Tural Abbaslıdan Müsavat başqanına ismarıc
Tural Abbaslı: “Başda Arif Hacılı olmaqla partiya rəhbərliyi kompromislərə getməli və narazı müsavatçıları razı salmalıdır”
27 Fevral 2015 13:25 Müsahibə"Müsavat Partiyasından istefaların olduğu acı gerçəklikdir"
Son günlər AXCP kimi Müsavat Partiyasında baş verən istefalar da bu partiyanı yenidən gündəmə gətirib. Belə ki, partiyanın Beyləqan rayon təşkilatının böyük əksəriyyəti Müsavatı tərk etdikdən sonra daha 18 nəfər bu partiya sıralarından istefa verib. Ümumiyyətlə, sonuncu qurultayından sonra daxili gərginlik dövrünü yaşayan Müsavat sözün həqiqi mənasında böhran dövrünü yaşayır. Partiyada baş verən istefaların əsas səbəbi, bunun qarşısının alınmasının yolları, eləcə də digər məsələlərlə bağlı Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı ilə söhbətləşdik.
-Tural bəy, son günlər daha bir qrupun Müsavat Partiyasından istefa verdiyi bildirilir. Necə düşünürsünüz, bu istefaların arxasında nə dayanır?
-Son zamanlar Müsavat Partiyasından istefaların olduğu acı gerçəklikdir.Təbii ki, hər bir siyasi partiya üçün istefalar elektorat itkisidir və bu və ya digər şəkildə həmin qurumun zəifləməsinə səbəb olur. Təbii ki, biz bu istefaların davamlı olmamasını arzulayırıq.
-Partiya rəhbərliyi Müsavatda baş verən istefaların qarşısının alınması üçün müəyyən kompromis addımlar atmağı düşünürmü?
-Çox təəssüflər olsun ki, partiyanın hazırkı rəhbərliyi belə istefaların qarşısını almaq üçün lazımı addımlar atmır. Hətta əksinə rəhbərlik tərəfindən belə halları stimullaşdıran yalnış qərarlar və addımlar atılır.
-Bəs, siz bir müsavatçı olaraq partiyadan olan istefaların qarşısının alınması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
-Bu kimi mənfi halların qarşısının alınmasının yeganə yolu partiya daxili demokratik mühiti yaxşılaşdırmaqla yanaşı, ümumi barışıq mühitinin yaradılmasıdır. Yəni başda Arif Hacılı olmaqla partiya rəhbərliyi kompromislərə getməli və narazı müsavatçıları razı salmalıdır. Bu yolla ilk növbədə növbəti istefaların qarşısı alınmalıdır. Bundan sonra isə artıq istefa vermiş müsavatçılar geri qaytarılmalıdır.
-Partiyada baş verən istefalar parlament seçkilərində Müsavatın kadr potensialının azalmasına nə dərəcədə mənfi təsir göstərəcək?
-Təbii ki, qarşıdan gələn parlament seçkilərində bu itkilər öz mənfi nəticəsini göstərəcək. Şübhəsiz ki, istər kadr potensialı, istərsə də mübarizə aparan sıravi elektoratın zəifləməsinin müsbət nəticələri olmayacaq. Bütün bunlar hesablanmalı və nəticələr çıxarılmalıdır.
-Bir qayda olaraq Müsavat Partiyası seçkilərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birlik və ya blok yaradır. Qarşıdan gələn parlament seçkilərində belə bir əməkdaşlığın yaranması mümkündürmü? Yoxsa Milli Şuradan sonra AXCP ilə bütün körpülər yandırılıbmı?
-Müsavat AXCP münasibətlərinə gəldikdə deyə bilərəm ki, indiki məqamda bu partiyalar müttəfiqliyə və əməkdaşlığa məhkumdurlar.
-Maraqlıdır ki, son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasında baş verən istefada cəbhəçilər müsavatçıları, o cümlədən Rauf Arifoğlunu da müəyyən mənada ittiham edirlər. Nə qədər qəribə də olsa cəbhəçilər AXCP-yə qarşı bir kampaniyanın aparıldığını iddia edirlər. Bir müsavatçı olaraq bu iddiaları nə dərəcədə doğru qarşılayırsınız?
-Təəssüflər olsun ki, partiyalararası münasibətlər şəxsi münasibətlər zəmində qurulur və lazımsız qarşıdurmalar və ittihamlar davam edir. Hər iki partiya rəhbərliyi unutmamalıdır ki, onlar minlərlə fədakar insanların məsuliyyətini və Azərbaycanın gələcəyinin məsuliyyətini daşıyırlar. Məqsəd bir-birini zəiflətmək, ittiham etmək, suçlamaq olmamalıdır. Bunları edənlərin müxalifətliyinin səmimiliyinə şübhə edirəm. Hər iki partiyanın hədəfi demokratik Azərbaycandırsa buna da uyğun addımlar atılmalıdır. Heç kim unutmasın ki, bu günkü doğru və ya yalnış qərarlarına görə tarix qarşısında cavab verəcək.
Süleyman