“Ermənistan problemin sülh yolu ilə həllinə maraqlı deyil”

Arzu Nağıyev: “Cəbhə xəttində baş verənlərlə bağlı Rusiya və Birləşmiş Ştatların narahatlıqları bəyanatlardan o yana keçmir”

Keçən ilin son günlərindən cəbhə xəttində müşahidə edilən gərginlik və Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması regionda marağı olan, həmçinin Dağlıq Qarabağ probleminin nizama salınması prosesini öz üzərinə götürən vasitəçi dövlətlərin narahatçılığına səbəb olub. Hər halda okeanın o tayından, eləcə də şimal qonşumuzdan verilən açıqlamalar belə deməyə əsas verir. Cari ilin ilk ayından müşahidə edilən bu proses müəyyən nikbin proqnozların da irəli sürülməsinə səbəb olub. Bir sıra erkspertlər hesab edirlər ki, 2015-ci il bir sıra regional münaqişələr, xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində uğurlu olacaq. Bəs görəsən bu il Qarabağ probleminin həllində müsbət irəliləyiş əldə ediləcəkmi? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, Azərbaycanın yerləşdiyi regionda mövcud olan münaqişələrin həlli baxımından bu il nə dərəcədə uğurlu və ya uğursuz olacaq?

-Məlumdur ki, Azərbaycanın öz ərazisində və sərhədlərindən uzaq olmayan ərazilərdə silahlı münaqişələr və müharibələr davam edir. Düşünürəm ki, Daqlıq Qarabağ münaqişəsində hüquqi və hərbi cəhətdən üstünlük Azərbaycan tərəfində olsa da, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu və onun təmsilçi dövlətləri münaqişənin həlli yollarının sülh variantı olmasını tövsiyyə edəcəklər. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi uzanacaq. Buna təsir edən amillərdən ən başlıcası da götürülən girovlarala bağlı veriləcək qərardan asılı olacaq. Bundan başqa Abxaziya, Cənubi Osetiya münaqişəsi də həllini tapmayacaq. Eyni zamanda Suriya və İraqda İŞİD problemi də müsbət istiqamətdə həll edilməyəcək.

-Bu arada 2015-ci ilin ilk günlərində cəbhədə atəşkəsin pozulmasının intensivləşməsi onu deməyə əsas verirmi ki, Ermənistan yenə də problemin sülh yolu ilə həllinə maraqlı görünməyəcək?

-2015-ci ilin ilk günlərində cəbhədə atəşkəsin pozulmasının intensivləşməsi əsasən keçiriləcək beynəlxalq görüşlərdən əvvəl olur. Məlumdur ki, hazırda dünya xristianları bayram tətillərindədirlər və yanvar ayının ortalarından başlayaraq münaqişə ilə bağlı goruşlərin və danışıqların aparılması başlayacaqdır. Göründüyü kimi də aparılan hər bir əməliyyatda ermənilər itkilər verir. Bu eyni zamanda ermənilərin öz havadarları qarşısında hesabatına da bənzəyir və məhz buna görə də hiss edilir ki, Ermənistan hər vaxt olduğu kimi, yenə də problemin sülh yolu ilə həllinə maraqlı deyil...

-Yeri gəlmişkən cəbhə xəttində baş verənlərə Rusiya və Amerikanın narahatçılıq dolu mesajlarını necə dəyərləndirirsiniz?

Cəbhə xəttində baş verənlərlə bağlı bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası və Birləşmiş Ştatların narahatlıqları bəyanatlardan, o cümlədən sülhün bərqəqar olmasının tövsiyyəsindən o yana keçmir. Təəccüblüdür ki, yenə də ərazi bütövlüyündən, onun bərpasından, beynəlxalq təşkilatların qətnamələrinə hörmətdən və yerinə yetirilməsindən bir kəlmə də danışılmır.

-Bəs, Rusiyanın imperiyanı bərpa etmək planları daha geniş coğrafiyanı əhatə edə bilərmi?

-Düşünürəm ki, bu proseslər, yəni neftin qiymətinin azalması, rublun məzənnəsinin düşməsi, iqtisadi tənəzzül Rusiyanın imperiyanın bərpası yox, süqutu planının bir hissəsidir. Yəni nə qədər qloballaşmadan, böyümədən, genişlənmədən söhbət getsə də Rusiyanın daxilində, Ukraynada, Moldovada, Belarusda, Qazaxıstanda baş verən proseslər bunun əksini göstərir. Yəni bu proseslər təkcə Rusiya Federasiyasının deyil, ən əsası Rusiyanın siyasi və iqtisadi cəhətdən təsir dairəsində olan ərazilərin süqutu üçün Qərb tərəfindən nəzərdə tutulan planın tərkib hissəsidir.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31