“Azərbaycan gənci özünü istənilən sahədə sübut etmək iqtidarında olan böyük qüvvədir”

Raqif Abbasov: “Bu qüvvə real dayaqlara, dövlətin dəstəyinə, cəmiyyətin çağırışına hazırlıqlıdır”

Ölkə gəncləri 2 fevral-Gənclər Gününə hazırlaşır. Ümumilli lider Heydər Əliyev tərəfindən gənclərə bəxş edilən bu gün hər il öz yenilikləri, gənclər siyasəti sahəsində əldə edilən uğurları ilə yadda qalır. Bu il öz gününü qeyd edən gənclərə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən yeni bir yaşıl işıq yandırıldı. Belə ki, dövlət başçısının imzaladığı sərəncam əsasında 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası hazırlandı. Həm bu strategiyanın icrası istiqamətində görüləcək işlər, həm də 2 fevral-Gənclər Gününün əhəmiyyəti ilə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Baş İdarənin rəisi bu ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq istiqamətində görülən işlərdən də danışıb.

-Raqif müəllim, qarşıdan 2 fevral-Gənclər Günü gəlir. Bu günün əhəmiyyətini necə qeyd edərdiniz?

-İlk növbədə onu vurğulamaq lazımdır ki, 2 fevral-Gənclər Günü ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə bəxş edilib. 1996-cı ildə ilk dəfə gənclərlə geniş tərkibdə görüşən Heydər Əliyev həmin günü Gənclər Günü kimi təsis etdi. Hər il Gənclər Günü bir növ gənclərin hesabat günüdür. Yəni görülmüş işlər təhlil edilir, yeni çağırışlar, gözləntilər və qarşıda duran məsələlər müəyyən olunur. Bu gün Azərbaycan Respublikası əhalisinin üçdə bir hissəsi məhz gənclər sahəsində çalışır. Deməli elə bir sahə, istiqamət yoxdur ki, orada gənc təmsil olunmasın. Normativ hüquqi sənədlər, Azərbaycan Respublikasında gənclər siyasətinin prioritet istiqamət olması, ölkədə gənclər siyasəti ilə məşğul olan dövlət strukturunun, Gənclər və İdman Nazirliyinin təsis edilməsi dövlətin gənclər siyasətinə yanaşma tərzinin əyani sübutudur. Bu məqamda bir faktı da qeyd edim ki, bu günlərdə cənab prezident 2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyasını təsdiq etdi ki, belə bir sənəd postsovet ölkələrindən ilk dəfə olaraq Azərbaycanda qəbul edilir. Avropa ölkələrində də belə bir hadisəyə çox nadir hallarda rast gəlinir. Bu sənəd 20-yə yaxın dövlət qurumu, qeyri-hökumət təşkilatı tərəfindən verilən rəylər, beynəlxalq təcrübənin öyrənilməsi və son 20 ildə dövlət gənclər siyasəti sahəsində görülmüş işlərin nəticəsi, eləcə də yerlərdə gənclərdən gələn təkliflər əsasında hazırlanıb. Belə bir uzun müddəti əhatə edən sənəd ilk dəfədir ki, ölkəmizdə icra olunur. XXI əsrin sürət əsri olduğunu, çağırışların tez-tez dəyişdiyini nəzərə alaraq bu 10 illik sənəd özündə konseptual əsasları əks etdirən bir sənəd olacaq. Digər tərəfdən bu Azərbaycan-2020, Gələcəyə Baxış Konsepsiyasının bir qanadıdır və bir-birini tamamlayır.

-Azərbaycan gənci bu gün nəyə qadirdir?

-Bu gün Azərbaycan gənci vətənpərvərdir, bayrağına, Vətəninə, torpağına sadiqdir, öz üzərində çalışır. Azərbaycan gənci yaxşı mənada təşkilatlanıb, siyasi düşüncəsindəın asılı olmayaraq özünü dünyaya tanıda bilib. Ancaq bütün bunlara baxmayaraq görüləsi işlər də var. Sosioloji sorğular vasitəsilə təhlil edilib, XXI əsrin çağırışlarına cavab verən, bəşəriyyətə və dövlətə, gənclər siyasətinə aid olan hələ bir çox məsələlər var ki, onların üzərində gündəlik olaraq çox ciddi iş aparılmalıdır ki, bu da sözügedən strategiyada öz əksini tapıb. Azərbaycan gənci gələcəkdə özünü istənilən sahədə sübut etmək iqtidarında olan böyük qüvvədir və bu qüvvə real dayaqlara, dövlətin dəstəyinə, cəmiyyətin çağırışına hazırlıqlıdır.

-Bəs bu gün gənclərin əsas problemləri hansılardır?

-Təbii ki, özündə subyektiv və obyektiv səbəbləri əks etdirən problemlər mövcuddur. Yəni, əgər iş varsa, həyat davam edirsə təbii ki, yeni çağırışlar da olmalıdır. Bu çağırışları həll etməyəndə isə problemlər ortaya çıxır. Əsas məsələ odur ki, həmin hədəflər, problemlər görünsün. Dövlətə məxsus olan problemlərdən biri ondan ibarətdir ki, 1 milyona yaxın qaçqın və məcburi köçkün vətəndaşın böyük əksəriyyətini gənclər təşkil edir. Digər tərəfdən bu gün bölgə, iri şəhərlər və paytaxt gəncləri arasında fikir, düşüncə tərzində müəyyən fərqlilik mövcuddur. Hesab edirik ki, bu fərqlilik minimal olmalıdır, yaxud da heç olmamalıdır. Bu gün qloballaşan dünyaya tanıtım hər bir ölkənin aparıcı qüvvəsi sayılan gənclər tərəfindən həyata keçirilir. Ona görə də Azərbaycan gənci daha çox milli dəyər, ailə institutuna bağlı olmalı, yaşlı nəsillə məsləhətləşməli, geniş düşüncəli və çoxşaxəli fəaliyyət göstərməlidir. Bunların hamısının özəyi, əsası isə təkcə təhsil deyil, eyni zamanda həyat tərzi, ailə tərbiyəsidir. Özünü təsdiq etmək üçün immunitetin güclülüyüdür. Təəssüflər olsun ki, bu gün narkomaniya, AİDS, dini radikallığa meyilli olan gənclər də var. Düzdür, bunlar o qədər də çoxluq təşkil etmir, ancaq belə gənclər var. Sadəcə olaraq həmin problemlərin yaranma səbəbi, həlli istiqaməti və gələcəkdə belə halların təkrar olunmaması üçün müştərək şəkildə çalışmaq lazımdır ki, bu sırada dövlət, qeyri-hökumət strukturları və cəmiyyət birgə işləməlidir.

-Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyası çərçivəsində hansı tədbirlər həyata keçirəcək? Bununla bağlı Baş İdarə xüsusi bir plan hazırlamağı düşünürmü?

-2015-2025-ci illər, Azərbaycan Gənclərinin İnkişaf Strategiyasında bir neçə istiqamət mövcuddur ki, bu bilavasitə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə aiddir. Həmçinin bir neçə istiqamət də var ki, onlar müştərək şəkildə icra olunacaq. Strategiyanın əsas istiqamətlərindən biri yeni kadr siyasətinin hazırlanması ilə bağlıdır. Məlum olduğu kimi dəyişən dünyada yeni ixtisaslar və ya həmin ixtisaslara uyğun yüksək peşəkar hazırlıqlı gənclər tələb olunur. Bunların hazırlığı üçün yaxşı mütəxəssislərə ehtiyac var. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin üzərinə isə daha çox maarifləndirmə, yeni kreativ düşüncə, layihələrin gerçəkləşdirilməsi, müəyyən qabaqlayıcı addımların atılması, beynəlxalq təşkilatlara inteqrasiya, Azərbaycanın daha keyfiyyətli tanıtımı kimi mühüm vəzifələr düşür.

-Bu il həm də ölkəmizdə mühüm bir idman hadisəsi, Birinci Avropa Oyunları baş tutacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Avropa Oyunlarına hazırlıq istiqamətində hansı işlər görür?

-Birinci Avropa Oyunları Azərbaycanın, ümumiyyətlə, qitənin idman tarixində böyük bir bayram, yadda qalası hadisədir. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin ayrı-ayrı dövlətlərdə Birinci Avropa Oyunlarının təqdimat mərasimlərinə verdiyi qiymət, Davosda keçirilən təqdimat mərasimində dövlət başçısının şəxsən iştirak etməsi dövlətin bu böyük idman bayramına verdiyi önəmin, münasibətin əyani sübutudur. Minlərlə idmançı, on minlərlə turist, milyonlarla həvəskarın canlı və televiziya vasitəsilə bu böyük hadisəni izləməsi ölkəmiz üçün yeni üfiqlər, yeni hədəflər açır. Birinci Avropa Oyunları həmçinin Azərbaycan Respublikasının Avropaya, dünyaya daha yaxından tanıdılması üçün gözəl bir fürsətdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq biz də Bakı Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Məlum olduğu kimi Bakı Olimpiya Komitəsinin İşçi Qrupuna 40-dan artıq ölkənin ayrı-ayrı sahələrdəki mütəxəssisləri daxildir və müştərək şəkildə müzakirələrimiz davam edir. Bura Birinci Avropa Oyunları zamanı Olimpiya Kəndində, digər idman qurğularının ətrafında yarışlara gələn idmançılar və qonaqların asudə vaxtının səmərəli təşkili üçün maraqlı bədii-əyləncəli tədbirlərin təşkili, oyunların açılış və bağlanış mərasiminə gənclərin seçilərək cəlb edilməsi, ali və orta təhsili müəssisələri, iri müəssisə və təşkilatlarda maarifləndirmə işinin aparılması daxildir. Bütün bunlarla yanaşı Birinci Avropa Oyunlarına təşrif buyuracaq ayrı-ayrı dövlətlərin paytaxt idman rəhbrərləri ilə görüşlərin təşkil edilməsi, müvafiq danışıqların aparılması və nəticə olaraq gələcəkdə ikitərəfli əməkdaşlıq sazişlərinin imzalanması istiqamətində də düşüncələrimiz mövcuddur. Paralel olaraq Birinci Avropa Oyunlarına daxil olan idman növləri üzrə paytaxt yarışlarında rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində də iş aparırıq. Çünki yığma komandanın tərkibinin formalaşdırılması işi artıq tamamlanır. Bakı Şəhər Gənclər və İdman Baş Idarəsi olaraq yığma komandanın baş məşqiçiləri və məşqiçilər korpusu ilə zaman-zaman sıx təmaslarda oluruq. Ümumiyyətlə, Birinci Avropa Oyunları zamanı nəticələrimizin yüksək olmasında maraqlıyıq. Ümumiyyətlə, gündəlik iş tərzimiz paytaxt idman yarışları ilə yanaşı, eyni zamanda Birinci Avropa Oyunlarına hazırlıqla bağlıdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31