“Bloklaşma partiyaların öz gücünə inanmamasından irəli gəlir” - MÜSAHİBƏ

Fazil Mustafa: “Partiyaların prezident seçkiləri ilə bağlı prosesdə ayrı-ayrılıqda iştirak etməsi daha məqsədəuyğundur”

"Vahid namizəd müəyyən etməyin özü ağıllı variant deyil"

Artıq parlamentin payız sessiyasının başlamasına 1 aydan az bir müddət qalıb. Yay tətili müddətində seçiciləri ilə görüşməyə üstünlük verən bəzi millət vəkilləri hətta onların problemlərini ümumiləşdirərək Milli Məclisə təqdim etməyi düşünür.Belə millət vəkillərindən biri də Fazil Mustafadır. Parlamentin yay tətili müddətində seçiciləri ilə mütəmadi olaraq bir araya gəldiyini deyən millət vəkili onları narahat edən bir sıra məsələlərin həlli istiqamətində Milli Məclisə təkliflər verəcəyini deyib. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili rəhbərlik etdiyi Böyük Quruluş Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyi, müxalifət düşərgəsində cərəyan edən proseslər və partiyasının bloklara qoşulmamaq səbəbinə də aydınlıq gətirib.

-Fazil bəy, Milli Məclisin payız sessiyası müddətində deputat seşildiyiniz ərazinin problemləri ilə bağlı hansı təkliflərlə çıxış edəcəksiniz? Ümumiyyətlə, parlamentin yay tətili müddətində yəqin ki, seçicilərinizlə görüşlər keçirmisiniz və seçicilərinizi əsas narahat edən məsələlər nədən ibarətdir?

-Təbii ki, parlamentin yay tətili müddətində seçicilərlə müntəzəm olaraq görüşlər keçirmişəm. Onu deyə bilərəm ki, seçicilərin problemləri çoxdur. Mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər, məhkəmə qərarlarından şikayətlər var. Eləcə də işsizlik problemi kifayət qədər ciddi problemdir. Digər məsələlərlə bağlı da müəyyən narahatçılıqlar var. Eyni zamanda təqaüdlərin alınması, onların hesablanmasında problemlər mövcuddur. Səhiyyə sistemi, məktəblərdəki vəziyyətlə əlaqədar şikayətlər kifayət qədərdir. Hər halda bütün bunların hamısı ümumiləşdirilərək Milli Məclisin payız sessiyası müddətində gündəmə gətiriləcək.

-Prezident seçkilərinə müəyyən müddət qalsa da, müxalifət düşərgəsində təmsil olunan partiyalar artıq qeyri-rəsmi olaraq seçki hazırlıqlarına başlayıblar və müxalifətin bir neçə birlik və qurumu yaradılıb. Rəhbərlik etdiyiniz  Böyük Quruluş Partiyasının bu proseslərdən kənarda qalmasının başlıca səbəbi nədir?

- Böyük Quruluş Partiyasının mövqeyi ondan ibarətdir ki, partiyaların prezident seçkiləri ilə bağlı prosesdə ayrı-ayrılıqda iştirak etməsi daha məqsədəuyğundur. Parlament seçkiləri ərəfəsində partiyaların blok şəklində birləşməsi və seçkilərdə iştirak etməsi normaldır. Ancaq prezident seçkilərinə hər bir partiya çalışıb öz namizədi ilə seçki mübarizəsinə qoşulmağa nail olmalıdır. Çünki burada söhbət partiyanın təbliğatı və partiya rəhbərinin seçkilərdə əhali ilə təmasından gedir. Ona götə də bu kimi məsələlərdə biz daha çox üstünlüyü bloklara qoşulmamaq xəttinə veririrk və seçki prosesində də müstəqil şəkildə iştiraka üstünlük veririk.

-Yəni, bloklaşmanın perspektivinə inanmırsınız?

-Bloklaşma daha çox partiyaların öz gücünə inanmamasından irəli gəlir. Hər kəs fikirləşir ki, bir yerdə olanda daha güclü olurlar. Ancaq faktiki olaraq bir yerdə olanda bəzən partiyalar daha zəif qabiliyyət ortaya qoyurlar. Bu baxımdan biz çalışırıq ki, cəmiyyətin dəstəyini birbaşa ala bilək. Başqa blok, qüvvələrlə hərəkət burada mənfi təsir göstərir.

-Müxalifət partiyasının sədri olaraq hazırda bu düşərgə daxilində cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?. Sizcə prezident seçkilərinə qədər müxalifət vahid namizəd müəyyən edə biləçəkmi?

-Vahid namizəd müəyyən etməyin özü də ağıllı variant deyil. Çünki vahid namizəd əslində seçkilərin ikinci turunda avtomatik olaraq müəyyən olunur. Müxalifətin əsas hədəfi ikinci tura çıxmağı bacarmaq, ikinci turda hakimiyyət təmsilçisi ilə mübarizə aparmağı bacarmaqdır. Bundan sonra təbii olaraq müxalifət cinahından bir nəfər ikinci tura çıxacaq və həmin şəxsin hamı tərəfindən dəstəklənməsi də gerçəkləşdiriləcək.

-Böyük Quruluş Partiyasının prezident seçkilərində öz namizədi olacaq?

- Belə bir fikirimiz var. Ancaq hələlik seçki başlamadığına görə, indidən mütləq mənada söyləımək olmaz ki, prezident seçkilərində namizədlə iştirak edəcəyik. Ancaq niyyətimiz var. Ötən seçkilərdə olduğu kimi partiya olaraq çalışırıq ki, bütün seçkilərdə öz nümayəndəmiz vasitəsilə iştirak edək.

-Yəqin ki, seçkidə iştirak edib-etməyəcəyiniz partiyanın hansısa ali orqanında müəyyənləşəcək?

-Böyük Quruluş Partiyasının məclisi 3 aydan bir toplanır. Partiyanın digər yetgili orqanları da bu barədə istənilən vaxt qərar verə bilərlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31