“Müxalifət daxilində də suyu bulandırmağa çalışanlar var”
Billur Hümbətov: “Bəziləri müxalifət kimi özlərindən başqa heç kimi görmür ki, bu da yanlış yanaşmadır”
12 Fevral 2015 13:42 MüsahibəSon bir neçə ayda iqtidar-müxalifət dialoqu siyasi kuluarların əsas müzakirə mövzusuna çevrilib. Məsələnin kifayət qədər aktual olduğunu nəzərə alan hər iki düşərgə dialoq istiqamətində konkret addımlar da atıb. Bir müddət əvvəl baş tutan iqtidar-müxalifət dialoqunun artıq növbəti mərhələsi keçirilir. Əksər müxalifət partiyaları iqtidarla baş tutan görüşdən məmnun görünürlər. Elə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov da bu qənaətdədir. VİP rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə müxalifət düşərgəsindəki mövcud durumdan da danışıb.
-Billur bəy, son illərin təcrübəsində artıq ikinci dəfədir ki, iqtidar-müxalifət dialoqu keçirilir. Belə bir həssas dönəmdə dialoqu nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?
-İstər iqtidar, istərsə də müxalifət eyni dövlətin, eyni millətin nümayəndələridir və ona görə də hər iki tərəf ümümmilli məsələlərdə bir araya gəlib, dövlətimiz ücün xeyirli olacaq addımlar atmağa borcludurlar. İstər "Qarabağ" problemi, istərsə də ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları yarışları olsun, hər ikisini mən ümümmilli məsələ hesab edirəm. Ona görə də iqtidar-müxalifət dialoquna böyük ehtiyac var. Buna dünən də ehtiyac var idi. Çox təəssüflər olsun ki, həm bəzi iqtidar təmsilçiləri, həm də bəzi müxalifət rəhbərlərinin günahı ucbatından baş tutmayıb. Çox arzu edərdim bu addımlar real işə söykənsin və əminəm ki, onda nəticə də millətimiz üçün xeyirli olacaq.
-Ancaq hələ də bəzi partiyalar bu görüşə qısqanclıqla yanaşır, onun mənasız olduğunu iddia edirlər. Bu kimi düşüncələr nə dərəcədə məntiqlidir?
-Bəzi partiyaların bu görüşə inamsızlıqla yanaşmalarında da bəzi obyektiv səbəblərlə yanaşı, mənəm-mənəmlik faktoru da var. Bəziləri müxalifət kimi özlərindən başqa heç kimi görmür ki, bu da yanlış yanaşmadır. Təəssüflər olsun ki, iqtidar təmsilçiləri də bu günə qədər müxalifət yoxdur tezisindən istifadə edirdilər. Əgər onlar artıq müxalifətin varlığını qəbul edib, dialoqa gedirlərsə, əks qütbün təmsilçilərinin bundan imtina etmələrini düzgün hesab etmirəm. Əsas vacib olan odur ki, hər iki tərəf istəyində səmimi olsun.
-Bu arada müxalifət seçki ilində yeni blok formalaşdırmaq istiqamətində çalışır. Müxalifət partiyalarının bu əməkdaşlığı nə dərəcədə əhəmiyyətli və nəticəli olacaq?
-Bir neçə müxalifət partiyasının 2015-ci il parlament seçkilərinə blok şəklində getmələrinə və blokun davamlı olub-olmayacağını əlbəttə, zaman göstərəcək. Mənim mənsub olduğum təşkilatın arzusu odur ki, müxalifət bütün dairələrdə namizədlərini razılaşdırsın. Çox təəssüflər olsun ki, müxalifət daxilində də suyu bulandırmağa çalışanlar var. Müxalifət ilk növbədə bir-biri ilə əməkdaşlığa maraqlı olmalıdır.
- Sizcə, partiyalar keçmişdə buraxılan səhvləri yenidən təkrarlamayacaq?
-Hər görülən işdə səhv ola bilər, bu təbiidir. Bir də var sən bilərəkdən müxalifət daxilində ixtilaf yaradasan və yaranmış hər hansı bir birliyi dağıtmağa çalışasan. Bunlar səhv deyil, təxribatçılıqdır. Çox təəssüflər olsun ki, həm iqtidarda, həm də müxalifətdə belə şəxslər az deyil. Onsuz da sonda hər kəsin həqiqi simasını Tanrımız bəlli edir.
Süleyman