“Müxalifət partiyaları seçkilərə birgə getməlidirlər”

Tahir Abbaslı: “Pərakəndəlik heç kimə xeyir gətirməyib”

"İqtidarla siyasi oponentlik etmək əvəznə, bəzi partiyaların iqtidara qarşı siyasi savaş açmaları müxalifətin birliyinə mane olan amillərdəndir". Əksər siyasi partiyalar kimi İslam Demokrat Partiyası da bu il ölkədə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyanın sədri Hacı Tahir Abbaslı "OLAYLAR"-a verdiyi müsahibədə bildirib ki, seçkilərdə majoritar qaydada iştirak etmək imkanlarını nəzərdən keçirəcəklər. O, hazırkı situasiyada müxalifət daxilində mövcud olan vəziyyət, bu düşərgənin bir araya gəlməsi istiqamətində edilən təşəbbüslər, həmçinin müxalifətin birliyinə mane olan amillər, eləcə də bunun aradan qaldırılmasının mümkün yolları barədə də danışıb.

-Tahir müəllim, İslam Demokrat Partiyası olaraq bu il keçiriləcək parlament seçkilərinə qatılmağı düşünürsünüzmü?

- Siyasi partiya olaraq ölkəmizdə keçirilən seçkilərin hər birində iştirak  etmək niyyətindəyik. Partiyamız qeydiyyatdan keçmədiyindən və parlament seçkilərində majoritar qaydada iştirak edəcəyik.

-Sizcə, müxalifət parlament seçkilərinə birgə, yoxsa ayrı-ayrılıqda getməlidir?

-Birmənalı olaraq müxalifət partiyaları seçkilərə birgə getməlidirlər. Pərakəndəlik heç kimə və heç vaxt xeyir gətirməyib. Arada fərdləri çıxmaq şərti ilə müxalifət düşərgəsinə, eyni zamanda müxalif təfəkkürə ciddi zərbələr dəyib və onlar da bu zərbədən taqətsiz hala düşüblər. Hesab edirəm ki, müxalifət bu xalqın ciddi və məsuliyyətli nümayəndələrindəndirlər və xüsusilə indiki durumda müxalifətin birliyi olduqca vacibdir.

-Ənənəvi bir proses müşahidə edilir. Belə ki, hər seçkidə birlik təşəbbüsləri irəli sürülür, lakin çox keçmədən birlik alınmır və ya yaradılan qurum perspektivsiz olur. Sizcə, müxalifətin sözün əsil mənasında birliyinin yaranmasına nə mane olur?

-Təkəbbürlük, ayrı-seçkilik, insafsızlıq (özünü başqasının yerinə qoymamaq), yanlış fikirlərin müxalifətə daşınması kimi amillər müxalifətin sözün əsil mənasında bir araya gəlməsinə mane olur. Eyni zamanda seçki ərəfəsində partiyaların mövqelərində olan yanlışlıq, siyasi baxışlarda fərqlilik, cəmiyyətin durumunu və siyasi baxışlarını düzgün dəyərləndirməmək kimi səhv addımları da bura şamil etmək olar.  Xüsusilə də, iqtidarla siyasi opponentlik etmək əvəznə, bəzi partiyaların iqtidara qarşı siyasi savaş açmaları, bir-birilərini məğlub etmək üçün taqətsiz hala düşənədək ittiham etmələri, güzəşt etmə bacarıqlarının olmaması kimi vacib məqamlar da müxalifətin birliyinə mane olan amillərdəndir.

-Əgər parlament seçkilərinə də müxalifət dağınıq getsə bu düşərgənin aqibəti necə olacaq?

-Təki seçki millətə və dövlətə xeyirli olsun. Ümumilikdə isə seçki olayları və oyunları müxalifət üçün yeni dərs olacaq və təcrübə qazanacaqlar. Ən azından gələcək nəsil üçün sağlıq olsa müşavirlik edəcəklər. Hesab edirəm ki, müxalifət bu seçkidə ağıllı gedişlərlərlə nisbətən uğur qazanmağa çalışmalıdır.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31