“Azərbaycan dünya turizm coğrafiyasında yeni destinasiya kimi maraq doğurur” - MÜSAHİBƏ
Eldar Aslanov: “Yeni turizm qanunun tezliklə qəbul edilməsinə nail olmalıyıq”
13 Sentyabr 2012 16:27 MüsahibəMüsahibimiz Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovdur
Eldar müəllim, yay turizm mövsümü başa çatdı. Ümumi müşahidələriniz haqqında nə deyə bilərsiniz, sizcə turizm obyektləri bu mövsümdən necə yararlandı?
-Bəli ölkəmizdə yay turizm mövsümü yekunlaşmaq üzrədir.Amma müşahidələr onu göstərir ki, bu daha çox yerli turizm mənasında yekunlaşır, amma beynəlxalq turizm mənasında ölkəyə gələn turistlərin sayı oktyabr və noyabr aylarında da davam edəcəkdir. Statistika və müşahidələrimiz (o cümlədən aparılan tədqiqatlar) göstərir ki, keçən ilə müqayisədə ölkəyə gələn turistlərin sayıda artım olub. Sözsüz ki, bu artım da daha çox müştəri və daha çox gəlir deməkdir. Bu mənada turizm obyektlərinin gəlirlərinin artması gözləniləndir. Əvvəlki illərlə müqayisədə qrup halında xarici turistlərin ölkəyə daha intensiv axını müşahidə olunur, xidmətlərin keyfiyyətinin artmasındakı davamlılılıq bizi sevindir. Bütün bunlar turizm sahəsində aparılan kompleks tədbirlərin məntiqi nəticəsidir və ildən ilə bu inkişaf sürətlənəcəkdir. Azərbaycan dünya turizm coğrafiyasında yeni destinasiya kimi maraq doğurur və bu maraq keyfiyyətli xidmətlə qarşılandığında bu maraq davamlı hal alacaqdır. Bu da ölkəmizdəki turizm şikətlərinin da müvafiq inkişafına səbəb olur.
-Bir sıra turizm obyektlərində xidmətlə bağlı bir sıra problemlər var. Mövcud problemlərin aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?
-Sözsüz ki, iş olan yerdə çatışmazlıqlar da olacaqdır. Bu mənada turizm ölkədə yeni qurulan sənaye sahəsi kimi özünəməxsus problemlər də yaşayacaqdır. İlk növbədə xidmət keyfiyyəti, kadr çatışmazlığı, təcrübəsizlik, marketinq planlaşdırılması, nəqliyyat, qiymət və rəqabət məsələləri aktual görünməkdədir. Amma ölkəmizdə artıq ikincisi icra olunan turizmin inkişafı üzrə dövlət proqramının əsas məqsədi də məhz bu problemləri həll etmək və ölkədə turizmi əsas iqtisadiyyat sahələrindən birinə çevirməkdir. Bölgəmizdə ciddi turizm rəqabət mühiti mövcuddur. Azərbaycan əsasən elitar turizm istiqamətini götürmüşdür. Bu strategiyaya uyğun olaraq mövcud problemləri həll etmək üçün çoxsaylı addımlar atılmışdır. Ölkədə son 10 ildə otellərin sayı 5 dəfədək artıb və artıq ölkədə 500-dən çox otelə vardır. Həmçinin ölkəyə gələn turistlərin sayında, turizm şirkətlərinin sayında, Azərbaycanın təbliğinə yönələn fəaliyyətlərdə, dünya turizm sərgilərində təmsilçilikdə və s. sahələrdə dəfələrlə inkişaf gözə çarpır. Azərbaycan Turizm İnstitutu, onun nəzdində Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci də məhz inkişafa yönlmiş əsas addımlardan olub. Növbəti mərhələdə, regionlarda turizm sahəsində xidməti personalın peşəkar hazırlığı üçün regional peşə məktəblərinin yaradılması, ölkədə mövcud turizm növləri üzrə alternativ turizm xidmət müəssislərinin yaradılması, turizm bələdçiliyinin genişləndirilməsi, daha kütləvi turizm marketinq işlərinin aparılması, mədəniyyət potensialının turizm baxımından daha effektiv istifadəsi və s. məsələlər qarşımızda duran əsas vəzifələrdədəndir.
Demək olar ki, həm Bakıda həm də regionlarda yeni-yeni turizm mərkəzləri istifadəyə verilir. Demək olarmı ki, bu sahədə ciddi rəqabət artıq başlayıb?
-Bəli qeyd etdiyim kimi ölkədə son 10 ildə ancaq turizm yerləşdirmə obyektlərinin (otellərin) sayı 5 dəfə artaraq 504-də çatmışdır. Ancaq son 1 ildə Bakıda 5, beşulduzlu otel açılmış, hazırda regionlarla birlikdə 40-dan çox otelin tikintisi davam edir. Ölkə Prezidenti İlham Əliyevin son Şəki-Zaqatala zonasına səfəri zamanı bir-neçə turizm-rekreasiya obyektlərinin açılışını etmiş və ya tikinti prosesləri ilə tanış olmuşdur. Ölkədə mövcud yataq sayları da artıq 31.000 keçmişdir. Bu bir tərəfdən qiymətə, diğər tərəfdən keyfiyyətə və rəqabətə də təsir edir. İnsanlar daha müxtəlif səviyyəli və müxtəlif turizm növləri üzrə yerlədə istirahət imkanları əldə edirlər.
Bir çox turistlər qiymətlərin bahalılığından şikayət edirlər. Qiymətlərin tənzimləmə mezanizmini necə həyata keçirmək lazımdır?
-Əvvəlki sualla bir başa əlaqəli sualdır. Sözsüz ki, son 3-4 ildə ictimai rəydə olan "ölkədə turizm qiymətləri baha və keyfiyyət isə ona uyğun deyil" iradına verdiyimiz bir cavab vardı. Hökumət bu işləri bazar iqtisadiyyatının prinsiplərinə zidd olaraq inzibati yollarla tənzimləməyəcəkdir. Bunu bazarın özü tənzimləyəcəkdir. Artıq bu məsələ özünü əyani şəkildə göstərməkdədir. Ölkədə turizm xidmətlərinin və yerləşdirmə yerlərinin rəngarəngliyi ilə həm keyfiyyətə və həmdə qiymətdə mütənasibliyə nail olunacaqdır. Bu istiqamətdə son bir-neçə ildə müsbət təmayüllər artıq hiss olunmaqdadır.
-Bir çox hallarda turizm şirkətlərindən daxil olan şikayətlərdə aldadılma faktları var. Turistlərin bu kimi hallarla qarşılaşmaması üçün hansı addımlar atılmalıdır?
-Bəli, təəssüflər olsun ki, doğru deyirsiz. Bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də bu həftə bir açıqlaması oldu və turistləri turizm xidmətləri alarkən ehtiyatlı olmağa və müvafiq sənədlərin (lisenziyanın) tələb olunmasının vacibliyinə çağırdı. Ölkədə bu gün 300-dən çox turizm şirkəti var. Hər il Mədəniyyət və Turizm Nazirliyi turizm xidmətləri göstərən şirkətlərin qara siyahısı tərtib edir. Bu siyahıya müvafiq lisenziyanı almamış və ya lisenziyalaşdırılmamış turizm şirkətləri və otellər daxil edilir. Onların bir çoxu hətta keyfiyyətsiz xidmət göstərdiyi üçün lisenziyası ləğv olunan şirkətlərdə olur. Ona görə də birincisi turistlər çox diqqətli və tələbkar olmalıdırlar. Onlar gedəcəkləri yerləri getmədən öncə internetdən, tanışları vasitəsilə öyrənməlidirlər. İkincisi isə peşəkar və fəal şirkətlərdən rica olunur ki, sosial məsuliyyəti daha da artırsınlar. Öz biznes etik qaydalarını daha da yüksəltsinlər. Bu nəticədə onların xeyirinədir.
-Turizmin daha da inkişaf etdirilməsi üçün hökumət tərəfindən davamlı addımlar atılır. Sizcə daha hansı addımların atılması bu sahənin gəlirliliyinə müsbət təsir göstərə bilər?
-Məncə biz ilk növbədə peşəkarlığın artırılması sahəsində işimizi durmadan davam etdirməli, bunu turizm və əlaqədar sahədə genişləndirməliyik. Turizm zonaları haqqında əsasnaməyə uyğun olaraq, bu zonaların master planları tezliklə hazırlanmalı, turistlərə xidmət edəcək bütün tərəfdaşlar buna uyğun təlimləndirilməlidir. Turizm məhsullarımızın dünyada tanıtımı işi davam etdirilməli, yeni turizm qanunun tezliklə qəbul edilməsinə nail olmalıyıq. Bir sözlə hazırda icra olunan turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi işini təmin etməklə turzimin inkişafında yeni mərhələyə çıxa biləcəyimizə əminəm.
Ədil