Müsavat başqanı vəziyyəti daha da gərginləşdirəcək çıxışlar edir

Tural Abbaslı: “Bu da ümumi fonda partiyanın daha da zəifləməsinə səbəb olur”

"Müsavat başqanının narazı kəsimlə danışıq ritorikası yanlışdır"

Müsavat Partiyasında qurultaydan sonra yaşanan gərginlik hələ də həll edilməmiş qalır. Yeni partiya rəhbərliyinin idarəçiliyini qəbul etməyən bir sıra müsavatçılar başqan Arif Hacılını konstruktiv addımlar atıb narazılarla görüşməyə dəvət etsələr də, lakin Müsavat başqanı narazı müsavatçıları eşitmək belə istəmir. Yaranmış bu vəziyyət isə partiyanın tədricən parçalanmasına gətirib çıxarır. Bu günlərdə qurultayda başqanlığa namizəd olmuş Qubad İbadoğlunun Müsavatdan ayrılaraq yeni bir hərəkat təsis etməsi deyilənləri təsdiqləyir. Bəs, görəsən Arif Hacılının başqan kimi idarəçiliyini qəbul etməyən keçmiş başqanlığa namizəd Tural Abbaslı bu barədə nə düşünür? Yeni yaradılan hərəkatda Tural Abbaslı da təmsil oluna bilərmi? Bu və ya digər suallarla bağlı Müsavat Partiyasının Divan üzvü, keçmiş başqanlığa namizəd Tural Abbaslı ilə söhbətləşdik.

-Tural bəy, qurultaydan sonra müəyyən gərginlik yaşanan Müsavat Partiyasında hazırda daxili vəziyyət necədir, partiyadaxili problemlər  yoluna qoyulurmu?

-Qurultaydan sonra yaranmış partiyadaxili vəziyyət təəssüflər olsun ki, hələ də öz gərginliyini qoruyur. Bu vəziyyətin aradan qaldırılması istiqamətində addımlar atmalı olan partiya başqanı təəssüflər olsun ki, bunu etmir. Əksinə bəzən Müsavat başqanı vəziyyəti daha da gərginləşdirəcək addımlar atır və çıxışlar edir. Bu da ümumi fonda partiyanın daha da zəifləməsinə səbəb olur.

-Bu müddət ərzində yeni başqan Arif Hacılı narazılarla görüşüb onların etirazlarını dinləməyə maraqlı olub və ya cəhd göstəribmi?

-Ümumiyyətlə, Müsavat başqanının narazı kəsimlə danışıq ritorikası yanlışdır. Bəzən rəhbərlik unudur ki, siyasi partiyada fəaliyyət ictimai əsaslarla və könüllü qaydadadır. Yəni bu insanlarla "asarıq, kəsərik, qovarıq, cəzalandırarıq" ritorikası ilə danışmaq yanlışdır. Məndə olan məlumata görə Arif Hacılı son dönəmdə heç bir narazı ilə görüşməyib və buna heç bir maraq göstərməyib.

-Bu günlərdə Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və digərlərinin yeni bir hərəkat yaratdığı bildirilir. Siz də bir müddət sonra həmin hərəkatda təmsil oluna bilərsinizmi?

-Qubad bəyə yaratdığı hərəkatın fəaliyyətində uğurlar arzulayıram. Ancaq, bu hərəkatın indiki məqamda uğurlu ideya olmadığını düşünürəm və bunu da dəfələrlə qeyd etmişəm. İndiki vəziyyətdə partiya daxilində fəaliyyət göstərmək və partiya daxili demokratiyanın bərpa olunması yolu ilə onu gücləndirmək daha məqbul idi. Nə mən, nə də məni dəstəkləyənlərdən kimsə bu hərəkatda təmsil olunmaq niyyətində deyil. Biz Müsavatda fəaliyyət göstərib mübarizəmizi burada davam etdirmək və məqsədlərimizə nail olmaq niyyətindəyik.

-Bəs, bir müxalifət təmsilçisi kimi hazırda müxalifət düşərgəsindəki vəziyyəti necə xarakterizə edərdiniz?

-Təssüflər olsun ki, müxalifət düşərgəsinin indiki vəziyyəti heç də ürəkaçan deyil. Artıq 22 il müxalifətdə qalmaq həm düşərgə nümayəndələri, həm də cəmiyyət arasında ümidsizlik yaradıb. Nəticədə insanların seçki sisteminə və demokratik mübarizəyə inamları demək olar ki, itib. Və təbii ki, xalqın qatılımcısı olmadığı istənilən prosses nəticəsizliyə məhkumdur. Odur ki, müxalifət düşərgəsi vaxt itirmədən xalqın prosseslərə inamını qaytarması üçün bəzi addımlar atmalıdır. Yəni sosial sifarişə qulaq asmalı və bu yöndə əməli fəaliyyət göstərməlidir. Bunun üçün də əsas amillərdən biri gənclərin, tələbələrin bu prossesə cəlb olunmasını təmin etməkdir. Partiyalar öz aralarındakı rəqabətə son qoyub hakimiyyətlə mübarizəyə fokuslaşmalıdır.

-Bu il keçiriləcək parlament seçkilərində Müsavat Partiyasının iştirakını mümkün hesab edirsinizmi?

-Parlament seçkilərinə 9 aydan da az bir vaxt qalıb. Bu seçkilərdə təbii ki, Müsavat Partiyası da iştirak etməlidir və edəcək də. Ancaq real nəticənin olması üçün atılmalı addımların gecikdirilməməsi lazımdır.

-Sizcə müxalifət seçkiyə hansı formada, birlik şəklində, yoxsa partiyalar fərdi qaydada qatılmalıdır?

-Mən indiki vəziyyətdə hər hansısa bir partiyanın bu seçkilərə təkbaşına qatılaraq real nəticə əldə edəcəklərinə inanmıram. Müxalifətin böyük, səmimi və funksional birliyi yaranmalı və seçkilərdə bu formada iştirak edilməlidir.

-Bəs, siz özünüz namizəd olmağı düşünürsünüzmü?

-Tədii ki, mənim də bu seçkilərdə namizəd olaraq iştirak etmək və mübarizə aparmaq fikirim var. Ancaq yenə də qeyd edirəm ki, iştirak etmək xatirinə iştirak edib insanların ümidlərini növbəti dəfə də qırmaq lazım deyil. Bu seçkiləri siyasi mübarizə tariximizdə dönüş nöqtəsi etməyi bacarmalıyıq.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31