“Azərbaycanda müxalifət bir siyasi plast kimi elə də güclü deyil”
Mayis Güləliyev: “Bəzən müxalifət ictimai-siyasi reallığı şişirdir”
26 Fevral 2015 14:11 MüsahibəBu il ölkədə keçiriləcək parlament seçkilərində əksər siyasi təşkilat və birliklər kimi "Vətən" Siyasi Bloku da iştirak etməyi qarşıya məqsəd qoyub. Artıq bu istiqamətdə ciddi hazırlıqlara başlayan "Vətən" Siyasi Blokuna daxil olan siyasi partiyaların yerli təşkilatlarında da seçki hazırlıqları həyata keçirilir. "Vətən" Siyasi Blokunun seçki hazırlıqları, qarşısına qoyduğu məqsəd və vəzifələrlə bağlı blokun icraçı katibi Mayis Güləliyevlə söhbətləşdik.
-Mayis bəy, "Vətən" Siyasi bloku parlament seçkiləri ilə bağlı hazırlıqlara nə zamandan start verəcək və seçkidə nə dərəcədə uğur qazana biləcək?
-Siyasi partiyalar seçki prosesində iştirak etməklə cəmiyyətdəki siyasi mühitə, hakimiyyətin siyasətinə, eləcə də dövlət idarəçiliyinə və qərar qəbul etmə prosesinə təsir göstərirlər. Başqa sözlə desək, seçkidə iştirak və mübarizə siyasi partiyaların əsas işidir. Bu mənada "Vətən" Siyasi Bloku seçkilərdə aktiv iştiraka xüsusi önəm verir. 2015-ci il parlament seçkiləri ilidir. "Vətən" Siyasi Bloku da bu seçkilərə ciddi şəkildə hazırlaşır. Hələlik regionlarda seçkilərə hazırlıqla bağlı təşkilati işlər aparılır. May-iyun aylarından sonra isə seçki dairələri üzrə namizədlər müəyyənləşdiriləcək.
-Namizədlərin müəyyən edilməsi məsələsində digər siyasi təşkilat və bloklarla anlaşma əldə edilməsi mümkün olacaqmı?
- "Vətən" Siyasi Blokunun siyasi mübarizə, o cümlədən seçki ilə bağlı öz strategiyası və proqramı var. Digər partiyalar və bloklarla ümumi problemlər müzakirə edilə bilər. Lakin birgə namizədlərin müəyyən edilməsi hələ ki, gündəlikdə deyil. Ola bilsin ki, olmayacaq. Hansı partiya "Vətən" Siyasi Blokuna qoşulmaq istəsə bu məsələ müzakirə edilə bilər. Lakin "Vətən" Siyasi Blokunun hansısa bloka qoşulması mümkün deyil və müzakirə mövzusu ola bilməz.
-Sizin bloka daxil olan partiyaların kifayət qədər beynəlxalq əlaqələri mövcuddur. Bu baxımdan seçki zamanı beynəlxalq təcrübədən istifadə edəcəksinizmi?
-Beynəlxalq təcrübələrdən həmişə bəhrələnmək lazımdır. Necə deyərlər "dünya gör-götür dünyasıdır". Amma Azərbaycanda seçkilər artıq 25 ildən çoxdur ki, keçirilir və "Vətən" Siyasi Blokuna daxil olan partiyaların da seçki təcrübəsi kifayət qədərdir. Güman edirəm ki, bizim həm parlament, həm də prezident seçkilərində topladığımız təcrübə kifayət edər ki, bu il keçiriləcək parlament seçkilərində də uğurla iştirak edək.
-Artıq ikinci dəfə keçirilən iqtidar-müxalifət dialoquna bir sıra partiyalar fərqli yanaşır və bu görüşdə iştirak edən partiyaları hakimiyyətə satılmaqda ittiham edirlər. Siz, bu kimi iddiaları nə dərəcədə normal hesab edirsiniz?
-Mən iqtidar nümayəndələri ilə müxalifət nümayəndələrinin görüşünü, yaxud müxalifətdaxili görüşləri satqınlıq kimi qiymətlədirmənin qəti əleyhinəyəm. Əksinə, hər bir görüş yaxşı münasibətlərə körpü ola bilər. Hətta "görüş xatirinə görüş" də nifrət və düşmənçilikdən yaxşıdır. Əlbəttə, istərdim ki, görüşlər konstruktiv olsun, real nəticələr versin. Görüşlərin konkret problem ətrafında və onların həllinə yönələn məcrada reallaşması yaxşı olardı. Digər tərəfdən, görüşün təşkilində ayrı-seçkiliyə yol vermək yaxşı deyil. Bütünlükdə isə, belə görüşlərin daha geniş formatda keçirilməsini dəstəkləyirəm.
-Ümumiyyətlə, bu kimi görüşlər hakimiyyətlə müxalifət arasında olan buzları tamamilə əridəcəkmi?
-Məncə hakimiyyətlə müxalifət arasında dediyiniz "buz" yoxdur. Azərbaycanda müxalifət bir siyasi plast kimi elə də güclü deyil. Sadəcə müxalifətdə xeyli sayda bacarıqlı, yüksək siyasi düşüncəyə malik kadrlar var. Onlardan istifadə etmək zəruridir. Amma dediyiniz "iqtidar-müxalifət" qarşıdurması Azərbaycanda yoxdur. Bəzən müxalifət ictimai-siyasi reallığı şişirdir və cəmiyyətin narazı təbəqəsini öz adına çıxır. Əslində isə müxalifətdən narazı təbəqə iqtidardan narazı olan təbəqədən az deyil. Odur ki, iqtidar öz fəaliyyətini inkişaf etdirmək üçün müxalifətdə olan bacarıqlı siyasilərdən və kadrlardan istifadə etməlidir. Bu görüşlər də mahiyyətcə problemlərin həllində "fokus-qrup" rolunu oynamalıdır.
-Sizcə, müxalifət parlament seçkilərindən necə çıxacaq?
-Seçkilyə hələ xeyli vaxt var.
Süleyman İsmayılbəyli