlərimizin sayı olduqca az oldu. Siyasi partiya əslində seçkilərdə iştirak etməli, öz platformasını, ideoloji-siyasi baxışlarını xalqa çatdırmalıdır. Bu baxımdan parlament seçkilərində iştirak vacibdir. Lakin Milli Məclisə seçkilər yalnız majoritar qaydada keçirildiyindən partiyaların təbliği demək olar ki, mümkün olmur. Yaxşı olar ki, tezliklə ölkədə proporsional seçki sistemi bərpa edilsin. Belə olarsa siyasi partiyaların real gücü də ortaya çıxar. Həmçinin milli maraqlara xidmət etməyən siyasilər və partiyalar da ifşa olunar. Bütün bunlara baxmayaraq Ədalət Partiyasında belə bir fikir var ki, parlament seçkilərində iştirak etmək lazımdır. Lakin bununla bağlı rəsmi qərarımız yoxdur. Seçkilərə hələ kifayət qədər vaxt qaldığını nəzərə alsaq bəri başdan qərar vermək də tələsik addım olardı.
-Partiya seçkidə iştirak edəcəyi təqdirdə parlamentdəki mandat sayını artılra biləcəkmi?
-Seçkiyə qoşulan hər bir partiya və şəxs qalib gəlmək uğrunda yarışır. Təbii ki, bizim partiyamızın sıralarında bir sıra şəxslər var ki, həm ictimai nüfuzlarına, həm siyasi, elmi potensiallarına görə Milli Məclisdə təmsil olunmağa layiqdirlər. İndi Ədalət Partiyasını parlamentdə yalnız İlyas İsmayılov təmsil edir. Amma istərdik ki, partiyamızdan seçilən deputatların sayı çox olsun. Seçkilərə qatılsaq təbii ki, onların qələbə çalması üçün partiya bütün gücünü səfərbər edəcək.
-Bu arada partiyanıızın seçki ərəfəsində yaradılan birlik və bloklara münasibəti necədir?
- Bilirsiniz ki, Ədalət Partiyası Yaşıllar və İslam Partiyası ilə birlikdə "Vətən" blokunda təmsil olunur. Prezident seçkilərində də göründü ki, bu kifayət qədər sanballı bir gücdür. Düzdür, son günlər bu blokun fəaliyyətində, bir qədər passivlik hökm sürür. Düşünürəm ki, yaxın zamanlarda onun işinə bir aydınlıq gələcək və "Vətən" bloku parlament seçkiləri ilə bağlı öz mövqeyini ortaya qoyacaq. Lakin biz indi mövcud olan hər hansı birliyin tərkibində özümüzü seçkilərdə iştirak edən qüvvə kimi görmürük. Baxışlarımız, məqsədlərimiz kifayət qədər fərqlidir.
-Ümumilikdə, sizcə müxalifət seçkiyə blok şəklində, yoxsa fərdi qaydada getməlidir?
-Artıq vahid müxalifətdən danışmaq mümkün deyil. Kifayət qədər bölünmələr baş verib, siyasi baxışlar arasında uçurum yaranıb. Həmçinin faktiki siyasi xəttlər köklü surətdə fərqlənir, üstəlik şəxsi zəmində də barışmazlıq mövcuddur. Bu səbəbdən də müxalifət düşərgəsinin bir blok şəklində seçkiyə qatılması hətta nəzəri baxımdan da alınan iş deyil. Çox güman ki, ayrı-ayrı bloklar yaradılsın və seçkilərə qoşulsun. Çox yaxşı olardı ki, müxalifət seçkilərə vahid qüvvə kimi qoşulsun. Bu qələbənin təminatı olardı.
-Bu arada Milli Şuranın elan etdiyi aksiyaya münasibıtiniz necədir. Sizcə, belə bir həssas zamanda etiraz aksiyaları üçün sosial sifariş varmı?
-Bizim həm xarici siyasətdə, həm də daxili məsələlərə yanaşmada Milli Şura ilə çox böyük fikir ayırılığımız mövcuddur. Ona görə də indiyədək bu qurumla Ədalət Partiyası arasında hər hansı yaxınlaşma, əməkdaşlıq olmayıb. Biz hadisələrə milli maraqlar prizmasından, elmi və dövlətçilik nöqteyi-nəzərdən yanaşmağın, münasibətləri əxlaq normaları çərçivəsində qurmağın tərəfdarıyıq. Ölkənin və cəmiyyətin problemlərinə, kütləvi aksiyalara yanaşmağımız da belədir. Biz bir partiya olaraq qərar qəbul etmişik ki, yalnız özümüzün təşkilatçılığında iştirak etdiyimiz aksiyalara qoşulaq. Milli Şuranın təşkil etməyə çalışdığı bu mitinqdə biz təşkilatçılar sırasına daxil olmadığımıza görə orada iştirak edə bilmərik. Ümumiyyətlə, hər bir kütləvi aksiya sosial sifariş əsasında keçirilməlidir. Hətta mövcud ciddi problemlərdən müxalifət özünə dvident yığmağa çalışsa inanıram ki, cəmiyyət ona dəstək verməyəcək. Qiymətlərin qalxması məsələsinə də obyektiv yanaşma olmalıdır. Hər şeyi qara rəngdə görmək düzgün deyil, opponentlərə qarşı mübarizədə də həqiqəti demək lazımdır. Ümumiyyətlə, müxalifətin təşkil etdiyi mitinqlərlə bağlı ictimaiyyət kifayət qədər məlumatlandırılmır. Onlarda aksiyalarla bağlı düzgün münasibət formalaşdırıla bilmir. Nəticədə insanlar belə başa düşürlər ki, mitinqlər siyasi partiyalara lazım olduğu üçün keçirilir və mütəşəkkillik alınmır. Ona görə də indi kütləvi aksiyalarla nəyəsə təsir etmək mümkünlüyünə inanmıram.
Süleyman