“Azərbaycan dünyanın bir çox ölkəsinin maraq dairəsində olduğundan…”

Mayis Güləliyev: “Burada “suyu bulandırıb balıq tutmaq istəyənlər” çoxdur”

Parlament seçkilərinə bir xeyli müddət qalsa da, lakin əksər siyasi dairələr, partiya və birliklər indidən seçkidə iştirakla bağlı mövqe ortaya qoyublar. Belə ki, cari ilin sonlarında ölkədə keçiriləcək parlament seçkilərində üç müxalifət partiyasının təmsil olunduğu "Vətən" siyasi bloku da iştirak etməyi nəzərdə tutub. Sözügedən blokun icra katibi Mayis Güləliyev "OLAYLAR"-a verdiyi açıqlamada seçkilərdə hansı formada qatılacaqları, digər birlik və bloklarla mümkün əməkdaşlıq imkanları barədə danışıb. Mayis Güləliyev "Vətən" siyasi blokunun 2015-ci il üçün əsas hədəfləri və prioritet vəzifələri barədə də məlumat verib.

-Mayis bəy, "Vətən" Siyasi Blokunun cari il üçün əsas prioritet və hədəfləri nədən ibarətdir?

-"Vətən" Siyasi Blokunun 2015-ci il üçün nəzərdə tutduğu prioritetlər və vəzifələr 2023-cü ilə qədər hazırladığı 10 illik planın tərkib hissəsidir. Əlbəttə 2015-ci il daha çox parlamet seçkiləri ili kimi siyasi yük daşıdığından biz əsas diqqəti bu sahəyə ayırmağı planlaşdırırıq. Amma bütün hallarda parlament seçkilərini cəmiyyətdə baş verən ictimai-siyasi proseslərdən kənarda hədəf kimi götürmək düzgün deyil.

-Blok parlament seçkilərində iştirak edəcəkmi və hər seçki dairəsindən namizəd irəli sürməyə kadrlarınız varmı?

-Əlbəttə, "Vətən" Siyasi bloku 2015-ci il parlamet seçkilərində iştirak edəcək. Biz bütün gücümüzdən istifadə edərək bütün dairələrdən namizədlərimizi verməyə çalışacağıq və ümidvaram ki, buna nail olacağıq.

-Ümumilikdə, blok olaraq müxalifətin seçkidə birgə, yoxsa ayrı-ayrılıqda iştrirakına tərəfdarsınız?

-Mənim icra katibi olduğum "Vətən" siyasi bloku üç partiyanı birləşdirir. Bizim hadisələrə öz baxışımız və yanaşmamız var. Hər hansı bir müxalifət partiyası bizim baxışlarımızı bölüşərsə və seçkidə birgə addım atmağı təklif edərsə bu məsələ blokda müzakirə edilə bilər. Lakin "Vətən" siyasi blokunun hər hansı digər birliklərə daxil olmaq planı yoxdur. Çünki bizim hazırkı potensialımız imkan verir ki, bütün dairələrdən öz namizədlərimizi irəli sürək.

-Blok olaraq seçkilərdə digər partiyaların daha şanslı namizədlərinə də dəstək verə bilərsinizmi?

-Əgər biz planlaşdırırıqsa ki, bütün dairələrdən öz namizədlərimizi irəli sürək, onda onların qeydiyyata alınmasına da çalışacağıq. Əgər hər hansı dairədən bizim öz namizədlərimiz qeydiyyatdan keçmiş olmasalar, onda həmin dairələrdə bizim ideyalara yaxın ideyaları bölüşən namizədləri dəstəkləyə bilərik. Biz daha şanslini yox, daha ədalətlini dəstəkləyirik. Bu prinsip bizim əsas prinsipimizdir.

-Hər seçki ərəfəsində müşahidə edilən xarici təsirlər və siyasi sabitliyi pozmaq cəhdləri parlament seçkiləri ərəfəsində də gözləniləndirmi?

-Seçki hər bir cəmiyyətin həyatında ciddi siyasi hadisədir. Bu Azərbaycanda da belə olmalıdır. Azərbaycan kiçik ölkədir, lakin iqtisadi və siyasi cəhətdən dünyanın bir çox ölkəsinin maraq dairəsində olduğundan burada "suyu bulandırıb balıq tutmaq istəyənlər" çoxdur. Amma Allaha şükürlər olsun ki, son illərdə əldə edilən siyasi sabitlik belə cəhdlərin aradan qaldırılmasına imkan verib. Ümidvaram ki, 2015-ci ildə də ölkəmizdə siyasi sabitlik təmin ediləcək və parlament seçkiləri dinc şəraitdə, demokratik, ədalətli və azad keçiriləcək.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31