MirHəsən Seyidov: “Azərbaycan gənclərinin İnkişaf Strategiyasının birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir”
2 Fevral 2015 16:41 MüsahibəBu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında təsdiq edilən 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası gənclər təşkilatları tərəfindən geniş müzakirə edilməkdədir. Əksəriyyət gənclər təşkilatlarının mövqeyi ondan ibarətdir ki, strategiya Azərbaycan gənclərinin müxtəlif sahələrdə inkişafına öz töhfəsini verəcək. "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, həmçinin 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası barədə danışıb.
-Mirhəsən müəllim, bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətini necə dəyərləndirirsiniz?
-Düşünürəm ki, ölkəmizdə gənclər sahəsində kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Dövlətimiz gələcəyimiz üçün xeyirli işlər görür. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
-Gənclərlə iş sahəsində başlıca vəzifə nədir?
-Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər görülməyə başlanıb. Torpaqlarımızın bir qisminin işğal altında olduğu şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki bizlərin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.
-Bu günlərdə prezident İlham Əliyevin imzaladığı sərəncamla 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası təsdiq edildi. Bu strategiya gənclər üçüm hansı imkanlar yaradacaq?
-Cəmiyyətin aktiv və inkişafda olan hissəsi olan gənclərə daim diqqət və qayğı göstərilməsi vacib amildir. Çünki cəmiyyətin gələcək inkişafı məhz bu gənclərdən asılıdır. Sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymaq üçün imkanlarının olması zəriridir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. Burada digər bir məsələ də strategiyanın icrası ilə bağlıdır. Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların sadəcə olaraq konfranslar, seminarlar formatında deyil birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda bu işdə müxtəlif gənclər təşkilatlarını, ictimai birliklərin cəlb edilməsi, onlar arasında koordinasiya edilərək birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi önəmlidir.
-Bəs strategiyanın icrası region gəncləri üçün hansı imkanlar yaradacaq?
-Stategiyanın icra müddəalarından biri "gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması"dır. Əlbəttə, gənclər üçün regionlarda bu gün şəraitlər yaradılmaqdadır. Lakin gəncin aktiv, enerjili olduğunu nəzərə alaraq bölgələrdə də paytaxtdakı kimi müxtəlif infrastukturlar (asudə vaxtların keçirilməsi üçün məkanlar, sürətli internet və s.) yaradılması gəncin özünü elə paytaxtda hiss etməsini təmin etmək onların stimuluna səbəb ola bilər. Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu strategiya, Azərbaycanın dövlətçilik maraqlarına uyğun olaraq həyata keçirilərək, birbaşa gənclərin qərar qəbuletmə zamanı inkişafına, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcək.
-Strategiyanın hədəf quruplarına nələr daxildir?
-Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb. Bu gün cəmiyyətdə müxtəlif səbəblərdən müxtəlif təbəqələrdə narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və müxtəlif qrupların hədəfinə çevrilir. Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına, risklərin daha öncədən görülməsinə səbəb olacaq. Həmçinin cəmiyyət üçün daha faydalı olan işlərlə məşğul olacaqlar. Strategiya gənclərin həqiqətən dövlətin onlara yaratdığı imkanlardan istifadəsinə imkan yaradır ki, gənclər bu kimi imkanlardan istifadə edərək Azərbaycanın maraqlarını istər yerli istər beynəlxalq səviyyədə, milli mənəvi dəyərlərimizi qorunması istiqamətində inkişafa aparacaqdır.
-Bəs, rəhbərlik etdiyiniz İctimai Birlik strategiya çərçivəsində hansı tədbirlər görməyi nəzərdə tutur?
"İRƏLİ" İctimai Birliyi Azərbaycan Gənclər Siyasətinin aparılmasında, onun müddəalarının icrasında, birbaşa gənclərə yönəlik tədbirlərin həyata keçirilməsində, gənclərin dövlətin yaratdığı bu kimi imkanların istifadəsində yaxından rol alıb. "İrəli" İctimai Birliyi eyni zamanda bu il də Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının inkişafında öz töhvəsini verəcək.
Süleyman