Pakistan-Azərbaycan əlaqələri uğurla inkişaf edir
Daşqın Şikarov: “Bu səfər iqtisadi əlaqələrin inkişafına da təkan verəcək”
2 Mart 2015 15:04 MüsahibəAzərbaycanın Pakistanla müxtəlif sahələrdə əməkdaşlığının inkişaf etməsi son illər özünü daha qabarıq şəkildə büruzə verir. Rəsmi Bakının müstəqilliyini ilk tanıyan ölkələrdən olan Pakistan Dağlıq Qarabağ probleminin həllində də Azərbaycanın mövqeyini dəstəkləyir, erməni işğalı altnda olan torpaqlarımızın tezliklə azad edilməsini tələb edir. Təbii ki, Bakı və İslamabad arasında əlaqələrin inkişaf etdirilməsinə hər iki ölkədə fəaliyyət göstərən diplomatlar da öz töhfələrini verirlər. Daşqın Şikarovun Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsindən sonra Bakı-İslamabad münasibətlərinin inkişafında yeni bir səhifənin açıldığını desək yanılmarıq. Hər halda səfirimizin bu müddət ərzində gördüyü işlər belə deməyə əsas verir. İşinin həddən artıq çox olmasına baxmayaraq mətbuatla da yaxından əməkdaşlıq etməyə vaxt tapan səfir Daşqın Şikarov istər Pakistan, istərsə də, Azərbaycan mətbuatının ən çox dəyər verdiyi diplomatlardan sayılır. Biz də "OLAYLAR" olaraq Pakistandakı diplomatik fəaliyyəti, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərlə bağlı Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovla söhbətləşdik. Daşqın Şikarov "OLAYLAR"-a verdiyi müsahibədə Pakistan prezidentinin Azərbaycana gözlənilən səfəri barədə də danışıb.
-Daşqın müəllim, bu günlərdə Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərindən bir neçəsi də Pakistanda baş tutdu. Rəsmi İslamabadın bu mövqeyini, Azərbaycanın problemlərinə şərik çıxmasını bir diplomat kimi necə dəyərləndirirsiniz?
-Bilirsiniz ki, Pakistan Ermənistanı torpaqlarımızı işğal etdiyi üçün bu günə qədər dövlət kimi tanımayıb və bu dövlətlə heç bir münasibət qurmayıb. 01.02.2012 tarixində Pakistan Senatı Xocalı soyqırımını rəsmən tanıyıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edib. Eyni zamanda, Pakistan parlamentinin 05.10.2013 tarixində qəbul etdiyi digər qətnaməsində Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəklənib, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının təmin olunmasını tələb edib. Şübhəsiz ki, qardaş Pakistanın tutduğu bu mövqe, Pakistanın beynəlxalq hüquqa, ədalət prinsiplərinə və eyni zamanda, dostluq əlaqələrinə sadiqliyinin bariz göstəricisidir. Xocalı soyqırımının 23-ci ildönümün ilə əlaqədar olaraq səfirlik tərəfindən keçirilmiş tədbirlərə gəldikdə isə, bu il Pakistanın nüfuzlu "Pakistan Observer", "Navai Vakt", "Al-Azkaar", "Centreline", "Pakistan in the World", "DNA News", "Daily İnsaf", "Dayliazadiswat" və Daily ASA nəşrlərində Xocalı soyqırımı ilə əlaqədar məqalələr dərc edilmiş, Pakistanın nüfuzlu "VAKT" televiziya kanalında müsahibəm nümayiş olunmuşdu. Bundan əlavə, böyük auditoriyaya malik televiziya kanallarindan olan "DAWN" TV-də Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış video material nümayiş etdirildi. Bununla yanaşı, Preston Universitetində Pakistanın tanınmış ictimai -siyasi xadimlərinin, diplomatların, media mənsublarının iştirakı ilə Xocalı soyqırımı mövzusunda seminar keçirildi.
-Ümumilikdə bir səfir kimi bu gün Azərbaycan-Pakistan münasibətlərini necə xarakterizə edərdiniz?
-Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub və həmin gündən etibarən ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Əfsuslar olsun ki, iqtisadi-siyasi münasibətlərimiz hələ də arzuolunan səviyyədə deyil və mövcud potensialını doğrultmayıb. Bildiyiniz kimi, 11-14 mart tarixlərində Pakistan Prezidenti cənab Məmnun Hüseyn Azərbaycana rəsmi səfər edəcək. Ümidvaram ki, bu səfər ölkələrimiz arasında münasibətlərin digər sahələri ilə yanaşı, iqtisadi əlaqələrin inkişafına da təkan verəcək. Zənnimcə, Azərbaycan və Pakistan iş adamlarının iştirakı ilə səfər çərçivəsində keçirilməsi nəzərdə tutulan biznes seminar faydalı olacaq.
-Müntəzəm olaraq Heydər Əliyev Fondu Pakistanda humanitar aksiyalar, layihələr həyata keçirir. Bu cür layihələr sadə pakistanlılar tərəfindən necə qarşılanır?
-2012-ci ildən başlayaraq Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil, humanitar sahələrdə proqramlar icra olunmuşdu. Bundan öncə, 2007-ci ildə isə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərər çəkmiş Müzefferabad şəhərində qızlar məktəbi inşa edilmiş, 2012-ci ildə isə əsaslı təmir olunmuşdu. Pakistan xalqı, dövləti, Azərbaycanın birinci xanımının bu təşəbbüsü böyük rəğbətlə qarşılanmışdı. Əlamətdar haldır ki, 2012 -ci ildə, Pakistanda həyata keçirdiyi humanitar layihələrə görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın ən nüfuzlu qəzetlərindən olan və bir neçə yüz min tirajla nəşr edilən "Daily Times" qəzeti və "Qadın Könüllülər təşkilati" tərəfindən "Humanizmin Simvolu. 2012-ci ilin adamı", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto" mükafatları ilə təltif olunmuşdu. 2015-ci ilin 11 fevral tarixində isə Pakistan Prezidentinin fərmanı ilə Mehriban xanım Əliyeva Pakistanın Ali Ordeni Hilal-e--Pakistan ordeni ilə təltif edilmişdi.
-Yaxın vaxtlarda buna oxşar layihələr gözlənilirmi?
-Şübhəsiz ki, Heydər Əliyev Fondu Pakistandakı fəaliyyətini davam etdirəcək. Cari il ərzində səhiyyə və humanitar sahələrdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
-Uzun müddətdir ki, bu ölkədəsiniz. Bəs Azərbaycan yadınıza düşəndə təsəllini nəylə tapırsınız?
-Hər bir diplomatın vəzifəsi dövlətinə, xalqına xidmətdən ibarətdir. Xalqlarımız arasında münasibətlərdə yaşanan hər hansı bir müsbət an, əldə edilmiş hər hansı bir nailiyyət, əslində bir təsəllidir.
-Heç şübhəsiz ki, müəyyən müddətdən sonra bu ölkədəki diplomatik missiyanız başa çatacaq. Pakistandan sizin xatirinizdə ən çox nə qalacaq?
-Ən çox xatirəmdə Pakistan xalqı qalacaq. Qonaqpərvər, səmimi, mərd, dostluğa sadiq, daim Allaha şükür edən bir Pakistan xalqı.
Süleyman İsmayılbəyli