AXCP əməkdaşlığa hazır deyil

Əhməd Oruc: “Bu partiya birmənalı şəkildə bildirir ki, Milli Şuradan başqa heç bir siyasi partiyanı müxalifət hesab etmir”

"Hazırda Milli Şurada qalan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır"

Bu ilin sonlarında baş tutacaq parlament seçkilərində iştirak etmək üçün artıq bir sıra siyasi təşkilat və birliklər hazırlıqlara start veriblər. Belə təşkilatlardan biri də Demokratiya və İnsan Haqları Mərkəzidir. Hətta yaxın günlərdə sözügedən mərkəzin seçki blokunun yaradılması da nəzərdə tutulub. Demokratiya və İnsan Haqları Mərkəzinin seçki hazırlıqları, qarşısına qoyduğu hədəflər, eləcə də müxalifət daxilində mövcud olan vəziyyətlə bağlı sözügedən mərkəzin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucla söhbətləşdik.

-Əhməd bəy, Azadlıq Partiyasının ictimai-siyasi proseslər, ümumiyyətlə siyasi fəaliyyətdən bir qədər uzaq düşdüyü müşahidə edilir. Bunun başlıca səbəbi nədir?

-Azadlıq Partiyası olaraq bu gün kifayət qədər intensiv fəaliyyət göstəririk. Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyalardan biri də Azadlıq Partiyasıdır. Partiya kimi əsas fəaliyyətimiz də bu çərçivədədir. Yaxın vaxtlarda  parlament seçkiləri ilə əlaqədar Demokratiya və İnsan Haqları Mərkəzinin bazasında hər hansı birliyin yaradılması istiqamətində danışıqlar gedir. Biz də partiya olaraq həmin danışıqlarda iştirak edirik.

-Aparılan danışıqların nəticəsi olaraq dediyiniz birliyi yaratmaq mümkün olacaq?

-Demokratiya və İnsan Haqları Mərkəzi geniş seçki koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi və bununla bağlı bir sıra partiyalara müraciət olundu. Həmin müraciələrin nəticəsi olaraq bəzi partiyalarla görüşlər keçirildi. Ancaq həmin partiyaların birliyə nə dərəcədə maraqlı olması, onların bu birlikdə təmsilçiliyi təbii ki, bizim iradəmizdən asılı deyil. Ancaq birliyin özü yaradıla bilər. Çünki Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyaların böyük əksəriyyəti yaxın vaxtlarda belə bir seçki bloku yaratmaq haqqında prinsipial razılıq əldə ediblər. Yəqin ki, bu həftə ərzində biz seçki bloku yaratmağa nail olacağıq.

-Bəs Demokratiya və İnsan Haqları Mərkəzindən kənarda qalan partiyaların buna maraq göstərməməsinin başlıca səbəbi nədir?

-Azərbaycanda fəaliyyət göstərən hər bir partiyanın özünün mövqeləri, prinsipləri var. Onlar öz maraqlarına uyğun şəkildə bu və ya digər birliklərdə təmsil olunmağa çalışırlar. Azərbaycan Xalq Cəbhəsi Partiyası birmənalı şəkildə bildirir ki, Milli Şuradan başqa heç bir siyasi partiyanı müxalifət hesab etmir və başqa qüvvələrlə əməkdaşlığa hazır deyil. Müsavat Partiyası da AXCP ilə əməkdaşlıq formatına üstünlük verir. Digər siyasi qüvvələrin isə hələlik seçkilərlə bağlı konkret qərarları yoxdur və onlar hələlik mövcud vəziyyəti təhlil etdiklərini bildirirlər. Biz isə prinsip etibarilə bu gün seçkilərdə birgə iştiraka razı olan partiyaların hər biri ilə əməkdaşlığa hazır olduğumuzu bildiririk və düşünürəm ki, həmin partiyaların blokunun yaradılmasına da nail olacağıq.

-Ancaq faktiki olaraq 2013-cü ilin prezident seçkilərindən sonra Milli Şura tamamilə fəaliyyətiz bir quruma çevrilib.

-Təbii ki, elədir. Milli Şuranı yaradanların böyük əksəriyyəti bu gün orada yoxdur və onlar həmin qurumu tərk ediblər. Bu gün Milli Şurada nə Müsavat Partiyası, nə də Rəsul Quliyev var. Eyni zamanda liberallar və islamçılar da Milli Şuranı tərk ediblər. Hazırda Milli Şurada qalan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Bu partiyanın hazırda da mövqeyi ondan ibarətdir ki, Milli Şura əvvəldən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının iradəsində olub və hazırda da cəbhəçilər Milli Şuradakı mübarizələrini davam etdirmək niyyətindədirlər. Hər halda biz onlara uğur arzulayırıq və onların bu istəyinin qarşısını hansısa şəkildə almaq mümkünsüzdür.

-Əgər bu il keçiriləcək parlament seçkilərinə də Azərbaycan müxalifəti parçalanmış şəkildə, bir araya gəlmədən getsə nəticə nə olacaq?

-Demokratiya və İnsan Haqları Mərkəzi olaraq sona qədər çalışacağıq ki, seçki qanunvericiliyinin dəyişdirilməsi, demokratik mühitin yaradılması, dairələr üzrə bir-birinin namizədlərinin müdafiə olunması məsələlərində müxaliət partiyalarının ümumi bir razılığını əldə edək. Əgər bu baş verməyəcəksə təbii ki, müxalifətin mübarizə əzmi, imkanları, cəmiyyətin seçkilərə olan inamı və onun ciddi şəkildə aktivləşməsinə təsir göstərəcək. Hər halda biz seçkilərə qədər müxalifətin birliyinə çalışırıq. Hesab edirəm ki, parlament seçkilərinə hələ müəyyən qədər müddət var və həmin müddət ərzində hansısa nəticənin əldə ediləcəyinə ümid etmək olar.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31