“Dövlətimizin inkşafı üçün düşünülmüş addımlar atmalıyıq”

Ramil Hüseynov: “Nə qədər dövlətimiz güclü olsa, millətimiz də bir o qədər güclü olacaq”

Keçən ilin dekabrında ölkədə keçirilən bələdiyyə seçkilərindən kənarda qalan partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyası oldu. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkidə iştiraka maraqlı olmayan VİP-in bu il baş tutacaq parlament seçkilərinə qatılıb-qatılmayacağını müəyyənləşdirmək üçün partiyanın sədr müavini Ramil Hüseynovla söhbətləşdik. "OLAYLAR"-ın verdiyi müsahibədə VİP rəsmisi müxalifət düşərgəsində mövcud olan vəziyyətə də aydınlıq gətirib.

-Ramil bəy, bir müddət əvvəl hakimiyyət nümayəndələri ilə müxalifət partiyaları arasında keçirilən görüşün davamı olacaqmı və bu kimi görüşlər hansı müsbət nəticələrə gətirib çıxaracaq?

-Xeyli müddət əvvəl mətbuata verdiyim açıqlamada bildirmişdim ki, həm müxalifətin, həm də iqtidarın yaxınlaşmasına ehtiyac olacaq və bu hər ikisinin marağı və ehtiyacı çərçivəsində yaranacaq. Belə dialoq təklifi çox olmuşdu, lakin alınmamışdı. Amma bu dəfə alındı. Çünki dünyada gedən proseslər bunu diktə edir. Bu dialoq əgər qarşılıqlı hörmət və anlaşma səklində davam etsə hesab edirəm ki, bunun müsbət nəticələri olacaq.  Yox, əgər bəzi qüvvələr buna mane olsa onda yəqin ki, bu da nəticəsiz bitəcək. Müxalifət iqtidar düşmənçiliyini aradan qaldırmaq lazımdı. Biz düşmənçilik mübarizəsinin tərəfdarı deyilik və bunun heç bir tərəf üçün müsbət nəsə vəd etdiyini düşünmürük. Biz yalnız vətəndaş olaraq dövlətimizin inkşafı üçün düşünülmüş addımlar atmalıyıq. Biz burada yaşayırıq və bizim gələcək nəsillərimiz, övladlarımız bu ölkədə yaşayacaq. Nə qədər dövlətimiz güclü olsa, millətimiz də bir o qədər güclü olacaq. VİP olaraq biz həmişə ilk öncə ölkəmizin müqəddəratı, suverenliyi, ərazi bütövlüyünü bütün maraqlardan öndə tuturuq. Bizim Qarabağ problemimiz var. Hesab edirəm ki, bu xalqımızın namus-qeyrət məsələsidi. Arzu edirəm və guman edirəm ki, 2015-ci ildə dövlətimizlə vətəndaşlarımız arasında münasibətlər o səviyyədə qurulacaq ki, bu da Qarabağ probleminin həllinə ciddi töhfələrini verəcək.

Yeri gəlmişkən VİP-in bu il üçün planları nədən ibarətdir?

-Bu il parlament seçkiləri ilidir. Ona görə də siyasi partiyalar, o cümlədən biz seçkilərə ciddi şəkildə hazırlaşmaq niyyətindəyik. Bildiyiniz kimi VİP rayon təşkilatları prinsipindən imtina edib. Partiyanı dairə təşkilatları prinsipi ilə idarə edirik. Mövcud olan dairə təşkilatlarımıza rəhbərlik edən şəxslər həm də bizim pariyanın deputat korpusunu təşkil edəcək. Seçki taktikalarımızla baglı planlarımız hazırlanır. Onun üzərundə müəyyən işlər görülüb və bu davam edəcək. Partiyanın Ali qurumlarının toplanması və həmin qurumlarda müəyyən qərarların qəbul olunması, ümumilikdə partiyamızın təşkilatlanması güclənməsi bu ilki hədəflərimizə daxildir.

-Parlament seçkiləri ərəfəsində VİP-in təşəbbüsü ilə yeni birliklər, əməkdaşlıq formaları yarana bilərmi?

-Partiyalar canlı bir qurumdu. Təbii ki, həmişə təkliflər, yeni ideyalar səsləndirilir və reallıqlara uygun olaraq bu təkliflər həyata keçirilir. Bizim də bu il bəzi qurumlara və partiyalara təkliflərimiz ola bilər. Yenə də bu siyasi şəraitdən asılı olacaq. Hər halda biz ümumilikdə siyasi sistemin uğur qazanması üçün bəzi təklifləri reallaşdıra bilərik. Əslində ölkədə iki qütblü sistemin yaranması seçkilərdə də uğurlu ola bilər. Bu həm müxalifətə, həm də iqtidara, sonucda dövlətin maraqlarına xidmət etmiş olar.  Çünki iki qütb olsa vətəndaş üçün bir aydınlıq yaranar, seçici iradəsini tam rahat şəkildə ifadə etmək imkanına malik olar. Digər tərəfdən cəmiyyətdə seçki mədəniyyətinin inkişafına ciddi təkan verər. Bəzən elə olur ki, namizədlərin sayı cəmiyətdə çaşqınlıq yaradır. Biz 9 milyonuq, 70 milyon deyilik ki, bu qədər namizədlər irəli sürülür. Namizədlər saf-çürük olunmalı, layiqli namizədlər dəstəklənməlidir. Xalq da bilməlidir ki,  hansı namizəd müxalifətin, hansı iqtidarındır. Bu müxalifət namizədləri arasında səslərin parçalanmasının qarşısını da alacaq. Bu baxımdan istərdik ki, birlik olsun. Amma indiyə kimi yaranan birliklərin intriqalar və savaşlar aparmasını nəzərə alanda isə partiya kimi müstəqil şəkildə seçkilərə qoşulmaq istəyirik.  Ona görə biz artıq namizədlərimizi müəyyənləşdiririk ki, seçki vaxtına qədər təkbaşına seçkidə iştiraka hazır olaq.  Hər halda siyasi şəraiti və müəyyən reallıqları nəzərə alıb qərar verəcəyik. Biz millətin aldanmasında, ümidsizliyə düçar olunmasında iştirak etmək niyyətindən uzaq duracağıq

-Seçkilərdə müxalifətin hansısa uğur əldə edəcəyini düşünürsünüzmü?

-Əgər özünü həddən artıq ağıllı sayıb, mən nə deyirəm o da düzdü diktəsi davam etsə, kolxoz davranışlarını özundə hələ də qoruyub saxlayan və ondan qurtulmaq üçün daxili gücləri çatmayan liderlər yenə  cığallıqlarını davam etdirsələr təbii ki, həm fəaliyyətsizlik, həm uğursuzluq olacaq. Bəziləri həyatda hələ özünü sosial varlıq kimi təsdiq etməyib. Amma baxırsan ki, ölkəni idarə etmək iddiasındadır. Ətrafına isə özünə bənzər şəxsləri yığıb. Onlarla nə nəticə olacaq?  Bir sözlə daxilində iftiraçı, xəyanətkar, rəzil virus daşıyanlar və o cür insanları ətrafına toplayanlar heç bir uğur qazana bilməzlər. Elə bilirlər ki, bir-iki bədiyyə yazmaqla hakimiyyətə gəlmək olar, yaxud quyruqlarını gizlədə bilərlər. Bu mümkün deyil. Ən yaxşısı həmin insanlar bu cameədən çəkilsələr daha yaxşı olar. Onlar bu addımları ilə millətə xeyir verə bilməzlər.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31