“Müxalifət pərakəndəlik xəstəliyindən qurtula bilməyib”

Zakir Hüseynov: “ADP adı olub, özü olmayan partiyalarla müttəfiqliyə gedib hər hansı bir seçki bloku yaratmaq fikrində deyil”

Bu il Azərbaycanda parlament seçkiləri ili olduğu üçün ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar indidən seçkilərə hazırlıq prosesinə başlayıblar. Hətta bəzi siyasilər tərəfindən seçkilərdə müxalifətin birgə iştirak etməsi ilə bağlı təşəbbüslər də irəli sürülür. Belə təşəbbüslərdən biri Azərbaycan Demokrat Partiyasının da təmsil olunduğu "Qarabağ" bloku tərəfindən irəli sürülüb. "Qarabağ" blokunun birlik təşəbbüsünə digər siyasi partiyaların mövqeyi, müxalifətin parlament seçkilərində mümkün əməkdaşlığı barədə Azərbaycan Demokrat Partiyası sədrinin müavini Zakir Hüseynovla söhbətləşdik. ADP rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə hazırda müxalifət daxilində mövcud olan vəziyyət barədə də danışıb.

-Zakir bəy, Azərbaycan Demokrat Partiyası olaraq cari il üçün əsas fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?

-Məlum olduğu kimi bu il parlament seçkiləri ilidir və bütün partiyalar kimi Azərbaycan Demokrat Partiyasının da hədəfi qanunverici orqana keçiriləcək seçkilərdə fəal iştirak edib parlament partiyası olmaqdır. Ən azı bir neçə nəfər partiya rəhbərliyi və funksionerinin parlamentə seçilməsinə nail olmaq üçün aktiv seçki hazırlıqları həyata keçirəcəyik. Bunun üçün indidən həm partiya, həm də "Qarabağ" bloku olaraq parlament seçkilərinə hazırlıqla məşğuluq. Yaxın vaxtlarda partiyanın Ali Şurasında seçkilərə hazırlıqla bağlı məsələlər müzakirə ediləcək və konkret bir strategiya müəyyən olunacaq.

-Azərbaycan Demokrat Partiyası dəfələrlə parlament seçkilərinə birgə getməyi, müxalifətin vahid mərkəzdə birləşməsini təklif edib. Ancaq nədənsə ADP-nin bu təklifi digər siyasilər tərəfindən müsbət qarşılanmayıb. Bunun başlıca səbəbi nədir?

-İndiyə qədər keçirilən bütün seçkilər, eləcə də parlament seçkiləri ərəfəsində yaradılan seçki blokları, yaxud birliklərdə əməkdaşlıq səmimi şəkildə olmadığına, onlar vahid konsepsiya altında fəaliyyət göstərmədiklərinə görə həmin birlik və bloklar həmişə iflasa uğrayıb, heç bir müsbət nəticə əldə edilməyib. Ona görə də keçmişdə buraxılan səhvlərdən nəticə çıxarıb, 2010-cu ilin parlament seçkilərindəki uğurlar və uğursuzluqlarımızı saf-çürük etdikdən sonra yəqin ki, zamanında yol verdiyimiz xətaları daha təkrar etməyəcəyik.

-Deməli, Azərbaycan Demokrat Partiyası seçkilərdə təkbaşına iştirak etməyi məqbul hesab etmir?

-Hesab edirəm ki, indiyə qədər təkbaşına şəkildə aparılan seçki kampaniyası zamanı hər hansı bir nəticə əldə edilməyib. Ona görə də Azərbaycan Demokrat Partiyası və Ümid Partiyası olaraq belə qərara gəlmişik ki, ən azı "Qarabağ" bloku tərkibində fəaliyyətimizi quraq. Əgər bizim bloka başqa partiya və siyasi qüvvələr də qoşularsa, biz bunu vahid bir mərkəzdə təşkil edib seçki kampaniyası həyata keçirə bilərik. Bu da düşünürəm ki, parlament seçkilərində istənilən nəticənin əldə olunmasına imkan yaradar.

-"Qarabağ" bloku seçkilərdə daha şanslı namizədlər və seçki mübarizəsinə qoşulan bitərəf şəxsləri də dəstəkləyə bilərmi?

-Bu məsələdə "Qarabağ" blokunun qapıları hər zaman bütün siyasilərə açıqdır və bununla bağlı bütün siyasi partiyalara müraciətlərimizi etmişik. Eyni zamanda təkliflərimiz bütün siyasi qüvvələrə göndərilib. Əgər "Qarabağ" blokunun təklifi qəbul edilərsə bütün potensiallı namizədlərin bir-birinə alternativ olmamaq şərti ilə irəli sürülməsi və həmin namizədlərin seçkilərdə müdafiəsini təmin etməyə hazırıq. Əks halda təklifimiz digər siyasi partiyalar tərəfindən qəbul edilməsə "Qarabağ" bloku olaraq ən azı 60 dairədən potensial namizədimizi irəli sürüb onların üzərində seçki kampaniyasını quracağıq.

-İstər Azərbaycan Demokrat, istərsə də Ümid Partiyasının ən azı 60 dairədən irəli sürməyə potensial namizədi varmı?

-Əlbəttə ki, buna bizim imkanımız var və bunun üzərində işləyirik. Sadəcə olaraq seçki kampaniyasına xeyli müddət qaldığına görə ictimaiyyətə bu barədə açıqlama vermirik. Ancaq bütün halda bu istiqamətdə işləyirik və hesab edirəm ki, seçki kampaniyasına rəsmi start verilənə qədər bu proses tam hazır olacaq. Nəticə etibarilə Azərbaycan Demokrat və Ümid Partiyasının nümunəvi bir seçki kampaniyası həyata keçirdiyini cəmiyyətə göstərəcəyik.

- Demokrat Partiyası həmçinin Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə də əməkdaşlıq edir və hətta demokratların həmin mərkəzdə təmsil olunduğu bildirilir. DİHM-lə əməkdaşlıq hansı istiqamətləri özündə ehtiva edəcək?

-Biz Demokratiya və İnsan Hüquqları Mərkəzinin üzvü deyilik və hələlik bu istiqamətdə danışıqlar gedir. Yalnız onu deyə bilərəm ki, bu münasibətlər danışıqlardan üstün bir səviyəyə gəlib çıxmayıb.

-Məlumat üçün qeyd edim ki, sözügedən mərkəzin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc da bildirib ki, DİHM müxalifətin seçkilərə vahid mərkəzdə getməsini təklif edir. Belə olan halda ADP "Qarabağ" bloku, yoxsa Demokratiya və İnsan Hüquqları Mərkəzini daha məqbul seçəcək?

-Azərbaycan Demokrat Partiyasının funksioneri kimi mənim mövqeyim ondan ibarətdir ki, ADP adı olub, lakin özü olmayan partiyalarla müttəfiqliyə gedib hər hansı bir seçki bloku yaratmaq fikrində deyil. Əgər onlar köməkçi qüvvə kimi gəlib bizə qoşulub seçki kampaniyamızda iştirak edərlərsə buna normal baxmaq olar. Ancaq onlarla birləşib blok yaratmaq və seçki kampaniyasında iştirak etmək niyyətində deyilik.

-Bəs, hazırda müxalifətin seçki hazırlıqları, eyni zamanda ictimai-siyasi proseslərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

-Çox təəssüflər olsun ki, müxalifət hələ də pərakəndəlik, mənəm mənəmlik xəstəliyindən qurtula bilməyib. Bizim partiyanın sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə xoş niyyətli missiyasını yerinə yetirib bütün siyasi partiyalara parlament seçkiləri ərəfəsində birləşib vahid bir mərkəzdə fəaliyyət göstərməyi, birgə seçki kampaniyası həyata keçirməyi təklif edib. Bu kimi təşəbbüslər sözügedən siyasi qüvvələr tərəfindən dəfələrlə irəli sürülüb. Ancaq təssüflər olsun ki, bəzi partiyaların mövqesizliyi müxalifətin bir mərkəzdə birləşməsinə imkan vermir. Məsələ ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının mövqeyi məlumdur və onlar nə qədər absurd da olsa özlərindən başqa heç kimi müxalifət hesab etmirlər. Eyni zamanda Müsavat Partiyası daxilində gedən proseslər birlik təşəbbüslərinin reallaşmasına imkan vermir. O ki, qaldı Əhməd Orucun Azadlıq Partiyası, yaxud buna bənzər adı olub, özü olmayan partiyalarla bir mərkəzdə təmsil olunub seçki kampaniyasında iştirak etməyə, bu həm Azərbaycan Demokrat Partiyası, həm də "Qarabağ" blokunun imicinə müsbət təsir edə bilməz. Hesab edirəm ki, biz yalnız "Qarabağ" bloku daxilində parlament seçkilərinə getməliyik.

-Hər seçki ərəfəsində xarici dairələrin sifarişi ilə bir sıra siyasi partiyaların təmsil olunduğu birlik və qurumlar yaranır. 2013-cü ilin prezident seçkilərində Rusiyanın layihəsi olan Milli Şuranı bura aid etmək olar. Mümkündürmü ki, parlament seçkiləri ərəfəsində də Rusiyanın  Milli Şuranın alternativ bir layihəsi işə düşsün?

-Bu kimi fikirlər siyasi kuluarlarda müntəzəm olaraq səsləndirilir. Ancaq hələlik bu istiqamətdə hansısa konkret işlərin görüldüyü, fəaliyyətlərin həyata keçirildiyi barədə danışmaq tezdir. Qarşıda müəyyən zaman var. Parlament seçkiləri ərəfəsində istənilən siyasi situasiya yarana bilər.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31