Azərbaycan Gənclərinin İnkisaf Strategiyasının müsbət nəticələri olacaq

Seymur Orucov: “Prezident İlham Əliyev hər zaman gəncləri diqqət mərkəzində saxlayır”

Ölkədə gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyası adlı sənəd təsdiq olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında təsdiq edilən Azərbaycan Gənclərinin İnkişaf Strategiyasında gənclərlə bağlı bir çox müddəalar öz əksini tapıb. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovla söhbətimizdə də Strategiyadan irəli gələn vəzifələr və bu istiqamətdə görüləcək işlər barədə danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Seymur Orucov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu istiqamətdə həyata keçirəcəyi tədbirlər barədə də məlumat verib.

-Seymur müəllim, prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında təsdiq edilmiş 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyası gənclər üçün hansı yeni imkanlar açacaq?

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman gəncləri öz diqqət mərkəzində saxlayır və zamanın tələblərinə uyğun olaraq gənclərin daha yaxşı, müsbət nəticələr əldə etməsi üçün bu siyasətdə müəyyən dəyişikliklər edir. Bu günə qədər də Azərbaycan Gəncliyi ilə əlaqədar olaraq bir neçə proqram qəbul edilib. Yanvarın 26-da cənab prezidentin imzaladığı sərəncam əsasında 2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası təsdiq edilərək biz gənclərin istifadəsinə verilib. Burada yalnız ictimai-siyasi fəal gənclər üçün deyil, ümumilikdə ölkədəki bütün gənclər qruplarının gələcəyinin təminatı, onların Azərbaycanın ictimai-siyasi həyatında fəallığını artırmaq, gənclərin məşğulluğunu təmin etmək, bir çoxunun müəyyən peşələrə yiyələnməsinə kömək etmək, onları gələcək Azərbaycanın idarəçiləri kimi formalaşdırmaq üçün bütün müddəalar əksini tapıb. Sevindirici hal ondan ibarətdir ki, Strategiyada hətta yetkinlik yaşına qədər müəyyən səbəblərdən cinayət əməlində iştirak etmiş gənclərin də cəmiyyətə adaptasiya edilməsi üçün müvafiq işlərin görülməsi nəzərdə tutulub. Bundan başqa kimsəsiz uşaqların böyüyüb gənc yaşına çatdığında onların daha yaxşı təhsil alması strategiyada qeyd edilib. Xüsusilə, gənclərin informasiya kommunikasiya texnologiyalarından yararlanması, onların İKT biliklərinin artırılması, dünyaya inteqrasiya prosesində bu vasitələrdən istifadəsi ilə bağlı sənəddə bir çox müddəalar öz əksini tapıb. 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyasında elmi-tədqiqat institutlarında çalışan gənc alimləri müasir lisenziyalı xüsusi ixtisaslaşdırılmış İKT proqramları paketi ilə təmin etmək və onların dünya elektron kitabxanalarına pulsuz girişini təmin etmək də nəzərdə tutulur. Strategiyada digər bir maddə də öz əksini tapıb ki, bu da gənclərin erkən yaşlarında elmə maraqlandırılması ilə bağlıdır. Çünki bir dövlətin, millətin, onun gəncliyinin ən böyük inkişafı məhz elmdən, bu sahədə əldə edilən nailiyyətlərdən keçir. Əgər bir cəmiyyət elmli olsa, elmi tədqiqat sahələrində çalışan gənclərin sayı artsa, bu həmin cəmiyyətin gələcəyinin parlaqlığından xəbər verir. Həmçinin sənəddə sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərin cəmiyyətə inteqrasiyası kimi məsələlər də yer alıb. Xüsusilə, gənclərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı olan maddələr biz gəncləri sevindirir. Hesab edirəm ki, həmin maddələr də strategiyada yer alan ən faydalı məqamlardan biridir. Buna görə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri kimi cənab prezidentin  sərəncamı ilə təsdiq edilmiş 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyasını yüksək qiymətləndirir və dövlət başçısına minnətdarlığımı ifadə edirəm ki, belə bir sənədi məhz bizlərin istifadəsinə verib. Düşünürük ki, bu strategiyanın çox müsbət nəticələri olacaq və ümumilikdə  Azərbaycanın gələcəyinə öz müsbət töhfələrini verəcək.

-Bəs, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi strategiyadan irəli gələrək hansı tədbirlər həyata keçirəcək?

-Biz Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq 2015-2025-ci illər Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının müzakirəsini keçirməyi nəzərdə tutmuşuq. Məlumat üçün qeyd edim ki, mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı gənclər təşkilatları tərəfindən də strategiyanın tətbiqi ilə bağlı işlərin görülməsi mümkünlüyü sənəddə öz əksini tapıb. Biz də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq öz üzərimizə düşən vəzifəni mərkəzi icra hakimiyyəti orqanı ilə birlikdə həyata keçirmək üçün vahid proqram, plan hazırlayacağıq.

-Bu günə qədər gənclərlə bağlı çoxsaylı sənədlər qəbul edilib, fərman və sərəncamlar imzalanıb. Bəs, Azərbaycan gəncləri nə dərəcədə onlara göstərilən bu diqqət və qayğını doğruldur, onun qarşılığını verirlər?

-Azərbaycan gəncliyinin böyük qismi ona göstərilən diqqət və qayğının qarşılığını verir. Çünki bu gün Azərbaycan gəncliyi dövlətinə sadiqdir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin haqq səsini xarici dövlətlərdə səsləndirə bilir. Bir çox gənclərimiz dünyanın müxtəlif ali təhsil ocaqlarında oxuyurlar və ölkəmizi orada layiqincə təmsil edirlər. Onların bir çoxu diaspora fəaliyyəti ilə məşğuldur. Bəzi gənclərimiz isə təhsil aldıqları ölkələrin elmi-tədqiqat institutlarında disertasiya müdafiə edirlər. Həmçinin bu gün Azərbaycanda keçirilən bir çox tədbirlərin birbaşa təşkilatçısı və iştirakçısı gənclərdir. Dövlət qulluğuna qəbul faizinə diqqət yetirəndə də gənclərin böyük üstünlük təşkil etdiyini görürük. Bütün bunların hamısı Azərbaycan gəncliyinin aktiv olduğunun göstəricisidir və gənclər cənab prezidentin imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərin böyük əksəriyyətini həll edib.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31