Bizi istəməyən qüvvələr də var

Rauf Zeyni: “Bəzi beynəlxalq təşkilatlar müntəzəm olaraq ölkəmizlə əlaqədar ədalətsiz informasiyalar yaymaqla dövlətimizin nüfuzuna zərbə vurmağa çalışırlar”

"Həm QHT, həm də media sektoru aktiv fəaliyyət göstərməlidir ki, bu kimi qərəzli yanaşmanın qarşısını alaq"

Yenicə qədəm qoyduğumuz 2015-ci il üçün Milli Qeyri-Hökumət Təşkilatları Forumu da qarşıya bir sıra prioritet vəzifələr qoyub. Cari il ərzində bir sıra istiqamətləri əhatə edən tədbirlər, konfranslar keçiriləcəyini deyən Milli QHT Forumunun prezidenti Rauf Zeyni "OLAYLAR"-a verdiyi müsahibədə bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına maneçilik törədildiyi barədə yaydıqları qərəzli hesabatlara da münasibət bildirib.

-Rauf müəllim, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 2015-ci ildəki əsas hədəfləri və prioritetləri nələrdir?

-Bu il Azərbaycan xalqı və dövləti üçün ən yadda qalan hadisə ölkəmizdə Birinci Avropa Oyunlarının keçirilməsi olacaq. Əgər "Avrovision" bizim turizm pasportumuz oldusa, Birinci Avropa Oyunlarının imkanları bizim üçün dövlət və cəmiyyət pasportu olmalıdır. Azərbaycan Respublikası olaraq indiyə qədər əldə etdiyimiz nailiyyətləri, bütün sahələr, həm iqtisadi, həm sosial, həm də humanitar sahələrdə əldə edilən uğurları Birinci Avropa Oyunlarının imkanlarından istifadə edərək bir daha dünya ictimaiyyətinə təqdim etməyi bacarmalıyıq. Düşünürəm ki, Birinci Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək və biz yenə də özümüzü lazımı səviyyədə dünya ictimaiyyətinə təqdim edə biləcəyik. Heç şübhəsiz ki, biz də Milli Qeyri-Hökumət Təşkilatları olaraq vətəndaş cəmiyyətinin inkişafı, bu istiqamətdə əldə edilən nailiyyətləri bir daha dünya ictimaiyyətinə təqdim edəcəyik. Paralel olaraq forum öz tədbirlərini, dəyirmi masa və konfranslar, treninqlərini də davam etdirir. Qeyri-hökumət təşkilatlarına instuksional xidmətləri daha geniş səviyyədə həyata keçirməyi, beynəlxalq əlaqələri genişləndirmək, dövlət, media qurumları ilə münasibətləri daha da inkişaf etdirmək istəyirik. Həmçinin "İctimai iştirakçılıq haqqında" qanundan irəli gələrək dövlət strukturlarında QHT-lərin iştirakını təmin etməyi düşünürük. Çalışırıq ki, bütün dövlət qurumlarında ictimai şuralar yaransın, forumun üzvü olan təşkilatlar həmin şuralarda təmsil olunsunlar. Eyni zamanda Milli QHT Forumunun üzvü olmayan, lakin həm ölkə, həm də beynəlxalq səviyyədə dəsti xətti, imzası olan sahəvi QHT-lər də həmin şuralarda təmsil olunsunlar. Biz sağlam insan, sağlam cəmiyyət prinsipi, "Azərbaycan-2020: Gələcəyə Baxış" Konsepsiyasının müddəalarındən irəli gələrək Milli QHT Forumunun 2015-ci ildəki fəaliyyətini formalaşdırır, qururuq. Artıq bu istiqamətdə fəaliyyətə başlamışıq.

-Bu il forumun üzvü olub lakin müxtəlif səbəblərdən heç bir fəaliyyət göstərməyən QHT-lərin təşkilatdan xaric ediləcəyi bildirilirdi. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir?

-Məsələ ilkin olaraq müzakirə edildi və belə bir fikir formalaşdırıldı ki, forumun elektron məlumat bazasını təkmilləşdirək. Etiraf edim ki, forumun üzvü olan 650 təşkilatın bəzilərini lazım olanda tapa bilmirik. Onlar müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırıblar. Onların fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirmək, ümumilikdə forumun informasiya məlumat bazasını yeniləmək üçün üzvlərimizə anketlər göndərmişik. Hazırda həmin anketlərin yığılması prosesi gedir. Anketlər bizə tam daxil olduqdan sonra Milli QHT Forumunun üzvlərinin məlumat bazası elektron formada mqf.az saytında yerləşdiriləcək. Bununla da məlum olacaq ki, forumun üzvü olan hansı təşkilatlar müxtəlif səbəblərdən fəaliyyət göstərmirlər. Bu il həmçinin qeyd edilən sayt vasitəsilə elektron xidmətlərin təşkil edilməsi, elektron qaydada üzvlüyə qəbul edilmə, eləcə də elektron qaydada üzvlük haqqlarının yığılması məsələlərini gündəmə gətirmişik. İmkanımız, potensialımız çatacaq səviyyədə bunları etməyə çalışacağıq. Təbii ki, bunlar qarşımızda dayanan vəzifələrdir və onları yerinə yetirmək niyyətindəyik.

-Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində forum olaraq türk QHT-lərlə birlikdə erməni yalanlarını ifşa edəcək tədbirlər keçirməyi düşünürsünüzmü?

-Forum olaraq üzv təşkilatlarımızla həm 20 Yanvar faciəsi, həm Xocalı soyqırımı, həm də qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı müəyyən tədbirlər keçirmək niyyətindəyik. Biz neçə illərdir ki, bu istiqamətdə fəaliyyət göstəririk. Məlum olduğu kimi erməni separatçıları qondarma soyqırımın 100 illiyini yüksək səviyyədə qeyd etmək üçün müəyyən hazırlıqlar görürlər. Biz də forum olaraq erməni yalanlarını ifşa etmək üçün mümkün tədbirlərin keçirilməsini nəzərdə tuturuq. Bu məqsədlə fevral, mart, aprel aylarında müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır. Həmin tədbirlərin həm Azərbaycanda, həm də müəyyən xarici ölkələrdə keçirilməsi nəzərdə tutulur.

-Müntəzəm olaraq müəyyən beynəlxalq təşkilat və qurumlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində problemlərin olduğunu iddia edirlər. Bu kimi iddialara qarşı cavabınız nə olardı?

-Azərbaycanın beynəlxalq aləmdə dostları olmaqla yanaşı, bizi istəməyən qüvvələr də var. Azərbaycanın inkişafı, onun yüksəlişini istəməyən qüvvələr və onlara xidmət edən bəzi beynəlxalq təşkilatlar müntəzəm olaraq ölkəmizlə əlaqədar ədalətsiz, obyektivliyə uyğun olmayan, gerçək mənbələrə söykənməyən informasiyalar yaymaqla dövlətimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Eyni zamanda həmin qüvvələr "Domokl qılıncı"nı Azərbaycanın başı üzərində saxlamaqla bizdən daha çox pay almaq, bəhrələnmək istəyirlər. Çox təəssüflər olsun ki, bu gün beynəlxalq nizam-intizam pozulub və beynəlxalq təşkilatlar həmin nizam-intizamı bərpa etmək iqtidarında deyillər, acizlik göstərirlər. Onlar özləri də bunu etiraf edirlər. Əgər belə olmasaydı BMT-nin qətnamələri 20 ildən artıqdır ki, kağız üzərində qalmazdı. Ona görə də biz beynəlxalq mühitdə mövcud olan vəziyyəti bilirik, təhlil edir və bundan irəli gələrək öz etirazımızı bildirir, bəyanatlarımızı veririk. Bütün bunlarla bərabər biz Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində həm Avropa Birliyinə daxil olan ölkələrin qeyri-hökumət təşkilatları, həm də dünyada mövcud olan digər nüfuzlu QHT-lərlə işimizi, əməkdaşlığımızı davam etdirməliyik. Həm QHT, həm də media sektoru aktiv fəaliyyət göstərməlidir ki, ölkəmizə qarşı mövcud olan bu kimi qərəzli yanaşmanın qarşısını alaq, onları ifşa edək. Bir daha qeyd edirəm ki, biz Avropa Oyunlarından istifadə edərək özümüzü yeni formatda, keyfiyyətdə dünyaya təqdim etməliyik. Bu da bizim dövlətçilik, cəmiyyətçilik pasportumuz olmalıdır. Dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan sizin təqdim etdiyiniz hesabatlardan fərqli olaraq sözün həqiqi mənasında irəliləyiş, yüksəliş əldə edib. Beləliklə də, ölkədə vətəndaş cəmiyyətinin inkişafına nail olub. Biz beynəlxalq təşkilatlar, dünya birliyi və üzərimizə götürdüyümüz öhdəliklərə görə deyil, öz ölkəmiz, vətəndaşımıza görə vətəndaş cəmiyyətini inkişaf etdirməyi başlıca prioritet hesab etmişik. Bundan irəli gələrək də biz bunu dünya ictimaiyyətinə təqdim etməliyik ki, onlar da Azərbaycanı başqa gözlə görməkdən əl çəksinlər.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31