“Nanotexnologiya sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var”

Aytək Məmmədli: “Nanotexnologiyanın Azərbaycanda da ayrı-ayrı sahələrdə tətbiqinə çalışmaq lazımdır”

"Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı"nın sədri, Qazi Universitetinin tələbəsi Aytək Məmmədlinin "OLAYLAR"-a müsahibəsi

-Aytək xanım, Türkiyədə təhsil almaq arzusu sizdə nədən irəli gəldi və qardaş ölkədə aldığınız təhsil gələcəkdə sizin üçün hansı imkanlar açacaq?

-Əvvəla onu qeyd edim ki,  mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub 10 və 11-ci sinifdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak edib, 2-ci və 3-cü yerə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən "İlin ən yaxşı tələbəsi" adına da layiq görüldüm. 2013-cü ildə BDU-nun kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində müvəffəqiyyətlə imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım. Ankara Qazi Universitetində "İrəli texnologiyalar-Nano texnologiya Mühəndisliyi və Orqanik kimya" ixtisasları üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurdum. Hər iki ixtisas üzrə təhsilimi davam etdirə bilərdim, seçdiyim ixtisasların hər ikisi maraq çərçivəmə yaxın olduğundan heç birindən imtina etmək fikrim olmadı. Universitet rəhbərliyinin razılığı ilə hər iki ixtisas üzrə magistr təhsili almağa qərar verdim.
Məlumat üçün deyim ki, Qazi Universiteti Türkiyədə ən çox etimad olunan universitetlərdən biridir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biridir. Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Deyəsən, mənim qismətimə öndərlərin adı ilə bağlı universitetdə oxumaq yazılıb. Ümummilli liderimiz, Azərbaycan xalqının və türk dünyasının böyük oğlu Heydər Əliyev də öz adını BDU-nun tarixinə qızıl hərflərlə yazdırıb. Burda sevdiyim və vətənim üçün lazim olan ixtisası oxumaq şansı əldə etmişəm. Oxuduğum fakultədə laborant kimi çalışıram. Hazırda bu il beş bakalavr tələbə diplom üçün mənimlə laboratoriyada çalışır. Başqa ölkədən gəlib bunları etmək elə də asan deyil. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxsı şəkildə bu ixtisası tədris etmək istəyirəm.
Əslində təhsil aldığım ixtisasın hər ikisi Azərbaycanın inkişaf konsepsiyasında prioritet sahələrdir. Nanotexnologiya sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Bütün dünyanın xərçənglə mübarizə apardığı, beyin robotları hazırladığı, qida sənayesində tətbiq etdiyi nanotexnologiyanın Azərbaycanımızda da ayrı-ayrı sahələrdə tətbiqinə çalışmaq lazımdır. Bunun üçün doktorantura təhsilimi bitirən kimi Vətənimə dönməyi, ixtisasım üzrə çalışmağı, hətta etimad göstərilən universitetlərin birində kadr hazırlamağı düşünürəm. Bu gün Azərbaycan biz gənclərə ümummilli lider Heydər Əliyevin əmanətidir. Bu əmanəti sədaqətlə qorumaq bizim borcumuzdur.

-Siz həmçinin Türkiyədə ictimai fəaliyyətlə də məşğulsunuz. Tələbə üçün bu bir qədər çətin deyilmi?

- Ümumiyyətlə, məktəb vaxtlarımda dərnəklərdə məkdəbdənkənar müəssisələrdə, respublika əhəmiyyətli tədbirlərdə çox aktiv olmuşam. Elektron məktəb layihəsində videozəng vasitəsi ilə cənab prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam və o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili və nizam intizamı ilə fərqlənən şagirdlərə medal verilməsi məsələsi bu gün öz əksini tapir və bu çox sevindirici haldır. BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri olaraq çalışmışam. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və Universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz "Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı"nın sədriyəm.  Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə bütün səfirliklərin yerləşdiyi, ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi yerlərinə aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik. Milli bayram günlərimizi və matəm günlərimizi əlimizdən gəldiyi qədər qeyd edirik. Keçən il millət vəkillərinin siyasi - ictimai xadimlərin istirakı ilə gördüyümüz işlər mediada çox geniş işıqlandırıldı. Bir neçə gün öncə Türkiyə Böyük Millət Məclisində bir neçə millət vəkili ilə göruşdük və onlarla Türkiyə-Azərbaycan münasibətlərini müzakirə etdik. Tezliklə qardaş ölkənin Baş naziri Əhməd Davudoğluyla görüşəcək, Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında iştirak edəciyik. Bundan başqa hazırda azərbaycanlı tələbələrin karyerası üçün pulsuz rus dili dərsləri, marağı olan xarici tələbələr üçün Azərbaycan dili dərsləri tədris olunur. Maddi-mənəvi irsimizin təbliği üçün Azərbaycan milli rəqs məktəbinin son hazırlıq işləri gedir. Hazırda Qazi universitetinin əsas korpusunda topluluğumuzun ofisi fəaliyyət göstərir.

-Bəs ən uğurlu saydığınız tədbirlər hansıdır?

- Təbii ki, əziyyət çəkdiyimiz bütün tədbirlər bizim üçün dəyərlidir. Ofisimizdə idarə heyəti ilə keçirdiyimiz kiçik tədbirlərdən tutmuş, böyük konfrans zallarında yüzlərlə insanın iştirakı ilə təşkil etdiyimiz tədbirlərə qədər hamısı üçün əziyyət çəkirik. Keçən il etdiyimiz tədbirlər mediada çox işıqlandırıldi. Buna görə hər bir media nümayəndəsinə təşəkkür edirik. Bu il də bir neçə uğurlu tədbirimiz oldu. Türkdilli dövlətlərin nümayəndələri, universitet rəsmilərinin də iştirak etdiyi Türkçənin Diriliş Hərəkatının tədbiri oldu. Həmin tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı və gənclər siyasətiylə bağlı təqdimat oldu. Daha sonra Türkiyədə "#SaveAzeHostages" kampaniyasına qoşulan təşkilat olmuşuq. İlk dəfə olaraq xaricdə oxuyan tələbələr olaraq öz müəllimlərimizi və təhsil aldığımız ölkədən olan tələbələri də bu kampaniyaya cəlb edə bilmişik. Təşkilatımızın üzvləri tərəfindən müəllim və tələbələrə ermənilərin dəfələrlə Azərbaycana qarşı etdiyi zorakılıqlar, xalqımızın başına gətirilən bəlalar haqda məlumat verilib. Daha sonra Ankarada ilk dəfə olaraq 20 Yanvarla əlaqəli tədbir etdik və bu flaşmob şəklində baş tutdu. Aksiya zamanı hər şəhidin adına bir şam yandırdıq və həmin şamlardan 20 YANVAR yazısı yazıldı. Bu aksiyamız ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Bundan başqa Kariyer Sokağı adlı şirkətin sponsorlugu ilə Ankarada təhsil alanm azərbaycanlı tələbələr üçün liderlik, insan psixologiyası ilə bağlı təlimlər təşkil etmişik. Təlimləri Turkiyənin çox məşhur təlimçisi Hakan Mengüç keçib. Fevralın 21-də Azərbaycanın könül elçiləri adlı böyük bir tədbir olacaq. Ankaradakı diplomatik korpusların nümayəndələri, millət vəkillərinin iştirakı nəzərdə tutulub. Azərbaycanın təbliğatında iştirak etmiş hər kəsi bir bayraq altında birləşdirməyə çalışacağıq. Daha sonra isə ənənəvi Xocalı tədbirimiz olacaq.

- Türkiyədə Azərbaycana münasibət necədir? Bir tələbə və aktiv gənc olaraq sizi bu münasibət qane edirmi?

-Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi ilk səfərini Azərbaycana etdi. Bu addım iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycanla Türkiyənin çox böyük tərəfdaşlıq, qardaşlıq münasibətləri var. Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu proses çox gözəl və səmərəli şəkildə aparılır. İstər təcrübə proqramında mübadilələr, istərsə bizim təşkilatımızın da tərəfdaşı olduğu Mövlanə və Erasmus proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili. Neft və qeyri-neft sektorunda əməkdaşlıq da bizi ən çox cəlb edən və gələcək inkişafa ruhlandıran əsas amillərdəndir. Həmçinin bizə xalq olaraq da çox hörmət edirlər, hər addımda bu diqqət və qayğını hiss edirik. Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri və qarşılanma mərasimi də çox böyük maraq və sevgiyə səbəb oldu. Onu da qeyd edim ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən böyük qələbələrindən birini qazandı. Hər ölkəni siyasi böhrandan çıxarmaq, inkişafı səciyyələndirmək üçün siyasi liderlər lazımdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın sayəsində qazandı. Təsəvvür edin ki, bu həm də Azərbaycan üçün necə böyük uğurdur. İki güclü qardaş ölkə və iki dünyanın hesablaşdığı lider - Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev.

-Gənclərimizin mənəvi inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan gəncliyi sözün əsl mənasında rifah və inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir sahəsində olduğu kimi gənclərində milli-mənəvi inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi şərait yaradılıb, müvafiq hüquqi sənədlər əsasında öz əksini taparaq hökumət qurumları tərəfindən icrası həyata keçirilib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin milli-mənəvi dəyərlərə əsaslanan inkişafına təminat yaradır.

-Bəs, gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumunun yaradılması, həmçinin beynəlxalq hüquqi normativ bazanın formalaşdırılması, qəbul edilmiş dövlət proqramları gənclərimizin ictimai-siyasi aktivliyinin formalaşdırılması istiqamətində yüksək səviyyəli ifrastruktur bazasını təşkil edir. Azərbaycan gəncliyi daima ölkəmizin inkişafında müxtəlif sferalarda aktivlik nümayiş etdirir və uğurların əldə olunmasında fəallıq göstərir.

-Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilə bilibmi?

-Bəli, bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial bazasını təşkil edir. Paytaxt və regionlarda "Gənclər mərkəzi", "Gənclər Evi"nin yaradılması bu sosial bazanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları da gənclərimizin cəmiyyətin ictimai sosial həyatında aktivliyini özündə əks etdirir. Bu da öz növbəsində cəmiyyətimizin dinamik kütləsi olan gənclərə yeni inkişaf imkanları yaratmış olur. Düşünürəm ki, gənclərimiz harada olmalarından asılı olmayaraq, azərbaycanlı olduqlarını unutmasınlar, yaxşı azərbaycanlı, yaxşı insan, yaxşı övlad və yaxşı vətəndaş olsunlar. Bu gün xaricdə təhsil aldıqda prioritet ixtisaslar seçsinlər ki, vətənimiz millətimiz üçün ən yaxşısını edə bilsinlər. Dövlətimizin, dövlətçiliyimizin, cənab Prezidentimizin ətrafında sıx birləşsinlər. Xaricdə yaşadıqları müddətdə əl-ələ verib Vətənimiz üçün əllərindən gələn hər şeyi etsinlər, tarixi günlərimizi, milli adət-ənənəmizi unutmadan dünyaya inteqrasiya edib müasir dövrlə ayaqlaşsınlar və ümummilli liderimiz Heydər Əliyev dediyi kimi, həmişə fəxr etsinlər ki, azərbaycanlıdırlar.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31