İsveçdəki azərbaycanlılar ictimai-siyasi fəallıq göstərirlər - MÜSAHİBƏ

Nadir Hollenbrand: "Azərbaycanlı emiqrantların İsveç cəmiyyətinə  inteqrasiyası prossesi çox normal gedir"

"İsveç Krallığında yaşayan ziyalılarımız var ki, onlar Azəbaycanın adını öz bilik və bacarıqları ilə hər zaman uca tuturlar"

İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyətin sədri Nadir Hollenbrandın "OLAYLAR"-a müsahibəsi

-Nadir bəy, İsveçdə təxminən nə qədər azərbaycanlı yaşayır?

-Isveç Krallığında hal-hazırda təxminən 2500 azərbaycanlı yaşamaqdadır. Ancaq Stokholmda yaşayan azərbycanlılarin statistik sayını söyləməyə çətinlik çəkirəm. Çünki kifayət qədər dəqiq informasiyam yoxdur. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, təkcə Cənubi Azərbaycandan  olan soydaşlarımız bu ölkədə təqribən 25 000 nəfər təşkil etməkdədirlər.  Təbii ki, əsas olan kəmiyyət yox, keyfiyyətdir.  

-"Azərbaycan Naminə" Cəmiyyət nə vaxtdan fəaliyyət göstərir və cəmiyyət olaraq əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

-"Azərbyacan Naminə" Cəmiyyeti 2005-ci ildə təsis edilib. Cəmiyyətimiz Stokholmda fəaliyyətə başladığı zamandan etibarən bir çox tədbirlər proqramı həyata keçirmişdir. Bu tədbirlərin keçirilməsində təbii ki, həmvətənlərimizin rolu danılmazdır. Umumiyyətlə burada yaşayan azərbaycanlılar daima bir-birilərinə garşılıqlı dəstək göstərməkdədirlər. Amma geyd etmək istəyirəm ki, həmvətənlərimiz ən çox milli matəm gunləri ile əlaqədar keçirilən tədbirlərdə daha aktiv olurlar.  

-Rəhbərlik etdiyiniz cəmiyyət Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımların isveç ictimaiyyətinə çatdırlması istiqamətində hansı tədbirlər həyata keçirir?

-"Azərbaycan Naminə" Cəmiyyeti hər zaman Azərbaycanın ictimai və siyasi həyatını yaxından izləməkdədir. Bu istiqamətdə bir çox işlər görmüşük. Bunlardan bir neçəsini sadalamaq istərdim: Cəmiyyət olaraq Isveçin bir çox siyasətçiləri ilə görüşlər keçirərək  Azərbaycan həqiqətlərini onlara çatdırmışıq. Həmçinin beynəlxalq təşkilatlara Xocalı soyqırımi haqqında olan qətnamələri təqdim etmişik. Bu yaxınlarda Xocalı soyqırımının Rikstaqda müzakirəyə çıxarılmasına nail olmuşuq. Ermənistanla sərhəd zonada yaşayan sivil vətəndaşlarımıza  qarşı törədilən vəhşiliklər barədə Isveç cəmiyyətinə məlumatlar vermişik. Bütün bunlarla yanaşı Azərbaycan tarixində əlamətdar olan hadisələri də müntəzəm olaraq qeyd edirik və bu yolla mədəniyyətimizi təbliğ etməyə çalışırıq. Stokholmda Novruz şənlikləri və digər milli bayramlar cəmiyyətimiz tərəfindən hər zaman qeyd olunmaqdadır.

-Bu ölkədə də daha çox xristian təssübkeşliyinə üstünlük verilirmi və diasporumuz bu cür qeyri-normal münasibətlərlə qarşılaşırmı?

-Avropa ölkələrində xristian-müsəlman  söz-söhbəti ya demək olar ki, yoxdur,  ya da  gizli şəkildə mövcuddur. Isveçdə  də həmçinin din ayrıseçkiliyini  gözlə görmək olmur. Məncə xristian həmrəyliyi də musəlman həmrəyliyi qədər mövcuddur. Nə qədər də olmasa, din qardaşlığı deyilən bir məvhum var.  

-İsveçdə fəaliyyət göstərən digər ölkələrin diaspor təşkilatları, xüsusilə türk diasporu ilə əməkdaşlığınız hansı səviyyədədir?

-Gardaş Turkiyənin Isveçdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əlaqədəyik. Bu günə qədər türk diasporu ilə birlikdə bir sıra müştərək tədbirlər keçirmişik. Bir- birimizin tədbirlərində hər zaman iştirak edirik. İstər şənliklərdə, istərsə də matəm günlərində hər zaman birlikdəyik. 

-Bəs İsveçdəki digər diaspor təşkilatlarımız, Azərbaycan cəmiyyət və birlikləri ilə əlaqələr hansı səviyyədədir?

-Bu ölkədə keçirilən siyasi yürüşlərdə və ya mitinqlərdə Azərbaycanın Isveçdə fəaliyyət göstərən digər diaspor təşilatları ilə bir araya gəlirik. Həmçinin çox zaman  keçirdiyimiz  tədbirlərə birgə əmək sərf edirik.

-İsveçdə yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi həyatında rolu hansı səviyyədədir?

-İsveç Krallığında yaşayan həmvətənlərimiz  ən çox ictimai siyasi fəallıq göstərirlər.  Məncə Azərbaycanın, eləcə də ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın indi məhz bu cür fəallığa daha çox ehtiyacı var.  

- Ümumiyyətlə, bu ölkədə yaşayan zərbaycanlılar İsveç cəmiyyətinə inteqrasiya oluna bilirlərmi?

-Bu suala cavab vermək bir qədər cçətindir. Mənim muşahidələrimə görə azərbaycanlı emiqrantların İsveç cəmiyyətinə  inteqrasiyası prossesi çox normal gedir. İsveç Krallığında yaşayan ziyalılarımız var ki, onlar Azəbaycanın adını öz bilik və bacarıqları ilə hər zaman uca tuturlar.

-"Azərbaycan Naminə" Cəmiyyətin Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı necədir? Adı çəkilən Dövlət Komitəsi cəmiyyətinizin keçirdiyi bu və ya digər tədbirlərə dəstək verirmi?

-Diasporla Iş uzrə Dövlət Komitəsi ilə əlaqələrimiz yüksək səviyyədədir. Mütəmadi olaraq Dövlət Komitəsi rəsmiləri ilə görüşlərimiz olur. Burada üzləşdiyimiz bəzi çətinlikləri birgə aradan qaldırırıq. " Azərbaycan Naminə" Cəmiyyətinin ürəyi hər zaman Azərbaycanla birgə vurur.  Biz burada Azəbyacanın bir hissəsiyik və cəmiyyət olaraq nə qədər fəaliyyət göstərəcəyiksə, bir o qədər də işlər görəcəyik.

-Bəs cəmiyyətiniz Azərbaycan mədəniyyətinin İsveçdə tanıdılması istiqamətində hansı tədbirlər həyata keçirir?

-Azəbaycan mədəniyyəti çox zəngindir. Lakin qərb insanları bəzən şərq mədiyyətini dərhal qəbul edə bilmirlər.  "Eurovision" beynəlxalq mahnı müsabiqəsi zamanı yayımlanan  Azərbaycanın tanıtım video görüntüləri və musiqi fasiləsində olan ifalar bizi Avropaya və umumiyyətlə bütün dünyaya yaxşı tanıtdı. Bundan gözəl reklam ola bilməzdi. Yaşasın Azərbaycan!

-İsveçdəki Azərbaycan səfirliyi ilə münasibətləriniz hansı səviyyədədir? Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyev çıxışı zamanı səfirliklərə diaspor təşkilatları ilə yaxından işləməyi tövsiyyə etmişdi. Dövlət başçısının tövsiyyəsindən irəli gələrək ötən müddət ərzində sözügedən istiqamətdə hansısa addımlar atılıbmı?

-Əgər Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfirliyi ilə olan əlaqələrimizi nəzərdə tutursunuzsa, əlbəttə ki,  sıx-sıx görüşürük və  səfirliyimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. 

-Bəs İsveçdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspora işində aktivliyi hansı səviyyədədir? Gənclərimiz diaspora fəaliyyətinə üstünlük verirlərmi?

-Nəzərinizə çatdırım ki, Isveçdə Azərbaycan Gəncləri Təşkilatı fəaliyyət göstərir. Təbii ki, təcrübə baxımından əgər məsləhət və ya köməyə ehtiyacları olursa, biz hər zaman onların yanlarındayıq. Azərbaycanlı tələbələrin problemləri daha çox səfirliyimiz tərəfindən həll olunur. Bizə müraciət etdikləri zaman əlimizdən gələni əsirgəmirik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31