“İqtidaryönlü siyasi təşkilatlara ögey münasibət var” - MÜSAHİBƏ

Kamil Seyidov: “Məşvərət Məclisinə daxil olan partiyaların yeni birliyi yaradılmalıdır”

Müsahibimiz Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovdur.

Qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlıq işləri gedir. Siyasi partiyalar ötən seçkilərdən fərqli olaraq bu seçkilərə böyük önəm verir. İqtidarda təmsil olunan Yeni Azərbaycan Partiyası  seçkilərlə bağlı konkret mövqe sərgiləməsə də müxalifət düşərgəsində bununla bağlı ciddi mübarizə gedir. Hazırda bu düşərgədə müxalifətin seçkilərdə vahid namizədlə qatılıb qatılmayacağı məsələsi ətrafında ciddi fikir ayrılığı var. Bütün bunlarla yanaşı bu gün bir sıra partiyalar var ki, cəmiyyətdə kifayət qədər siyasi gücü olan bu təşkilatlar seçki ilə bağlı konkret fikir ortaya qoymayıb. İqtidarın yürütdüyü siyasəti dəstəkləyən bu qurumlar nədənsə susmağa üstünlük verib. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı İqtidaryönlü siyasi partiyalardakı vəziyyəti öyrənmək üçün Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovla söhbətləşdik. Kamil Seyidov müsahibəsi zamanı bir sıra məsələlərə aydınlıq gətirdi.

-Kamil müəllim, Azad Respublikaçılar Partiyası olaraq qarşıdan gələn prezident seçkilərinə nə kimi hazırlıq işləri görürsünüz?

-Azad Respublikaçılar Partiyası əvvəlki seçkilərdə olduğu kimi 2013-cü ildə keçiriləcək seçkilərlə bağlı hazırlıq işlərinə start verib. Partiya sədri onu deyə bilərəm ki, 2013-cü ildə Azad Respublikaçılar Partiyası cənab prezident İlham Əliyevin namizədliyini müdafiə edəcək.  Biz bu istiqamətdə öncəki seçkilərdə də fəal iş aparmışıq. Nəzərinizə çatdırım ki, gənc partiya olmağımıza baxmayaraq biz seçkilərə daim böyük önəm veririk. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində biz cənab prezident İlham Əliyevin namizədliyini irəli sürdük. "Yeni əsrin, yeni nəslin partiyası" devizi ilə siyasi proseslərə qoşulan bir partiya kimi 2008-ci ildə də cənab prezidentin namizədliyini müdafiə edən siyasi təşkilat olmuşuq. Bu yöndə təbliğat-təşviqat işləri həyata keçirmişik. Hazırda partiya seçki ilə bağlı konkret qərar qəbul etməyib. Yaxın günlərdə partiyanın İdarə Heyətində konkret qərar qəbul olunacaq. Onu da qeyd edim ki, biz artıq yerlərdə seçki hazırlığı ilə bağlı iş aparırıq. Yerlərdə mövcud vəziyyət dəyərləndirilir. Demək olar ki, mütəmadi olaraq yerli şöbələrlə əlaqə yaradılır.

-Azad Respublikaçılar Partiyası ilə yanaşı bir neçə siyasi partiya Məşvərət Məclisi deyilən qurum ətrafında birləşib. Ancaq bu gün nədənsə MM-nin adına heç yerdə rast gəlmək olmur. Sizcə indiki zamanda MM-nə ehtiyac yoxdur?  

-ARP, AVP, ASRP, DADP, Mübarizlər və bir neçə partiya uzun on illər idi ki, ulu öndər Heydər Əliyevinn razılığı və bilavasitə təşəbbüsü ilə yaradılmış Məşvərət Məclisində təmsil olunurdu. Bizim böyük layihlərimiz olub. Davamlı olaraq tədbirlər keçirirdik. MM-nin əsasnaməsinə görə, təşkilata sədrlik siyasi partiyalar arasında dövrü olaraq dəyişirdi. Sonuncu dəfə MM-nə sədrlik DADP idi. Bundan sonra MM-nə sədrlik YAP-a keçdi. YAP MM-nə sədrlik edəndən sonra bu qurumun fəaliyyətinə xitam verildi. Artıq neçə illərdir ki, heç bir təbdir keçirilmir, bura daxil olan qurumlar da müstəqil siyasət yürüdür. Bunun da əsas səbəbkarı iqtidaryönümlü, parlamentdə təmsil olunan və yaxud da təmsil olunmayaq iqtidaryönümlü siyasi partiyalar yox, əslində bütün bu proseslərin təşkilatçısı YAP və YAP rəhbərliyində olan şəxslərdir. Bilavasitə həmin insanlar MM-ni çökdürdülər. Halbuki, ulu öndər tədbirlərdə MM-nə daxil olan partiya sədrlərini görəndə də hər zaman MM-də işlərlə bağlı maraqlanırdı, tapşırıq və tövsiyələrini verirdi. Bu gün biz tamam başqa proseslərin şahidi oluruq. Sanki iqtidaryönlü siyasi partiyalara ögey münasibət var. Bu gün bir sıra iqtidaryönlü siyasi partiya var ki, qərargahı yoxdur. Qərargahı olan partiyalar da maddi texniki bazasının zəif olması üçündən ciddi siyasi fəaliyyətlə məşğul ola bilmir. Bir çox iqtidaryönümlü partiya var ki, maliyyə sıxıntısı çəkir. Yeni qəbul olunan qanundan yararlana bilmir. Bizim bu yöndə təkliflərimiz də olub. Biz təklif etmişdik ki, siyasi partiyaların maliyyələşdirilməsində siyasi təşkilatların layihələri qiymətləndirilsin. Bu məsələ də açıq qaldı. Yəni bütün bunlar onu deməyə əsas verir ki, sanki iqtidaryönlü siyasi partiyalar unudulub. Halbuki, iqtidarın apardığı siyasi fəaliyyət var ki, hansı ki, YAP bu siyasəti idarə etməlidir, koordinasiya etməlidir. Bu gün iqtidaryönlülərin belə bir birliyi yoxdur. YAP-la iqtidaryönlü siyasi partiyalar arasında sanki bir uçurum var. YAP-la iqtidaryönlü siyasi partiyaların demək olar ki əlaqəsi yoxdur. Bundan istifadə edən müxalifətin ikinci qanadı Demokratik Qüvvələrin Məşvərət Məclisi adı altında yeni qurum yaratdı. Onlar siyasi arenada bu boşluğu gördülər. 

-Azad Respublikaçılar Partiyası olaraq müxalifət daxilində olan narazı elektoratı öz ətrafınıza çəkmək yönündə hər hansı addım atıbsınızmı?

- Kifayət qədər belə anlaşmalar olub. Mənim yadımdadır ki, ötən prezident seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyasından Azad Respublikaçılar Partiyasına bir axın başladı. ADP-də olan narazı elektorat bəyanat yaydılar və bizim partiyaya keçdilər.  O, elə bir zaman idi ki, Rəsul Quliyev öz partiyadaşlarına prezident seçkilərində İsa Qəmbərə səs verməyə çağırdı. Bu zaman bizim tərəfdən iş aparıldı. Müəyyən nəticələr əldə olundu. Lakin təəssüflər olsun ki, sonrakı proseslərdə bu insanları bir arada saxlamaq qeyri-mümkün oldu.

-İqtidaryönlü siyasi partiyaların potensialını necə qiymətləndirirsiniz?

- Bu gün Azad Respublikaçılar Partiyasının 9 min 300-ə yaxın üzvü var. Lakin ən böyük problem yerlərdə o işi qurmaqdır. Heç kimə sirr deyil ki, YAP hakim partiyadır. Bizə doğma olan partiyadır. Yəni, biz YAP-ın siyasətinə dəstək verən siyasi qurumuq. Lakin yerlərdə haradasa iş apara bilmirik. Bununla bağlı bizim təkliflərimiz olub. Təklif etmişik ki, bir halda ki biz YAP-ın siyasətini dəstəkləyirik onda bizim potensialımız YAP-a transfer olunsun. YAP -da belə bir təşəbbüslə çıxış eləsin. Baxın bu gün iqtidaryönlü siyasi partiyaların bir-ikisini çıxmaq şərti ilə qalanlarına ciddi qısqanclıq var. Götürək DADP-ni. DADP son zamanlar kifayət qədər aktiv siyasət yürüdürdü. Bu nəticəsini parlament seçkilərində də göstərdi. DADP seçkilərdə ortaya güc qoymağı bacardı. Bunun nəticəsidir ki, bu gün DADP daxilində xoşagəlməyən hadisələr cərəyan edir. DADP fəal olduğu üçün cəzalandırılır. Məmməd Əlizadə bu gün istefa vermək məcburiyyətində qalır. Bu baxımdan onu deyə bilərəm ki, iqtidaryönlü siyasi partiyaların müəyyən gücü var. Cəmiyyətin böyük kəsimini öz ətrafında toplayır. Bizim istəyimizdə odur ki, bu gücdən səmərəli istifadə olunsun. Biz imkan yaratmamalıyıq ki, əlimizdə olan güc müxalifətə qoşulsun.

-Bu gün siyasi partiyala sədrləri sanki bu postu özəlləşdiriblər. Heç kim sədrlikdən getmək istəmir. Necə düşünürsünüz sizcə partiya sədrlərində müəyyən gəncləşmə dövrü başlamalıdır?

-Biz hər zaman bunun tərəfdarı olmuşuq. Ancaq bu bir reallıqdır ki, sizin qeyd etdiyiniz kimi bu gün hər hansı partiya sədri sədrlikdən getmək yönündə düşünmür. Bu gün müxalifətdə partiyaya sədrlik edən müxalif liderlər var ki, həmin şəxslər  heç vəchlə öz postundan getmək fikrində deyil. Özlərini demokrat adlandıran qüvvələr bu addımı partiya daxilində belə ata bilmirlər. Bir müddət əvvəl Müsavat başqanı elan etdi ki, başqanlıqdan gedəcək. Ancaq illər keçir İsa Qəmbər yenə Müsavat başqanıdır. Bu da ona görədir ki, bizdə həm də siyasi mədəniyyət formalaşmayıb. Bu məsələnin bir tərəfi. Digər tərəfdən bu gün bütün kateqoriyadan olan insanların sosial təminatı olduğu halda siyasətçilər bundan yararlana bilmir. Onlar müavinət almaq imkanlarından məhrum olurlar. Bir növ sədrliyin dəyişməməsi də bu üzdən baş verir. Tutaq ki, İsa Qəmbər düşünür ki, partiyada qrantlar axdığı bir vaxtda niyə başqanlıqdan getməliyəm?  Halbuki, İsa Qəmbər bilsə ki, müxalifətdə olsa da siyasi fəaliyyət göstərdiyi üçün parlament təmsilçisi qədər müavinət təminat alacaq belə olan halda belə bir addım atılar.

-Dünya təcrübəsində siyasi partiyalar kadr hazırlayan təşkilat kimi cəmiyyətdə öz sözünü deyir. Gənc siyasi təşkilat kimi siz bu istiqamətdə hansı addımlar atmısınız?

- Bizim kifayət qədər bacarıqlı kadrlarımız var. Anacq bu gün həmin kadrların potensialından istifadə olunmur. Bəzəm onların siyasi mənsubiyyəti əsas gətirilir. Belə olan halda biz bir partiya kimi öz kadrımızı itiririk. Bu da bizim bazamızın azalmasına xidmət edir. Bu zamana kimi heç bir kadrımız işlə təmin olunmayıb.

-Müxalifət daxilində baş verən prosesləri necə qiymətləndirirsiniz? Yəni sizcə İP-a seçkilərə vahid namizədlə gedə biləcək?

-İcitmai Palata 2013-cü ili hakimiyyətə qayıdış ili kimi qeyd edir. Vahid namizəd məsələsində    hələ də bir fikrə gələ bilməyiblər. Bu gün o insanların bir araya gəlib vahid namizəd irəli sürmələri absurtdur. Çünki, bunların keçmişi onu deməyə əsas verir ki, İP-nın başında dayananlar yalnız öz şəxsi mənafeyini düşünürlər. Biri o birisinə güzəştə getmək niyyətində deyil. Proseslər isə onu deməyə əsas verir ki, 2013-cü ildə İP-nın sonu olacaq. Bu qurum iflas edəcək.

Ədil Ədilzadə 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31